Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

23 May 2025 12:38Manşet / Gündəm / Siyasət

Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi

 

Məşhur Məmmədov
Milli Məclisin deputatı


21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun növbəti təntənəsi oldu. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də strateji baxış baxımından diqqət çəkdi. Bu çıxış təkcə Azərbaycanın Türk dünyasındakı rolunu deyil, eyni zamanda bölgədəki lider mövqeyini bir daha nümayiş etdirdi.

Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin növbəti təntənəsinə çevrildi. Bu mühüm tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət kursunun səmərəli nəticələrinin göstəricisidir. Azərbaycan artıq illərdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal mövqe tutur, strateji təşəbbüslərlə çıxış edir və üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün mühüm addımlar atır.

Xüsusilə vurğulamaq lazımdır ki, ötən il məhz Azərbaycanın təşəbbüsü ilə Şuşada təşkil olunan ilk qeyri-rəsmi Zirvə görüşü, Türk dövlətləri arasında siyasi dialoqun və qardaşlıq münasibətlərinin dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu il isə Budapeştdə keçirilən növbəti qeyri-rəsmi görüş həmin uğurlu xəttin davamıdır və burada da Azərbaycan lideri fəal və təşəbbüskar çıxışı ilə diqqət mərkəzində oldu.

Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının iqtisadi birliyin gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, rəqəmsal platformaların yaradılması və enerji təhlükəsizliyi sahəsində potensialından bəhs etdi.

Azərbaycanın Orta Dəhliz vasitəsilə Türk dövlətlərini Avropa və Asiya bazarlarına bağlayan tranzit ölkəyə çevrilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin Azərbaycanın vəsaiti hesabına artırılması və Xəzər dənizi üzərindən vahid rəqəmsal nəqliyyat platforması yaradılması kimi təşəbbüslər regionun gələcək inkişafında Azərbaycanın aparıcı rolunu təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında Macarıstanla münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında etibarlı strateji tərəfdaşlığın mövcudluğunu xüsusi vurğuladı. Dövlət başçısının Macarıstana altıncı səfəri, Baş nazir Viktor Orbanın isə Azərbaycana yeddi dəfə səfər etməsi bu münasibətlərin dərinliyini və qarşılıqlı etimadı göstərir. Macarıstanın müstəqil siyasət yürütməsi və beynəlxalq nüfuzunun artması Azərbaycanın da regional və qlobal diplomatik təşəbbüslərinə dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkə rəhbərinin təşəbbüsü ilə ötən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin təşkilata ev sahibliyi edəcək növbəti Zirvə görüşünə bütün liderləri dəvət etməsi Azərbaycanın Türk dünyasına verdiyi strateji önəmin bariz nümunəsidir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan artıq təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyub. Bu isə ölkəmizin təkcə siyasi deyil, həm də iqtisadi baxımdan inteqrasiya prosesinə aktiv töhfə verdiyini göstərir.

Nəqliyyat və logistika sahəsində irəliləyişlər də Azərbaycanın qovşaq rolu möhkəmlənir. Prezident İlham Əliyev nəqliyyat sahəsində əməkdaşlığa toxunaraq qeyd etdi ki, son illərdə Azərbaycanın bu sahəyə yönəltdiyi böyük sərmayələr nəticəsində ölkəmiz Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artırılması, Xəzər limanları arasında vahid rəqəmsal platformanın yaradılması kimi təşəbbüslər, təkcə region ölkələri üçün deyil, həm də qlobal ticarət zəncirləri üçün strateji əhəmiyyət daşıyır.

Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın COP29 kimi mühüm bir qlobal tədbiri uğurla təşkil etdiyini vurğuladı. 77 min iştirakçının və 70-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu tədbir Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərdi. COP29-da inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması və karbon bazarlarının tənzimlənməsi üzrə əldə olunmuş konsensus “Bakı sıçrayışı” kimi tarixə düşdü. Azərbaycan bir daha göstərdi ki, təkcə regional deyil, həm də qlobal problemlərin həllində lider mövqeyindədir.

COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişi Türk dövlətləri arasında enerji təhlükəsizliyinin və ekoloji davamlılığın təmin olunması baxımından mühüm addımdır. Bu saziş ölkələrimiz üçün yaşıl enerjinin istehsalı və ixracı baxımından yeni perspektivlər açır.

Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha sübut etdi ki, o, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının strateji maraqlarını müdafiə edən, davamlı inteqrasiyaya töhfə verən uzaqgörən liderdir. Onun təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatı daha da güclənir, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, həm ölkəmiz, həm də bütün türk coğrafiyası üçün sabitlik, inkişaf və tərəqqi deməkdir.



www.AzadMedia.az