Menu
Xəbər Lenti
QƏHRƏMANLAR DANIŞIR...
12-06-2026, 15:38

QƏHRƏMANLAR DANIŞIR...

TƏBİB- də yeni təyinat
12-06-2026, 13:46

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 13:33

Paşinyan Putini təbrik etdi

Vəkillik  İnstitutunun  tarixi
12-06-2026, 12:10

Vəkillik İnstitutunun tarixi

Tapdıq Əlibəyli – 65
11-06-2026, 13:10

Tapdıq Əlibəyli – 65

14 İyun 2026 13:59Manşet / Gündəm / Sosial

XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...

 

2022-ci ildə baş vermiş 4 günlük “Sarsıdıcı Zərbə” əməliyyatından əvvəlki və sonrakı dövr haqqında qısa və real döyüşlərdən yaddaşda həkk olunan məlumat.


Artıq Azərbaycan Ordusunun XTQ-lərin sıralarında uzun illər idi xidmət edirdim, peşəkar döyüş görmüş əsgərə çevrilmişdik. 2012-ci ildən etibarən həyatımızın böyük hissəsi döyüş tapşırıqları, hərbi təlimlər və müharibələrdə keçmişdi. 2012–2016-cı illər ərzində düşmən arxasında 7-8 dəfə xüsusi döyüş tapşırığı yerinə yetirmişdim.


2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin 44 günlük Vətən müharibəsini tam şəkildə yaşamış, 2021-ci ildə isə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin bərpası işlərində 60 gün fasiləsiz iştirak etmişdim.


Uzun illər ərzində qazandığımız təcrübə göstərirdi ki, müharibədən əvvəl keçirilən hazırlıq və təlimlər bəzən müharibənin özündən də ağır olur. Bu illər ərzində topladığımız təcrübə bizi peşəkar, dözümlü və hər an döyüşə hazır olan hərbçilərə çevirmişdi. Hər birimiz istənilən vaxt döyüş əmrini gözləyir və ön sırada vuruşmağa hazır vəziyyətdə xidmət edirdik.


2021-ci ildə Kəlbəcər sərhədlərinin bərpası işləri başa çatdıqdan sonra xidmət etdiyim XTQ-lərin daxilində tank əleyhinə batareya yaradıldı. Yeni formalaşdırılan bölmənin şəxsi heyətinin böyük əksəriyyətini gənc hərbi qulluqçular təşkil edirdi. Döyüş təcrübəsinə malik hərbçilər isə az idi.


Bu səbəbdən bölmənin qısa müddətdə döyüş hazırlığının yüksəldilməsi üçün ciddi və sistemli təlim proqramına ehtiyac var idi. Rəhbərlik mənim əvvəlki döyüş təcrübəmi, xidmət fəaliyyətimi və hazırlıq səviyyəmi nəzərə alaraq məni həmin yeni yaradılmış (TƏB) bölməyə təyin etdilər. Qarşıya qoyulan əsas məqsəd qısa müddətdə bölmənin döyüş qabiliyyətini artırmaq, şəxsi heyəti döyüş tapşırıqlarına tam hazır vəziyyətə gətirmək idi.


Mən də 18 illik xidmət və döyüş təcrübəmə əsaslanaraq bütün bilik və bacarığımı bu işə sərf etdim. Şəxsi heyətin həm fiziki hazırlığını, həm praktiki vərdişlərini, həm də nəzəri biliklərini artırmaq üçün intensiv məşğələlər təşkil etdim. Bir il ərzində bölməni döyüşə hazır və yüksək hazırlıqlı bir bölmə səviyyəsinə çatdırmağa nail olduq. Bu işdə uzun illər birlikdə xidmət etdiyim təcrübəli hərbçi yoldaşlarım da mənə böyük dəstək göstərdilər.


Bundan əlavə, müxtəlif hərbi hissələrə ezam olunduğumuz zaman digər bölmələrin şəxsi heyəti üçün də praktiki və nəzəri dərslər keçirdim. Tank əleyhinə batareyanın əsas silahı olan "Faqot" komplekslərindən istifadə qaydalarını, düşmən texnikasının həm hərəkətdə, həm də dayanmış vəziyyətdə məhv edilməsini öyrədirdim. Eyni zamanda əlbəyaxa döyüş, topoqrafiya hazırlığı, tibbi hazırlıq, dağ maneələrinin aşılması, istehkam hazırlığı, kəşfiyyat hazırlığı, amfibiya hazırlığı, dağ çaylarının keçilməsi və müxtəlif ağır silahlardan istifadə üzrə praktiki və nəzəri məşğələlər, atış hazırlığı aparırdım.


Çünki bütün bu hazırlıqları 18 illik xidmətim ərzində öyrənmiş və tətbiq etmiş təcrübəli döyüşçü idim.


Nəhayət, gözlədiyimiz an yetişdi. Məlumat daxil oldu ki, düşmən yenidən öz təxribatçı, çirkin əməllərinə əl ataraq Kəlbəcər istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır. Dərhal həmin bölgəyə hərəkət edərək mövqeləndik və düşərgə qurduq.


Bir müddət sonra bölmə komandirimiz Anar Daşdəmirov şəxsi heyəti toplayaraq bildirdi ki, el arasında hər kəsin tanıdığı əfsanəvi tabor artıq ön xəttə doğru irəliləyir və təxribatın qarşısını almaq üçün fəaliyyətə başlayır. Bizim bölmədən də tank əleyhinə qurğular və raketlərlə təchiz olunmuş bir heyət həmin taborun tərkibinə göndərilməlidir.


Yeni yaradılmış bölmənin şəxsi heyətinin əksəriyyətinin gənc olduğunu nəzərə alıb düşündüm ki, bir il əvvəl, 2021-ci ildə həmin əfsanəvi taborla birlikdə Kəlbəcərdə sərhədlərin bərpası əməliyyatlarında təxminən 60 gün iştirak etmişdim. Bilirdim ki, o bölmə döyüşün ən qızğın yerində döyüşəcək. Heç tərəddüd etmədən irəli çıxaraq bildirdim ki, öz heyətimlə birlikdə döyüş tapşırığını yerinə yetirməyə hazıram.


Bu addımımı görən bölməmizin komandiri Anar Daşdəmirov mənə yaxınlaşaraq: “Əhsən sənə, Xankişiyev!” dedi və alnımdan öpdü.


Dərhal döyüş heyətimi, silah-sursatımızı və raketlərimizi götürərək əfsanəvi taborun tərkibinə qoşuldum. Düzünü desəm, əfsanəvi tabor komandiri mayor Rasim Allahyarov məni görən kimi səmimi şəkildə qarşıladı və: “Xankişiyev, xoş gəlmisən, qardaş!” dedi.


Onlarla birlikdə düşmənin təxribat törətməyə çalışdığı istiqamətə, Kəlbəcər rayonunun Göyçə gölünə yaxın olan ərazisinə hərəkət etdik. Mövqelərimizi tutduqdan və ərazini ümumi qiymətləndirdikdən sonra məlum oldu ki, düşmən əvvəlcədən planlaşdırdığı təxribat vasitəsilə Kəlbəcər istiqamətində daha genişmiqyaslı hücum əməliyyatına başlamağa hazırlaşırmış.


Artilleriya mərmilərinin atışı ilk olaraq düşmən tərəfindən başladı. Dəqiqədə 20-30 mərmi yan-yörəmizə düşürdü. Artilleriya mərmilərindən qorunmaq üçün səngərlərə sığınıb gizlənirdik. Düşmən mövqeyi bizdən 50 metr məsafədə yerləşirdi. İki saat artilleriya atəşindən sonra döyüş qruplarımız düşmən mövqeyini ələ keçirmək üçün hərəkətə başladı. Düşmən əsgərləri buna imkan verməyərək üzərimizə atıcı silahlardan atəş açırdılar.


Bu zaman dərhal AQS-30 qumbaraatanını işə salıb 30 ədəd qumbaranı düşmən mövqeyinə endirdim. Düşmən mövqeyində olan atış gücü zəiflədi, döyüş qrupumuz düşmən postunu ələ keçirdi, bir çoxlarını zərərsizləşdirdi, bəziləri isə baş götürüb qaçdı. Artıq postlar əlimizə keçmişdi. Döyüş qruplarımız daha da irəliyə doğru irəliləyirdi. Atışmalar dayanmaq bilmirdi, artilleriya mərmilərinin ardı-arası kəsilmirdi.


Səhərisi gün düşmənin bizdən 1000 metr məsafədə yerləşən postundan şübhələnərək 4 saat fasiləsiz uzaqgörmə cihazı ilə onu müşahidə altında saxladım. Həmin mövqedə hərəkətlilik aşkar edib iriçaplı silahlarla posta atəş açmağa başladım.


5 dəqiqə ara verdikdən sonra 8 düşmən əsgəri əllərinə ağ mələfə qaldıraraq təslim olmaq üçün bir cərgədə düzüldülər. Lakin onların bizi aldadıb qaçmaq istədiklərini hiss edirdim. Əsir götürmə qrupu onlara yaxınlaşan kimi qaçmağa başladılar. Qaçdıqca mən də iriçaplı silahlardan atəş açırdım. Beləliklə, hamısı zərərsizləşdirildi.


Az keçmədi ki, 1500 metr məsafədə olan başqa bir ərazi diqqətimi çəkdi və məndə şübhə yaratdı. Ərazini diqqətlə analiz edib gördüm ki, 3 ədəd Ural markalı avtomobil və 1 ədəd radio-elektron mübarizə ("Jitel") texnikası (dövlət dəyəri 10 milyon dollar) maskalanmış vəziyyətdə gizlədilib. Onların yan-yörəsində də düşmən əsgərlərinin hərəkətliliyi aşkar etdim.


Dərhal bölmə komandirinə məruzə etdim. Bölmə komandiri də vəziyyəti analiz edib məni təsdiqlədi və: “Xankişiyev, məhv et!” əmri verdi.


İgid və cəsur əsgərim Mehman Əliyev dərhal raketi "Faqot" qurğusuna yükləyərək: “Komandir, hazırdır!” dedi. Dəqiq nişan alıb atəş etdim. Birinci atışımla "Jitel" radio-elektron mübarizə və kəşfiyyat texnikasını məhv etdim.


Digər texnikalara isə postumda olan ağır silahlardan yandırıcı mərmilərlə atəş açaraq bütün ərazini alova bürüdüm.


Texnikalarda olan silah-sursat partlayaraq ətrafa yayılırdı. Təxminən 15 saat həmin ərazidə raket başlıqları partlayaraq ətrafa səpələnirdi. Sanki göydən düşmənin  başına alov tökülürdü.


Düşmən mövqelərindən əsgərlər üç-üç, dörd-dörd qaçaraq canlarını qurtarmağa çalışırdılar. Düşmən əsgərləri qaçdıqca mən də onlara AQS-30 qumbaraatanından atəş açırdım. Beləliklə, düşmənin həmin ərazidə çox sayda canlı qüvvəsini, texnikalarını, 100 hektara yaxın sahələrini və döyüş mövqelərini tamamilə yandırıb zərərsizləşdirə bildim. Bu döyüşdə də bizi həmişə qoruyan İlahinin köməyi, Allahın köməyi olub. İsti külək biz tərəfdən onların tərəfinə əsirdi, bu da düşmən tərəfinin güclü alışıb yanmasına səbəb olurdu.


Üç gecə, dörd gündüz atışmalar davam etdi. Döyüşün son dəqiqələrində yaxın ətrafıma, təxminən 8-10-15 metr məsafəmizə 4 ədəd 120 mm-lik artilleriya mərmisi düşdü. Əsgərlərimi əvvəlcədən blindajda, təhlükəsiz yerdə yerləşdirmişdim. Amma yaxın məsafəmdə olan əsgərim Əliyev Mehman, daha da yaxınımda olan əziz döyüşçü dostum Quliyev Famil güclü zədə aldıq.


Yanıma düşən artilleriya mərmisinin partlayışı məni və döyüşcü yoldaşım Quliyev Familı havaya qaldırıb yerə çırpdı.


Familin üz nahiyəsindən xəsarət aldı, mənim isə belimdə 6 mm yırtıq yaranmışdı. Allah bizi yenidən həyata qaytardı.


Belə müharibələrdə həmişə döş cibimdə kiçik ölçülü Qurani-Kərim gəzdirirdim. Üç gecə, dörd gündüz davam edən döyüşdən sonra atəşkəs elan edildi. Onda ayıldım ki, bu dörd gün ərzində bir tikə qida belə yeməmiş, istirahət etməmiş, yuxuya getməmişik. İlahi tərəfindən bizə verilən güclə ayaq üstə dayanmışdıq.


Bu döyüşdə məhv etdiyim 1 ədəd radio-elektron mübarizə texnikası, 3 ədəd Ural markalı avtomobil və düşmənin çoxsaylı canlı qüvvəsini vurduğum ziyan  Müdafiə Nazirliyi tərəfindən təsdiqlənərək xəbərlərdə elan edilib və təsdiqləndi.


Düzdür, bizim yeni yaradılmış TƏB-də bu müharibə zamanı şəhidimiz olmadı. Lakin digər bölmələrdə mənim ən əziz qardaşlarım, “can” deyib “can” eşitdiyim silahdaşlarım – Elnur, Ziyarət, Nəzər, Firuz, Yunis, Yusif, Xəyal, Vadim və Elnur Səmədov şəhidlik zirvəsinə ucalaraq Haqq dünyasına qovuşdular. Onların itkisi bizim üçün çox ağır oldu və xatirələri hər zaman qəlbimizdə yaşayacaq.


Bu "Sarsıdıcı Zərbə" müharibəsi mənim üçün böyük təcrübə oldu. Məhz bu təcrübələrin nəticəsindən 2023-cü il antiterror əməliyyatlarında da aktiv döyüşçü kimi iştirak etdim.


Ardı var...

PS. Yaşa qəhrəman, yaşa və var ol… Vətən Azərbaycan azadlığını sizin kimi oğullarına borcludur...