Menu
Xəbər Lenti
Fədakar müəllim ömrü
18-05-2026, 17:50

Fədakar müəllim ömrü

Hərbdən sülhə
18-05-2026, 13:43

Hərbdən sülhə

MAFİA  tarixi
18-05-2026, 12:52

MAFİA tarixi

Kobaxidze Bakıdadır
18-05-2026, 11:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 11:21

Vüqar Qurbanova ağır itki

20 May 2026 20:41Manşet / Gündəm / Sosial

Şuşa fatehi, Vətən müharibəsi qəhrəmanı Zaur Ələkbərovun döyüş xatirələri...

 

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən müqəddəs savaş oldu. Bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi şücaət, xalqla ordunun birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin ən ağır, ən taleyüklü və ən şərəfli döyüşlərindən biri isə Şuşa uğrunda gedən əməliyyatlar idi. Tarixi Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də xalqımızın mənəvi zəfəri idi. Şuşa döyüşlərində iştirak edən igidlər isə bu qələbənin canlı qəhrəmanları oldular.


Şuşaya ilk daxil olan döyüşçülərdən biri, XTQ veteranı Ələkbərov Zaur Zakir oğlu həmin günləri böyük qürur və kövrəkliklə xatırlayır. Onun danışdığı döyüş xatirələri Azərbaycan əsgərinin necə bir iradəyə, vətən sevgisinə və qəhrəmanlığa sahib olduğunu bir daha göstərir.


XTQ veteranı bildirir ki, Şuşa əməliyyatı Vətən Müharibəsi Qəhrəmanı Gündüz Səfərlinin komandanlığı altında həyata keçirilirdi. Döyüşçülər iki istiqamətdə irəliləyirdilər. Bir qrup Daşaltı istiqamətindən dağlara qalxaraq Cıdır düzü tərəfdən Şuşaya daxil olmağa çalışırdı. Digər qrup isə Laçın dəhlizi istiqamətindən, meşəlik və sıldırım dağ yolları ilə Xankəndinin üst hissəsindən keçərək şəhərə doğru hərəkət edirdi. Zaur Ələkbərov da məhz həmin istiqamətdən Şuşaya qalxan qəhrəman döyüşçülərin sırasında idi.


Veteranın sözlərinə görə, Şuşaya gedən yol həyatının ən ağır yollarından biri olub. Dağlıq ərazilər, sıldırım qayalar, düşmənin pusquları və fasiləsiz artilleriya atəşləri döyüşçülərin hər addımını təhlükəyə çevirirdi. Buna baxmayaraq, Azərbaycan əsgərinin iradəsi sınmırdı. Çünki hər bir döyüşçü bilirdi ki, Şuşanın azad olunması müharibənin taleyini həll edəcək.


Zaur Ələkbərov bildirir ki, düşmən Şuşanı qorumaq üçün bütün qüvvələrini səfərbər etmişdi. Şəhər daxilində çox güclü müdafiə sistemi qurulmuşdu. Ermənilər yüksəkliklərdə mövqe tutmuş, yolları minalamış, artilleriya və ağır texnika ilə şəhəri müdafiə etməyə çalışırdılar. Buna baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları müdafiə xəttini yararaq şəhərə daxil olmağa nail oldular.


Şəhər daxilində küçə döyüşlərinin başladığını deyən veteran qeyd edir ki, artıq müharibə tamamilə fərqli mərhələyə keçmişdi. Təxminən 500 nəfərlik döyüşçü heyəti ilə Şuşa daxilində mövqe tutan Azərbaycan əsgərləri düşmənlə üz-üzə döyüşürdülər. Silah səsləri şəhərin hər küçəsindən eşidilir, artilleriya mərmiləri fasiləsiz yağırdı.


“Ən ağır məqam odur ki, artıq təminatımız tükənirdi. Silah-sursat azalırdı, qidamız demək olar ki, qalmamışdı. Yaralılarımız çox idi. Amma buna baxmayaraq heç kim geri çəkilməyi düşünmürdü. Hamı son nəfəsinə qədər döyüşməyə hazır idi”, — deyə XTQ veteranı bildirir.


Onun sözlərinə görə, düşmən bir neçə dəfə xüsusi təyinatlı dəstələr və tankların dəstəyi ilə əks-hücum təşkil edib. Azərbaycan əsgərləri isə məhdud vasitələrlə həmin hücumların qarşısını almağa çalışırdılar. Tank əleyhinə silahların azalması döyüşü daha da çətinləşdirirdi. Buna baxmayaraq, döyüşçülər yüngül atıcı silahlarla belə mövqeləri qoruyurdular.


Veteran bildirir ki, döyüşlərin ən ağır anlarında şəhid və yaralıların sayı sürətlə artırdı. Şuşada yerləşən villalardan biri yaralıların toplandığı məntəqəyə çevrilmişdi. Təxminən 165 ağır yaralı orada yerləşdirilmişdi.


Zaur Ələkbərov həmin günlərdə çiyin-çiyinə döyüşdüyü qəhrəmanları da böyük ehtiramla xatırlayır. O bildirir ki, Musayev Sahib, leytenant Xəyyam və Vətən Müharibəsi Qəhrəmanı Mehrab qəhrəmancasına şəhid oldular. Hər bir şəhidin itkisi döyüşçüləri sarsıtsa da, onların qisasını almaq əzmi daha da artırırdı.


Şuşa əməliyyatının dördüncü günü vəziyyət daha da ağırlaşır. Yaralıların təxliyəsi, rabitə vasitələrinin çatışmazlığı və silah-sursatın azalması ciddi problemə çevrilir. Bu zaman Vətən Müharibəsi Qəhrəmanı Gündüz Səfərli Zaur Ələkbərova və bir neçə döyüşçüyə geri qayıdaraq təminat və təxliyə qrupları gətirmək əmri verir.


Texnikaların hərəkət edə bilmədiyini deyən veteran bildirir ki, düşmən hərəkət edən istənilən hədəfi artilleriya ilə vururdu. Buna görə döyüşçülər dağlar, yarğanlar və meşəlik ərazilərlə kilometrlərlə yolu piyada getməli olublar.


“Şuşaya qalxmaq necə çətin idisə, geri qayıtmaq ondan da ağır idi. Ac, susuz, yorğun halda hərəkət edirdik. Amma bilirdik ki, geri qayıtmasaq, Şuşadakı döyüşçülərin vəziyyəti daha da ağır olacaq”, — deyə o xatırlayır.  


Nəhayət, onlar Tuğ kəndinə çatırlar. Burada təminat və təxliyə qrupları hazır vəziyyətdə gözləyirdi. Tank əleyhinə vasitələr, silah-sursat və ərzaqlar çox ağır olduğundan döyüşçülər meşəlik ərazidən iki at və üç uzunqulaq taparaq yükləri onların belinə bağlayırlar.


Veteran qeyd edir ki, həmin dağ yollarında əsgərlərin əlavə yüklə hərəkət etməsi demək olar ki, mümkünsüz idi. Çünki hər an düşmənlə qarşılaşmaq ehtimalı vardı və döyüşçülərin gücü döyüşə saxlanmalı idi.


Şuşaya geri dönüş zamanı isə onlar mina pusqusuna düşürlər. Zaur Ələkbərovun sözlərinə görə, döyüş yoldaşı Əliyev Elşənin diqqəti nəticəsində böyük faciənin qarşısı alınır.


“Elşən birdən mənə dedi ki, tərpənmə. Mən elə bildim pusquya düşmüşük. Sonra məlum oldu ki, ayağımın altında mina var imiş. Bir addım atsaydım, partlayış baş verəcəkdi”, — deyə veteran bildirir.


Ərazidə çoxlu tank və piyada əleyhinə mina yerləşdirilmişdi. Əllərində xüsusi texnika olmadığı halda istehkamçı Elşən Əliyev böyük risklə minaları zərərsizləşdirərək yolu açır. Bundan sonra döyüşçülər yenidən Şuşa istiqamətində hərəkət edirlər.


Laçın istiqamətində dağ mövqelərindən birinə çatdıqları zaman düşmən dronu onları müşahidə edir. Gecə saatlarında düşmənin artilleriyası mövqeləri vurmağa başlayır. Həmin hücum nəticəsində çoxlu sayda şəhid və yaralı verilir.


XTQ veteranı həmin anların həyatının ən ağır səhnələri olduğunu deyir:


“Mənzərə çox ağır idi. Bəzi döyüşçülərin əlləri, ayaqları qopmuşdu. Elə şəhidlərimiz vardı ki, mərmi onları tam ortadan parçalamışdı.”


Həmin döyüşlərdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov da ağır yaralanır. Mərmi yaxınlığında partlayaraq onun daxili orqanlarını zədələyir. Döyüşçülər komandir müavinini xilas etməyə çalışsalar da, onu itirirlər.


Bütün bu itkilərə baxmayaraq, Azərbaycan əsgəri geri çəkilmir. Döyüşçülər yenidən Şuşaya doğru hərəkət edir və şəhər ətrafında düşmənin hücumlarının qarşısını alırlar.


Şuşaya daxil olarkən düşmənin bir T-72 tankı və BMP texnikası ilə şəhərə doğru irəlilədiyini görən döyüşçülər aldadıcı manevr tətbiq edirlər. Tankları şəhər daxilinə buraxdıqdan sonra təminat qrupu ilə gətirilən tank əleyhinə vasitələrlə onları məhv etməyə nail olurlar.


Ayın 7-si axşamı başlayan növbəti ağır döyüş isə səhər saatlarına qədər davam edir. Artilleriya mərmiləri yağış kimi yağır, küçələrdə əlbəyaxa döyüşlər gedirdi.


Həmin gecə Vətən Müharibəsi Qəhrəmanı Mehrab ağır yaralanır. Ayağı parçalanan döyüşçü yoldaşlarının köməyi ilə yaralıların toplandığı villaya aparılır. İlk tibbi yardım göstərilsə də, daxili qanaxma onun həyatını xilas etməyə imkan vermir və Mehrab səhər saatlarında şəhid olur.


XTQ veteranı bildirir ki, 44 günlük müharibədə onun üçün ən ağır döyüş məhz Şuşa uğrunda gedən döyüşlər olub. Çünki düşmən şəhəri təslim etmək istəmir, bütün qüvvələri ilə müqavimət göstərirdi.


“Onlar bizi dayandırmaq üçün hər şey edirdilər. Artilleriya, tanklar, xüsusi təyinatlı qüvvələr… Amma Azərbaycan əsgəri geri çəkilmədi. Biz dayanırdıq. Mən deyərdim ki, o döyüşdə təkcə biz yox, Şuşa qalasının özü də bizimlə birlikdə döyüşürdü”, — deyə Zaur Ələkbərov qürurla bildirir.


Bu gün Şuşa azaddır. Azərbaycanın üçrəngli bayrağı Qarabağın tacı olan Şuşada qürurla dalğalanır. Bu qələbə isə Azərbaycan əsgərinin qanı, canı və qəhrəmanlığı hesabına qazanılıb.


Şuşa fatehlərinin göstərdiyi şücaət Azərbaycan tarixində əbədi yaşayacaq. Onların keçdiyi döyüş yolu gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, qəhrəmanlıq nümunəsi olaraq daim xatırlanacaq.


Bu gün fəxrlə deyə bilərəm ki, torpaqlarımızı düşməndən azad etmək bizə qismət oldu. Bizdən sonrakı nəsillərə isə azad...


 

P.S. “Şuşa, bizVətənoğulları sənigörmədənsevdik...” Çünkisənbizim üçünyalnızbir şəhərdeyildinqeyrətimiz, tariximiz, qürurumuzidin. İllərlə həsrətinlə yaşadıq, şəhidlərimizinruhundasəniduyduq. Sənindaşına, qayanaqovuşmaq üçüncanımızı sipəretdik. Bugünazadsəmasındadalğalanan üçrənglibayrağımızhərbir şəhidimizinəmanətidir. Şuşa artıq azaddır və əbədi Azərbaycanındır.

 

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

 

Fərid Səfərov

Xezertv.info-nun rəhbəri

AJB və AVMVİB-nin üzvü