Menu
Xəbər Lenti
QƏHRƏMANLAR DANIŞIR...
12-06-2026, 15:38

QƏHRƏMANLAR DANIŞIR...

TƏBİB- də yeni təyinat
12-06-2026, 13:46

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 13:33

Paşinyan Putini təbrik etdi

Vəkillik  İnstitutunun  tarixi
12-06-2026, 12:10

Vəkillik İnstitutunun tarixi

Tapdıq Əlibəyli – 65
11-06-2026, 13:10

Tapdıq Əlibəyli – 65

15 İyun 2026 13:13Manşet / Gündəm / Siyasət

Taleh Məmmədov: “Ulu Öndər Heydər Əliyev-Milli qurtuluşun memarı”

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarixi gün təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olması ilə yadda qalmışdır. Məhz buna görə də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə həkk olunmuşdur.


1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, ölkədə xaos, anarxiya və idarəetmədə ciddi böhran yaranmışdı. Hakimiyyət uğrunda mübarizə, ayrı-ayrı silahlı qruplaşmaların fəaliyyəti, iqtisadi tənəzzül və sosial problemlər xalqın gələcəyə olan inamını zəiflədirdi. Azərbaycan müstəqilliyini yenicə qazanmış bir dövlət kimi böyük təhlükələrlə üzləşmişdi.


1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət Azərbaycanı vətəndaş qarşıdurması və dövlət çevrilişi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə xalqın yeganə ümid yeri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, böyük dövlət xadimi Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə sabitliyin bərpasına nail oldu.


1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu. Bu tarix Azərbaycan dövlətçiliyinin xilası, xalqın gələcəyə inamının bərpası və milli birliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sonrakı illərdə məhz Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və müstəqilliyimizin möhkəm təməlləri yaradıldı. 


Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə qanunun aliliyinin təmin olunmasına, dövlət institutlarının gücləndirilməsinə və milli həmrəyliyin bərpasına xüsusi diqqət yetirdi. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Xarici siyasətdə balanslaşdırılmış kurs müəyyən edildi, ölkənin milli maraqları qorundu və Azərbaycanın dünya birliyində mövqeyi gücləndirildi.


Milli Qurtuluşdan sonra Azərbaycanın iqtisadi inkişafı üçün də mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsi ölkəmizin iqtisadi yüksəlişinin əsasını qoydu. Xarici investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirdi. Bütün bu uğurların təməlində isə məhz Milli Qurtuluşun yaratdığı sabitlik və etibarlı dövlət idarəçiliyi dayanırdı.


Azərbaycan xalqı yaxşı bilir ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, ölkənin gələcək taleyi çox ağır ola bilərdi. Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması və vətəndaş müharibəsinin dərinləşməsi kimi təhlükələr reallığa çevrilə bilərdi. Məhz buna görə də 15 İyun tarixi xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur və dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri hesab edilir.


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkəmizi yeni zirvələrə yüksəldib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun artması Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunun uğurlu nəticələridir.


Milli Qurtuluş Günü həm də xalqla lider birliyinin təntənəsidir. Bu gün Azərbaycan vətəndaşları həmin tarixi hadisələri böyük minnətdarlıq hissi ilə xatırlayır, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirirlər. Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan dövlətinin inkişafının əsas ideoloji dayaqlarından biri olaraq qalır.


15 İyun – Milli Qurtuluş Günü müstəqil Azərbaycanın bugünkü qüdrətinin, sabitliyinin və tərəqqisinin başlanğıc nöqtəsidir. Bu gün xalqımızın milli həmrəyliyini, dövlətə bağlılığını və gələcəyə inamını ifadə edən mühüm tarixi bayramdır. Azərbaycan dövlətçiliyinin xilası kimi tarixə düşən bu gün hər bir vətəndaş üçün qürur mənbəyidir. Çünki Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının və güclü gələcəyinin təmin edilməsinin simvoludur.


 

Taleh Məmmədov

“Shirvan Operating Company Ltd” Şirkətində YAP-ın ərazi partiya təşkilatının sədri

Shirvan Operating Company Ltd Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Həmkarlar İttifaqı Komitəsinin sədri