Xəbər Lenti
Dünən, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev nekroloq imzaladı
Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mətndə deyilir:
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Teymur Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur.
Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür.
O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq dairəsi olan alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görmüşdür.
Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.
O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərmişdir.
Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
Arif Həşimov
İsa Həbibbəyli
Nailə Vəlixanlı
Yaqub Mahmudov".























































