Menu
Xəbər Lenti
20 Fevral 2026 15:26Manşet / Gündəm / Mədəniyyət

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

 

Tapdıq Əlibəyli - 65

 

Əsrlər boyu sübut olunmuş həqiqətdir ki, hər bir insanın həyatı, onu əhatə edən müdrik, yüksək insani dəyərlərə malik və mükəmməl şəxslərin varlığı ilə daha da zənginləşir. Bu tendensiya isə təbii ki, bütövlükdə cəmiyyətin mənəvi saflığı və inkişafına müsbət istiqamətdə təsir edir. Bu mənada şair-publisist Tapdıq Əlibəyli də mənim fikrimcə, öz şəxsi məziyyətləri və ədəbi fəaliyyəti ilə onu tanıyan, mütaliə edən  hər kəsə bir mənəvi zənginlik bəxş edir.


O, həyatın müxtəlif sahələrinə, hadisələrə özünəməxsus bir baxış bucağından yanaşır. Həm sənətkar olaraq, həm də ictimai  xadim kimi dünyaya fərqli və dərindən baxan biri kimi tanınır. Onun şeirlərindəki təfərrüatlar həyatın mürəkkəbliyini və insanın daxili dünyasının incəliklərini önə çıxarır.
Şair  hər bir hadisəyə, insan münasibətlərinə və həyatın ən kiçik detallarına belə diqqətlə yanaşaraq, öz oxucularını  dərindən düşündürür və yeni fikirlərə yol açır. Əsərlərindəki fəlsəfi yanaşmalar müasir cəmiyyətin problemləri və insanın özünü kəşf etməsi kimi məsələləri ustalıqla araşdırır.
Tapdıq Əlibəylinin publisistikası insanın mənəvi dünyasını, sosial həyatı, cəmiyyətin dinamikasını və fərdi təcrübəni təhlil edərək geniş bir perspektiv təqdim edir. Bu xüsusiyyətlər onu yalnız bir ədib kimi  deyil, həm də həyatın bütün sahələrini hərtərəfli anlamağa çalışan bir ziyalı olaraq səciyyələndirir.  Onun əsərləri oxucuları həm dərindən düşünməyə, həm də həyatın müxtəlif məqamlarını daha dərin və məntiqli şəkildə qiymətləndirməyə sövq edir.
Onun mükəmməl bir şəxsiyyət olması vurğuladığım kimi  yaradıcılığında da öz dolğun əksini tapmışdır. Tapdıq müəllimin istər publisistika, istərsə də poeziyası elə bil ki, xalqın qəlbindən, istəyindən süzülüb gəlir. Sanki onun şeirlərini özümüz yazırıq. Hər misrasında qəlb şairi ilə baş-başa qalırıq. Duyğu qanadında söz şeh çəkir, heyrət ovqatında dil çiçəkləyir Tapdıq Əlibəylini oxuyanda...
Duyğu qanadında sözüm şeh çəkir,
Heyrət ovqatında dil çiçəkləyir.
Arıya nədirsə tər gül-çiçəklər,
Elə mənim üçün şeir də odur.
Tapdıq Əlibəyli yaradıcılığının  ovqatında böyük qırğız ədibi, Xalq yazıçısı Çingiz Aytmatovun bir fikrini xatırlatmaq istəyirəm: “Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kollektiv təcrübəmizlə hamağəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyaası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsas yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir”.
Böyük yazıçının illərin təcrübəsindən hasil olan bu qənaətini büsbütün Tapdıq Əlibəyliyə də şamil etmək olar. Ona görə ki, sadalanan cəhətlər onun yaradıcılığının, şəxsiyyətinin xarakterik cizgiləridir.
İnsana, insanlığa, Ulu Yaradana böyük sevgisi olan və bu amalın işığında yol gedən şair “Tanrının ruhu var əzəl ruhunda” adlı şeirində yazır:
Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı
Şeytan əməlində nəfsin davası.

Çıxarma yadından, ey uca insan.
Tanrının nuru var əzəl ruhunda.
Mələklər səcdəyə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında...
Tapdıq Əlibəyli vətənpərvər şairdir. Onda torpağa və xalqa məhəbbət hissi o qədər güclüdür ki, bu qayə, məslək bütövlükdə yaradıcılığına sirayət edib. O, bu qutsal hissləri millətin qan yaddaşına köçürür.
Qeyd edim ki, Tapdıq müəllimin müəllifi olduğu  “Payız çöhrəsində yazdı 44 gün” kitabı Zəfərimizin  ədəbi müjdəsi oldu. Tanınmış  yazıçı- publisist Səyadulla Kərimli məqaləsində bu barədə yazır:
“2020-ci ilin payızı Azərbaycan xalqı üçün əbədi olaraq zəfər mövsümünə çevrildi. Otuz ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi yalnız hərbi güc və diplomatiyanın təntənəsi deyil, həm də ədəbiyyatımıza silinməz izlər buraxdı.

Azərbaycan ədəbiyyatında müharibə mövzusu zəngin və uzun bir ənənəyə malikdir, lakin Tapdıq Əlibəyli bu sahəyə 44 günlük Vətən müharibəsinin ilk poetik salnaməsini gətirdi. O, “Payız çöhrəsində yazdı 44 Gün” adlı şeir kitabı ilə müasir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinə həsr olunmuş ilk şeir toplusunu yaratdı. Bu əsər həm də müharibənin şairə verdiyi böyük məsuliyyəti əks etdirən bir sənət əsəri oldu.

Kitab sadəcə bir şeir toplusu deyil, həm də Zəfər tariximizin poetik salnaməsidir. Tapdıq Əlibəyli müharibənin acılarını, qələbənin coşqusunu və xalqın həmrəyliyini sözün bədii qüdrəti ilə tərənnüm etmişdir.”
Mən deyərdim ki, şair ədəbi, poetik, publisistik sözü ilə yeni nəsilin mental dəyərlərdən uzaq düşməməsi üçün məqsədyönlü korreksiya işi görür. Xalqına qırılmaz tellərlə bağlı olan şairə “Xalq şairi” fəxri adı necə gözəl yaraşardı... Ümidvaram ki, bu ad Tapdıq Əlibəyli imzası ilə qoşa olacaq!
Tapdıq Əlibəyli  o qələm sahiblərindəndir ki, yaradıcılığı şəxsiyyətini təsdiq edir. Sözü özünü, özü sözünü tamamlayan söz adamıdır Tapdıq Əlibəyli. Tapdıq müəllim bizim qəlb dostumuzdur, ürək sırdaşımızdır. Qarşıdan gələn 65 illik yubileyin mübarək, əziz dost!
Əziz şairimizə ən xoş, ülvi arzularımı ünvanlayıram. Allah sənə bərəkətli ömür versin, qardaş! Qoy şair bizi bundan sonra da öz söz çələngi, yeni-yeni nailiyyətləri və uğurları ilə sevindirsin!..
✍️YAŞAR İBADOV,
tibbi biologiya üzrə elmlər doktoru, professor,
“Alternativ Psixologiya” elminin müəllifi,
Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və
tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri.


BİA.az