Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir
2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:
- Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.
- Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.
- Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Prezidentin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Bununla yanaşı, ölkə xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir. Hazırda ölkənin valyuta ehtiyatları xarici borclarından dəfələrlə çoxdur.
- Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal enerji böhranlarından və hazırda davam edən pandemiyadan çox böyük məharətlə qorunmuşdur. Məhz İlham Əliyevin antiböhran idarəçilik məharəti sayəsində qeyd olunan qlobal böhranların Azərbaycana təsiri minimum olmuş və ölkəmiz dayanıqlı iqtisadi inkişaf potensialını qoruyub saxlaya bilmişdir. Burada pandemiya ilə bağlı qlobal baxışın formalaşdırılması və qlobal həmrəyliyin təmin edilməsi məqsədilə cənab İlham Əliyevin təşəbbüslərini xüsusilə qeyd etmək lazımdır. Belə ki, İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük iki beynəlxalq müzakirə platformasının - Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının iclası keçirilmişdir.
- Azərbaycan ilk dəfə olaraq ixrac yönümlü sənayeləşməyə fokslanmış və özünün ixrac infrastrukturunu formalaşdırmışdır. Xarici ölkələrdə ticarət evləri və ticarət nümayəndəliklərinin açılması, ixracı təşviq mexanizmlərinin tətbiqi, ixracın kreditləşdirilməsi, “Made in Azerbaijan” markasının formalaşdırılması kimi tədbirlər məhz bu dövrdə xüsusi vüsət almış və Azərbaycan bir sıra sahələr üzrə idxaldan asılı ölkə statusundan ixrac edən ölkə statusuna keçmişdir.
- Ölkənin tarazlı iqtisadi inkişafına xüsusi önəm verilmiş və regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirmişdir. Artıq dördüncüsü həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində Azərbaycan regionlarına böyük həcmdə investisiyalar yatırılmış və əgər belə demək mümkündürsə, regionların “iqtisadi siması” tamamilə dəyişmişdir. Hazırda Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır.
- Azərbaycanda aqrar sektora dövlət qayğıkeşliyi öz intensivliyi ilə seçilmiş və Azərbaycan bir sıra aqrar məhsullar üzrə ixracatçı ölkəyə çevrilmişdir. Aqrar sektorun vergilərdən azad edilməsi, tətbiq olunan subsidiyalar, bu sektorun modern texnika və texnologiyalarla təchizi sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Prezidentin aqrar istehsala “bir qarış torpaq da boş qalmamalıdır” prinsipi ilə yanaşması ölkənin ənənəvi istehsal sahələri olan fındıqçılıq, tütünçülük, baramaçılıq, ipəkçilik, pambıqçılıq, taxılçılığın yenidən canlanmasına səbəb olmaqla yanaşı, yeni istehsal sahələrinin də meydana çıxmasına imkan yaratmışdır.
- Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq iqtisadiyyatın idman sektoru formalaşmışdır. Məhz birbaşa İlham Əliyevin rəhbərliyi və zəhməti hesabına qurulmuş bu sektor Azərbaycanın formalaşmış iqtisadi və siyasi qüdrətini dünyaya nümayiş etdirmə, qlobal idman bazarından pay alma, idmanla əlaqəli iqtisadi sektorlar üçün yeni imkanlar yaratma baxımından böyük əhəmiyyət daşıyır.
- Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq turizm sektoru formalaşmış və bu sahə iqtisadi inkişafa töhfə verməyə başlamışdır. Bu gün Bakı və ölkənin digər regionları başlıca qlobal və regional turizm marşrutları sırasına qoşulmuşdur.
- Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq yeni strateji sahə - müdafiə sənayesi formalaşmışdır. Hazırda Azərbaycanda 1000-dən çox adda müdafiə sənayesi məhsulu istehsal edilir və bunların önəmli hissəsi ixrac olunur. Hesab edirik ki, indiki şəraitdə Azərbaycan üçün bu sahənin təkcə iqtisadi əhəmiyyətinin olmadığını vurğulamağa ehtiyac yoxdur.
- Azərbaycan iqtisadiyyatının innovasiya potensialı köklü şəkildə artmış və iqtisadiyyatın İKT sektoru formalaşmışdır. Bu gün Azərbaycan iqtisadiyyatda ən müasir texnologiyaları tətbiq edir, kosmik və alternativ enerji texnologiyalarının sürətlə inkişaf etdiyi ölkələr sırasındadır.
- “Əsrin müqaviləsi” daha əlverişli şərtlərlə “Yeni əsrin müqaviləsi”nə çevrilməklə “qara qızıl”ın Azərbaycanın dayanıqlı iqtisadi inkişafına töhfə vermə imkanı ən azı 2050-ci ilə qədər təmin edilmişdir. Fikrimizcə, “Yeni əsrin müqaviləsi” ölkənin Prezident İlham Əliyev tərəfindən müəyyən edilən gələcək iqtisadi inkişaf hədəflərinə daha sürətlə çatmasına imkan verəcək.
- İqtisadi siyasətin mərkəzində hər zaman Azərbaycan insanı dayanmış və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilmişdir. Bu dövrdə pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir.
- Həyata keçirilən böyük enerji və nəqliyyat layihələri ilə nəinki Azərbaycanın tranzit imkanları köklü şəkildə artırılmış, eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verilmişdir. Həyata keçirilən neft və qaz layihələri, TANAP, TAP, BTQ kimi transmilli layihələr, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən digər mühüm layihələr məhz bu dövrdə reallaşmışdır.
- Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Ermənistanı böyük fərqlə geridə qoymuş, bu ölkənin Cənubi Qafqazda tamamilə marjinallaşmasına nail olmuş və Qarabağda öz siyasi və iqtisadi suverenliyini bərpa etmişdir. Məhz İlham Əliyevin prinsipial mövqeyi Ermənistanın bütün regional iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünyanın 58-ci iqtisadiyyatıdırsa, Ermənistan 69-cu iqtisadiyyatıdır. II Qarabağ savaşı və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini və texnoloji üstünlüyünü ortaya qoymuş və Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Göründüyü kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır.
Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsəd Prezident İlham Əliyevin fikirlərində mükəmməl şəkildə öz əksini tapmışdır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etməyə başlamış, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bu yeni kənd təsərrüfatı torpaqları, yeni faydalı qazıntı yataqları, yeni turizm marşrutları, yeni nəqliyyat şəbəkələri, yeni alternativ enerji mənbələri, yeni su resursları və s. deməkdir. Bütün bunlar Azərbaycanın iqtisadi artım potensialını artıran amillərdir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açır. Bu bölgələrin iqtisadi cəhətdən mənimsənilməsi qarşıdakı illərdə turizm, kənd təsərrüfatı, nəqliyyat, alternativ enerji, dağ-mədən sənayesi və digər qeyri-neft sektorlarının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın dünyadakı “münaqişəli” bölgə imicinin tədricən aradan qalxması regionun iqtisadi cəlbediciliyini ciddi şəkildə artırır. Qarabağ Zəfəri sonrasında ortaya çıxacaq yeni regional nəqliyyat şəbəkələri Azərbaycanın bu sahədəki imkanlarının diversifikasiyasına gətirib çıxarmaqla, onun bir çox hallarda ayrı-ayrı ölkələrdən asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.
Zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür. Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Bura iki ölkə arasında gediş-gəlişdə vizanın aradan qaldırılması, şəxsiyyət vəsiqələri ilə qarşılıqlı gediş-gəlişin təmin edilməsi, İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin tamamlanması, KOB, investisiyalar, nəqliyyat, inşaat və media sahəsində strateji əməkdaşlıq daxildir. Dərinləşən bu əməkdaşlıq Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə öz təsdiqini tapmışdır.
Azərbaycanla Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizinin qurulması ilə Türkiyənin Azərbaycanla quru yolu ilə əlaqəsi reallığa çevriləcək. Razılıq sənədində qeyd edilən dəhlizlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamət üzrə maneəsiz daşınmasına və kommunikasiya sistemlərinin bərpasına təminat verilməsi böyük əhəmiyyətə malikdir. Bu, Şərqlə Qərb arasında Orta Dəhliz adlanan nəqliyyat dəhlizinin gələcək inkişafı və rəqabətliliyi baxımından böyük imkanlar açır.
Ötən il Azərbaycan tarixinə Zəfər ili kimi, böyük bir milli uğur ili kimi daxil olmuşdur. Dünyanın demək olar ki, əksər ölkələrinin gündəmini pandemiyanın, iqtisadi böhranın problemləri işğal etdiyi halda Azərbaycan yüksək hazırlıqlı ordusu, milli birliyi, dayanıqlı iqtisadiyyatı və düzgün xarici siyasəti nəticəsində uzun illərdir arzuladığı o böyük zəfərə nail oldu və bu baxımdan beynəlxalq ictimaiyyətin müsbət mənada böyük diqqətini özünə çəkdi.
Zəfər Cənubi Qafqazın və bütövlükdə region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Dayanıqlı sülh və sabitliyin təmin edilməsi bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni fürsətlər yaratmaqla yanaşı, bütövlükdə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasının da sürətlənməsinə imkanlar yaradır.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkə üçün böyük imkanlar yaratmaqla yanaşı, eyni zamanda uğurla yerinə yetirilməsi tələb olunan yeni böyük vəzifələri də qarşıya qoyur. Həmin vəzifələrdən ilki adıçəkilən bölgələrin həm yaşayış məntəqələri, həm infrastruktur, həm də iqtisadi fəaliyyətlər baxımından demək olar ki, tamamilə yenidən qurulmasıdır. Bu, kifayət qədər böyük həcmdə maliyyə resursları, düzgün koordinasiya edilmiş hökumət proqramları və onların uğurla icrasını tələb edir. İkinci mühüm vəzifə isə işğaldan azad edilmiş ərazilərə əhalinin mümkün qədər səmərəli şəkildə köçürülməsidir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq görür. Prezidentin son vaxtlar bu sahədə qəbul etdiyi qərarlar onun həmişə olduğu kimi, bu dəfə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verdiyini göstərir. İlk növbədə Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır.
İlkin infrastrukturun qurulması istiqamətində atılan ilk önəmli addımlara 45 kilometrlik Bərdə-Ağdam dəmir yolu xəttinin, Füzuli-Şuşa Avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının tikintisini və s. göstərmək olar. Şübhəsiz ki, bu addımlar işğaldan azad edilmiş ərazilərdə gələcəkdə bərpa və yenidənqurma işlərini həyata keçirmək üçün zəruri infrastrukturun formalaşdırılmasına istiqamətlənmişdir. Bir çox digər infrastruktur layihələrinin icrasına da artıq başlanmışdır və bu layihələr Cənab Prezidentin vurğuladığı kimi, başda Türkiyə Respublikası olmaqla, Azərbaycanın haqq işini dəstəkləyən dost ölkələrin şirkətləri ilə birgə icra edilir.
Qarabağda bərpa və yenidənqurma işlərinin böyük maliyyə resursları tələb etdiyi şübhəsizdir. Müxtəlif tədqiqatçıların apardığı hesablamalar göstərir ki, bu işlərin tamamlanması üçün on milyardlarla dollar həcmində maliyyə vəsaiti tələb olunur. Azərbaycan Prezidenti məhz bu maliyyə resurslarını prosesə effektli şəkildə cəlb etmək məqsədilə dünya təcrübəsinə uyğun olaraq, 4 yanvar 2021-ci ildə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman vermişdir. Fondun əsas vəzifələri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağ regionunun dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi, bu istiqamətdə sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin aparılmasıdır. Fondun fəaliyyətinin 1 milyon manatlıq nizamnamə fondu, təsisçinin verdiyi əmlak, dövlət büdcəsindən ayrılan vəsait, fəaliyyətdən əldə edilən gəlir, ianələr, qrantlar, cəlb edilən investisiyalar və digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulmuşdur ki, bu da Qarabağın dirçəldilməsi prosesində iştirakçılıq səviyyəsini mümkün qədər daha çox artırmağa imkan verir.
“Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır. Prezidentin 19 yanvar 2021-ci ildə imzaladığı fərmanla yaradılan bu nümayəndəliklərə Prezidentin xüsusi nümayəndələri təyin edilmişdir. Bu nümayəndəliklərin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinə, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.
Qarabağın işğaldanöncəki məskunlaşma modeli və iqtisadi strukturu heç şübhəsiz ki, aqrar cəmiyyətə xas idi. Həm də elə bir aqrar cəmiyyət ki, iqtisadi münasibətlər sosialist prinsiplər əsasında qurulmuşdu. Artıq dünya postsənaye dövrünü, IV sənaye inqilabı mərhələsini yaşayır. Bu baxımdan şübhəsiz ki, Qarabağın bərpası və yenidən qurulması əvvəlki vəziyyətin geri qaytarılması formasında ola bilməz və proses kifayət qədər modern əsaslarda aparılır. Ona görə də bölgədə istər əhalinin yenidən məskunlaşdırılması, istərsə də iqtisadi strukturun yenidən qurulması zamanı mümkün ölçüdə optimallıq, səmərəlilik və effektivlik prinsiplərinin qorunmasına çalışılır. Əvvəlki kimi dağınıq məskunlaşma modelinin əvəzinə aqlomerasiya effektinə, miqyas effektinə və bütövlükdə Qarabağda dayanıqlı iqtisadiyyatın qurulmasına imkan verən məskunlaşma modellərinə üstünlük verildiyi müşahidə edilir. Xüsusilə nəzərə alsaq ki, 30 ilə yaxın müddət ərzində məcburi köçkün əhalinin təxminən yarıdan çoxu şəhərlərdə məskunlaşmışdır, onda bu məsələnin nə qədər aktual olduğunu görməmək mümkün deyildir.
Qarabağda iqtisadi strukturun yenidən qurulması heç şübhəsiz ki, ilk növbədə, regionun təbii və coğrafi resurslarına əsaslanır. Zəngin faydalı qazıntı yataqları, münbit torpaqlar, füsunkar təbiət və nisbətən əlverişli coğrafi mövqe bu bölgədə formalaşdırılacaq sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər xidmət sektorlarının da əsasını təşkil edəcəkdir.
Ancaq eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişaf etdirilməsinə də başlanılmışdır. Bu baxımdan bölgədə yaşıl enerji, orqanik kənd təsərrüfatı, kənd turizmi, konqres turizmi, aqrar turizm, səhiyyə turizmi, mədəniyyət turizmi, ali təhsil xidmətləri və s. inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Xüsusilə də bölgənin iqtisadiyyatına uyğun şəkildə yaradılacaq ali təhsil klasteri həm bölgənin inkişafına, həm də bütövlükdə Azərbaycanda regional ali təhsilin inkişafına öz töhfələrini verəcəkdir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir. Bu, ilk növbədə, insanların sülh və əmin-amanlıq içində yaşadığı tam təhlükəsiz Qarabağ deməkdir. Azərbaycanla hərtərəfli bütövləşmiş, onun ayrılmaz bir parçası kimi daxili əmək bölgüsü sistemində öz layiqli yerini tutmuş Qarabağ deməkdir. İnkişaf etmiş sənayesi, kənd təsərrüfatı, turizmi, nəqliyyat-kommunikasiya sistemləri, enerji və innovasiya potensialı, insan kapitalı və sahibkarlar təbəqəsi ilə seçilən dayanıqlı və yüksək rəqabətli iqtisadi region deməkdir. Əminik ki, Prezidentin rəhbərliyi altında biz - dövlət və cəmiyyət olaraq mümkün qədər ən qısa müddətdə arzuladığımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirərək reallaşdıracaq və bununla da Azərbaycanın növbəti uğur hekayəsini yazmış olacağıq.
Əbülfət Qocayev
“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri
Hazırladı: Vüqar Əsədov