Xəbər Lenti
Bugün, 15:09
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
Dünən, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
Azərbaycan elminin beynəlxalq elmi məkanda təmsil olunması baxımından əlamətdar hadisələrdən biri də görkəmli alim, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin Asiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsidir.
Diplomların və döş nişanlarının təqdimetmə mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib. Tədbirdə Asiya Elmlər Akademiyasının vitse-prezidentləri — professor Elşən Hacızadə və UNEC-in rektoru, professor Ədalət Muradov iştirak edərək akademiyanın yeni seçilmiş üzvlərinə müvafiq sənədləri və döş nişanlarını təqdim ediblər.
Mərasimdə Azərbaycanın bir sıra tanınmış alimlərinə akademiyanın həqiqi və müxbir üzvlüyü diplomları və vəsiqələri verilib. Onların sırasında AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin də yer alması ölkəmizin elmi ictimaiyyəti üçün sevindirici hadisədir.
Tubuxanım Qasımzadə biologiya, botanika, ekologiya və genetika sahələrindəki araşdırmaları ilə tanınan alimlərimizdəndir. Onun elmi fəaliyyəti Azərbaycanın flora və bitki örtüyünün öyrənilməsi, Şirvan bölgəsinin ekoloji-geobotaniki qiymətləndirilməsi, nadir bitki növlərinin qorunması və ətraf mühit problemlərinin tədqiqi istiqamətlərini əhatə edir. Alimin 200-dən artıq elmi əsərinin, o cümlədən 5 kitab və 1 ixtirasının nəşr olunması, beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı və müxtəlif elmi qurumlardakı səmərəli fəaliyyəti onun zəngin yaradıcılığının göstəricisidir. O, həmçinin uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq elmi biliklərin gənc nəslə ötürülməsinə mühüm töhfələr verib.
AMEA-nın Rəyasət Heyəti aparatında Elmin populyarlaşdırılması şöbəsinə rəhbərlik edən Tubuxanım Qasımzadə elmin cəmiyyətə çatdırılması, gənc tədqiqatçıların elmi proseslərə cəlb olunması, alimlər arasında əlaqələrin genişləndirilməsi və elmi nailiyyətlərin təbliği istiqamətində də fəal iş aparır.
Qeyd edək ki, alim bundan əvvəl Turan Elmlər Akademiyasının akademiki seçilib, həmçinin AMEA-nın "Əziz Səncər” döş nişanı ilə təltif olunub. Bu mükafatlar onun çoxşaxəli elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Tubuxanım Qasımzadənin Asiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsi onun elmi bioqrafiyasında yeni bir mərhələ, Azərbaycan biologiya elminin beynəlxalq əlaqələri baxımından isə mühüm nailiyyətdir. Alimi bu münasibətlə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılığında yeni uğurlar və Azərbaycan elminin inkişafı naminə daha böyük nailiyyətlər arzulayırıq!



























































