Menu
Xəbər Lenti
08 Mrt 07:28Mədəniyyət

“Çılpaq" filmi Estoniyada nümayiş edilib

Estoniyanın paytaxtı Tallin şəhərində Baltik Film Akademiyasının (BFA) Supernova zalında azərbaycanlı rejissor Hikmət Rəhimovun "Çılpaq" filmi nümayiş olub.

AZƏRTAC xəbər verir ki, nümayişdə BFA-nın tələbə və müəllim heyəti, mədəniyyət sahəsinin nümayəndələri və kinosevərlər, Estoniyada yaşayan azərbaycanlılar iştirak ediblər. BFA-nın layihə rəhbəri Elaro Lend və Supernova zalın kuratoru Jaak Lohmus qonaqları salamlayaraq, filmin Estoniyada nümayişini mühüm hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, belə təqdimatlar nümayişlər həm də xalqların bir-birini tanımasına dəstək olur və mədəniyyətləri yaxınlaşdırır.

Sonra filmin Estoniyada nümayişini təşkil edən Karyera Təhsil Akademiyasının həmsədrləri Sənəm Əliyeva və Kadir Tanış ekran əsəri barədə məlumat veriblər. Filmin rejissoru Hikmət Rəhimov film barədə fikirlərini bildirərək bu günə qədər bu ekran əsərinin Kann, İstanbul və Praqa film festivallarında ən yüksək mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə filmin rejissoru iştirakçıların suallarını cavablandırıb.

Sonda qonaqlara Azərbaycan təamları təqdim olunub.

İctimai Televiziyanın məhsulu olan “Çılpaq" filminin nümayişi İctimai TV, Karyera Təhsil Akademiyası və BFA-nın işbirliyi ilə "Kino sənəti birləşdirir və öyrədir" layihəsi çərçivəsində göstərilib.