Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Musa İsmayıl oğlu Rüstəmovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqun mətnində deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.
Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.
Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.
O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır. Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.
Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.
Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
İsa Həbibbəyli
Tofiq Nağıyev
Vaqif Abbasov
Dilqəm Tağıyev
Vaqif Fərzəliyev.























































