"Zəfəryolu.az" informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının Milli Mətbuatın 150 illiyi münasibətilə təbriki
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Əziz media nümayəndələri, 150 illik yubileyiniz mübarək!"
“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” - Kamaləddin Qafarov
Şəmkirdə baş verən silahlı insidentlə bağlı məhkəmə istintaqı cəmiyyətdə ciddi narazılıq doğurub — VİDEO
“Qəbiristanlığın Ortasında İdman Meydançası? – Mehdiabad Sakinlərinin Haqlı Narazılığı”
Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
TAPDIQ ƏLİBƏYLİNİN ŞEİRİYYƏT ŞÖLƏSİ
Bakü – 21.07.25. Raqif NAZİMOĞLU - şair, alim /Türkel Media/: Düşüncələrimə müqəddimə olaraq vurğulayım ki, Tapdıq Əlibəyli 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Payız çöhrəsində yazdı 44 Gün" kitabı ilə ilkə imza atmış
şair-publisistdir.
Vətənə, ulusa qızğın şair sevgisiylə, yağı tapdağında inləyən əsir torpaqlarımızın yanğısıyla illər öncə qələmə aldığı “Torpağın səsi” kitabındakı “Zəfər ovudacaq torpağın ahın” düşüncə-ümidinə, özünün dediyi kimi bu kitab gözaydınlığı oldu.
Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.
Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı!
Sərkərdə gur çatıb Zəfər ocağı...
Qələbə tarixi yazdı 44 Gün!
Tapdıq Əlibəyli ilk şeirləri ilə diqqətimi çəkən, ruhunda Xəlil Rza Ulutürk harayı olan şairdir. Onun bəşəri mətləbləri milli ruhda yazması, həm də yazdıqlarını ədəbi dolğunluqla ifadə etməsi oxucuda dərin rəğbət yaradır. Yaxşı yaddaşı var, şeirlərini əzbərdən deyir. Şeir deyərkən həyəcan ondan yan ötür və s. Mən bunu dəfələrlə müşahidə etmişəm.
Bəlkə də, dağ havası udduğundan, dağ çeşmələrindən icdiyindəndir ki, Tapdıq Əlibəylinin şeirlərində bir dağ qüruru, bir dağ saflığı var. Onun istənilən şeirində bu ovqatı aydın görmək mümkündür.
İlk şeirilərindən bu günə qədər nə yazıbsa dəyişməz mövqe tutan Tapdıq Əlibəyli cağdaş poeziyanın ədəbi atmosferində duruş gətirməyi bacarır. Bu, o anlama gəlir ki, T.Əlibəyli postmodernçilikdən, məzmunsuz, baş-ayaq populizmdən uzaqdır, sadə, anlaşılan, dolğun xalq dilində fikirlər əxz edir, oxucuda şeirə hörmət-rəğbəti artırır.
Fikrimə bariz nümunə olaraq onun poetik örnəklərindən misal gətirə bilərəm:
İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.
*
Ləl sözləri sıra-sıra
Öpüb qoyum gözüm üstə.
Qoxuyuram misra-misra
Gül sözləri, dəstə-dəstə.
*
Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.
*
Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşəktək çaxır.
*
Dünya bəmdən zilə qəm nəğməsiymiş,
Oxuyan da bizik, dinləyən də biz.
Dünyanın havası bir ney səsiymiş,
Oynayan da bizik, inləyən də biz.
Bu poetik nümunələrdə Tapdıq Əlibəyli dili saxta pafosdan uzaqdır, büllurdur. Müəllif hadisə və prosesləri təsirli bədii biçimdə, doğru-dürüst anlamda ifadə edib, oxucuda həyata mehr-məhəbbət artırıb.
Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, bu nümunələrdə bir sıra eyham ştrixləri, ricətləri də var – yəni şair hətta ən "təmkinli" şeirində belə sətiraltı mənalar qabardır, oxucunun diqqətini başqa mətləblərə də yönəldir. Məsələn, “Şairlər bir ömür eşq sərxoşları, İlham pərisinin hüsnündən xumar”, yaxud “Çörəyi Sözdən çıxanın Tüstüsü təpədən çıxır” ifadələrində eyham ünsürü ötəri hal kimi deyil, real, anlaşılan şərt kimi diqqət çəkir. Müəllif sətiraltı oxucunun diqqətini bilməsi vacib olan nüanslara da çəkir...
Bax, bu kimi şeirlər də istər-istəməz həyata inamı artırır, insanı daha nikbin olmağa sövq edir. Nikbinlik şairin bütövlükdə yaradıcılığında ana xətt kimi keçir və ədəbi formula olaraq səciyyələnir.
Tapdıq Əlibəylinin şeirlərində nəsihətamiz, ibrətli məqamlar da az deyil:
Bağrına basaraq söyləyir tez-tez:
-Ay mənim dəcəlim, a şeytan balam!
Gör, şeytan nə qədər tutulur əziz…
…Sonra da deyilir: şeytandı bəlam.
*
Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.
*
Sözə yamaq olan cızma-qaranla
Bükmə ətəyinə abrını sözün!
Yer-dəyiş salırsan dağı aranla,
Dəyərin bilmirsən bir çürük qozun?
Bu nümunələrdə ibrətli fikirlə eyhamçı ənənə eyni nöqtədə birləşir. Göründüyü kimi, Tapdığın istənilən şeirində bədii təsvir vasitəsi olaraq eyham başlıca şərtdir. Ya o, bunu özü bilərəkdən –düşünülmulüş belə edir ki, oxucu daim düşünmək zorunda qalsın, ya da bu ədəbi proses ona Allahdan elə bu şəkildə gəlir.
Bütün hallarda Tapdığın şeirlərindəki güclü eyham güclü ədəbi zəmin də yaradır, oxucuda iradi-əhvalı yüksəldir.
Tapdıq Əlibəylinin hansı şeirinə diqqət yetirdimsə, orada yuxarıda dediyim məqamları gördüm:
*
Dilimin altına dil qoya-qoya,
Sonra götürdülər hoydu-hoyduya.
Adım “Gülməmmədmiş” sən demə guya,
Özüm də bilmirəm bu nə qalma-qal?..
*
Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir,
Misralanan ulu söz.
*
Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci əzirəm.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.
Belə deyim, mən də "sözü özünün odunda qovuran" istedadlı şairimizin şeirlərindəki fikirlərdən bu yazı üçün incilər axtardım, tapdım və milli poetik ornament kimi yazının divarlarına hördüm. Gördüm ki, Tapdıq söz dəryasında bir qəvvasdır, qiyməti özündə inci gəzir… Mən də bax, bu mənada onun söz dəryasındakı inciləri oxucuya bir çələng kimi təqdim edirəm və inanıram ki, Tapdıq Əlibəylinin seiriyyət şoləsi zaman-zaman gur olacaq.