Menu
Xəbər Lenti
Jestləri ilə gündəm oldu
18-11-2026, 12:04

Jestləri ilə gündəm oldu

8 aylıq hamilə qadın öldü
17-11-2026, 12:09

8 aylıq hamilə qadın öldü

20 Noyabr 2026 13:56Manşet / Gündəm / Siyasət

"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI

 

"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş və Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilən bu hadisə sonrakı dövrdə ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrdəki inkişafını şərtləndirən mühüm siyasi hadisəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri 1992-ci il noyabrın 21-dən başlayan prosesin sonrakı illərdə, artıq üzərindən 34 il keçdiyi bir dövrdə Azərbaycanın qazandığı möhtəşəm zəfərlərlə öz təsdiqini tapmışdır. Bu gün də Yeni Azərbaycan Partiyası kifayət qədər güclü və lider partiya kimi mövcudluğunu davam etdirir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Onun sözlərinə görə, partiyanın yaranma tarixinə diqqət yetirsək, həmin dövr üçün çox qətiyyətli və cəsarətli bir addımın atıldığını görə bilərik. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər:

"“91-lərin müraciəti” kimi tarixə düşən bu mühüm hadisə Azərbaycanın ən yeni tarixinin parlaq səhifələrindən biri kimi dəyərləndirilə bilər. Həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərini ifadə edirdi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur 91-lərin bu cəsarətli addımı nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Həmin dövr ümumiyyətlə Azərbaycan üçün çox ağır bir mərhələ kimi xarakterizə edilə bilər. 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində ölkədə çox ciddi siyasi böhran yaşanırdı. Bir tərəfdən Azərbaycan torpaqlarının işğal altına düşməsi, digər tərəfdən iqtisadi tənəzzül və böhran, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunun aşağı düşməsinə səbəb olan uğursuz xarici siyasət kursu vəziyyəti daha da ağırlaşdırırdı. Hətta elə həmin 1992-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən məlum 907-ci düzəlişin qəbul edilməsi də xarici siyasətdəki uğursuzluqların məntiqi nəticəsi idi.

Torpaqları işğal altında olan, soyqırımına məruz qalan, təbiəti talan edilən tərəf Azərbaycan idi. Lakin Azərbaycan bu prosesin qurbanı olmaqla yanaşı, onu haqsız tərəf kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışan Ermənistanın qarşısında nəticə etibarilə çətin vəziyyətə düşmüşdü. Buna səbəb hakimiyyətdə təmsil olunan AXC-Müsavat cütlüyünün xarici müstəvidə həyata keçirdiyi yarıtmaz siyasət idi. Bütün bunlar çox ağır bir dövrə təsadüf edirdi və belə bir şəraitdə yeni siyasi qüvvənin yaradılmasına ciddi ehtiyac yaranmışdı. “91-lərin müraciəti” məhz bu siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının formalaşmasına zəmin yaratdı.

Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində belə bir müraciətin irəli sürülməsi Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu göstərən mühüm hadisə oldu. Sonrakı mərhələdə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynadı. Buna qədər isə ölkədə yaranmış siyasi, iqtisadi və humanitar böhrandan çıxış yolu belə bir siyasi partiyanın yaradılması idi. Həmin partiyanın başında məhz Ulu Öndər Heydər Əliyevin dayanması, dahi siyasətçinin bu siyasi qüvvəni təmsil etməsi müxtəlif sahələrdə yaranmış böhran vəziyyətindən çıxış yolunun tapılmasına kömək edə bilərdi. “91-lərin müraciəti” də məhz bu zərurətdən irəli gəlmişdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yaradılması elan olundu. Partiyanın sonrakı mərhələlərdə qəbul etdiyi tarixi qərarlar belə bir siyasi təşkilatın yaradılması ilə bağlı təsis konfransında verilən qərarın nə dərəcədə əhəmiyyətli olduğunu göstərən vacib amilə çevrildi.

Yeni Azərbaycan Partiyası, xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən başlayaraq qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirərək, özünün də ifadə etdiyi kimi, dünənin, bu günün və sabahın partiyası səviyyəsinə yüksəltdi. Sonrakı illərdə – 1994, 1995 və 1996-cı illərdə – bir sıra pərakəndə şəkildə fəaliyyət göstərən siyasi partiyalar bəyanatlar qəbul edərək Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldular. Hətta çoxsaylı ictimai təsisatlar da həmin dövrdə Yeni Azərbaycan Partiyasına daxil olmaqla bu siyasi təşkilata etimadın yüksək olduğunu nümayiş etdirdilər. Bu da partiyanın ümumxalq partiyasına çevrildiyini göstərən mühüm cəhətlərdən biridir.

Partiya yarandığı gündən bu günə qədər böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu siyasəti bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkənin siyasi həyatında mühüm hadisənin əsası qoyuldu. Məhz bu tarixi qərarın nə dərəcədə doğru və gələcəyə hesablanmış olduğu sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlarla bir daha təsdiq olundu. İstər dövlət idarəçiliyində, istər dövlət quruculuğunda, istərsə də digər sahələrdə həyata keçirilən böyük islahatlar partiyanın nüvəsini təşkil edən peşəkar kadrların fəaliyyəti və qəbul edilən qərarlar sayəsində reallaşdırıldı. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonrakı dövrdə isə Prezident İlham Əliyevin partiyaya rəhbərliyi altında qəbul edilən qərarlar nəticəsində Azərbaycan bu gün kifayət qədər güclü, qüdrətli və orta gücə malik dövlət kimi özünü təsdiq etməyə nail olmuşdur.

Yeni Azərbaycan Partiyası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyaya çevrilmişdir. Burada azərbaycançılıq ideologiyası da mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının əsas siyasi ideologiyasının ana xəttini təşkil edən bu ideologiyanın əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Vaxtında yaradılmış Yeni Azərbaycan Partiyasının sonrakı dövrlərdə qazandığı uğurlar Azərbaycan xalqının göstərdiyi etimadın ən yüksək səviyyədə doğruldulduğunu nümayiş etdirmişdir.

Mövzu kifayət qədər genişdir. Yeni Azərbaycan Partiyası bu gün güclü siyasi təşkilat olmaqla yanaşı, təkcə Azərbaycanın deyil, eyni zamanda, Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyasına çevrilmişdir. Bu gün də bir çox qərarların icrasında Yeni Azərbaycan Partiyasının əsasını Ulu Öndər tərəfindən qoyulmuş və irəli sürülmüş prinsiplərə uyğun addımlar atılır. Bu da ölkəmizin inkişafında mühüm rol oynayır. Dövlətimiz böyük bir coğrafiyaya nüfuz etmək imkanlarını uğurla dəyərləndirərək bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu gün Avrasiya qitəsini bir-biri ilə birləşdirən mühüm bağlantıların məhz Azərbaycandan keçməsi, həmin prosesdə Yeni Azərbaycan Partiyasının fəal iştirakı, partiyanı təmsil edən peşəkar kadrların və mütəxəssislərin qərarların qəbul edilməsində mühüm rol oynaması onun hansı gücə malik olduğunu göstərən vacib məqamlardır".

Müəllif: Günel Fərzəliyeva