Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Bugün, 13:49

Tapdıq Əlibəyli - 65

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 14:40

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 08:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 08:00

Bu ərazilərdə qaz olmayacaq

01 May 2026 13:49Manşet / Gündəm

Tapdıq Əlibəyli - 65

 

QƏLBDƏN QƏLƏMƏ, ŞEİRDƏN HƏYATA

 


Qəlbdən qələmə ifadəsi tanınmış  şair Tapdıq Əlibəyliyə məxsusdu. Yaddaqalan bu ifadəni şeirdən həyata ifadəsinin balanğıcı bildim. Məntiqi, poetik başlanğıcdı...


Tapdıq Əlibəyli 1961-ci il iyulun 1-də Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. (65 illik yubileyi münasibətilə bəri başdan  təbrik edirəm.)  Bakı Dövlət Universitetini bitirib. İyirmi iki  kitabı (şeirlər, publisitika) nəşr olunub. Bunlar özü haqqında. Şeir yaradıcılığı haqqında da ürəklə, səxavətlə söz açacam (“Qəlbdən qələmə” kitabı əsasında):


Xalq şairi Hüseyn Arifin bir şeirini xatırlayıram: “Şeir deyilmi?”. Yarpaq titrəyişində də, meh əsişində də, bulaqların axışında da, bənövşələrin baxışında da, şimşəklərin çaxışında da, göy üzünün yağışında da, ... şeir, şeiriyyət görmək isə, görüb duymaq isə qüdrətdi. Min illərin Azərbaycan şeiri bu ülgünün düsturu kimi mənəvi-ruhi dünyalar yaradıb. Bu dünyaların işığını yaradıcılığın yolgöstərəni bilmişəm. belə yaradıcılıq yiyələrinin sırasında şair Tapdıq Əlibəyli də var...


Tapdıq Əlibəyli Hüseyn Arifin bu şeirinin ruhuna sədaqəlidi. Onun “İlahidən bir şeirdi” şeiri bu səmimi sədaqətin şükranlığıdı; obrazlı ifadələr sələf-xələf fəlsəfi dərkindən boy göstərərək oxucuya gözəl könül xoşluğu verir: Həzinlikdə yaz yağışının da, süzgünlükdə qız baxışının da, yarpaqların xışıltısının da, körpələrin mışıltısının da, ... şeir olduğunu yazan Tapdıq Əlibəyli deyir ki,”ümidim göyərəndə sözə döndü heyrətim”. Oxucu inanır. Ona görə inanır ki, “şeir sözün ən göyçəyidi”...


 


Ürəyimdən gözlərimə düşən şeh,


Kirpiyimdə yarpaq-yarpaq qırovdu, –


 


(“Dan yerində bitməli”)


 


deyən Tapdıq Əlibəylinin təbiətə vurğunluğu onun yaradıcılığının bir hissəsinə çevrilib. Bu çevrilmədə bir ruh məsələsi də var. Əsrarəngizliyi duya-duya boya-başa çatmaq da təbiət hadisəsidi, həm də təbii hadisədi. “Yardımlı” şeiri təbiətin təbiəti sözlə ifadə formasıdı, sözlə şəklidi sanki. Oxuyursan, xəyalında gözəl bir tablo canlanır, ürəyin səni o tablonun ünvanına çəkir:


 


Ayna bulaqları düşüb dillərə,


Çeşmələr dağlardan qaynayıb-daşır...


Qayalar dibinə sinən hər dərə


Dərinlik diliylə dinib-danışır...


 


Vətəni hamı sevir, bu sevgilərin heç biri bir-birinə bənzəmir (sevginin çalarlarında oxşarlıq ola bilər, özü başqasının eyni ola bilməz). Şairlərin Vətənə sevgisi sevgilərdən həm də şeirləşməsi ilə fərqlənir. Bu sevgi Vətənin müqəddəsliyinin, ərazi bütövlüyünün əsgəri olmuş mücahidlərin – şəhidlərin ruhunu salamlayır:


 


Bayraq, Zəfər şöləsindən,


Himnimizin hürr səsindən,


Azərbaycan kürsüsündən


Şəhidlərə salam olsun!


 


(“Şəhidlərə salam olsun!”) 


 


“Şəhid məzarı” şəhidliyi dərk edənlərin hamısının ruhunun ifadəsidir və şəhid məzarının Vətənə, torpağın şanlı tarixinin poetik ifadəsi kimi oxunur. Oxunur və bir gerçəkliyin şeir formatlı ifadəsinə çevrilir: Sevərək tanıdılar, tanıyaraq sevdilər, sevərək yaşadılar, yaşayaraq qorudular, şəhid olub yaşatdılar. Tapdıq Əlibəyli neçə şəhidlərimizə şeir həsr edib. Hər biri mənəvi borcun poetik ifadəsi kimi oxunur...


“Azadlıq yolunda şəhidlərdi çırağım” (“Şəhidin qan yeri – torpağın san yeri”), “Vətənləşən torpağın sorağını Vətən verir” (“Tutuldum göy üzütək”), “Ürəklər sevgi xütbəsiylə riqqətlə döyündü” (“Bayraq dalğalandı şəhid adınla”). ... deyən Taprıq Əlibəylinin şeirləri şəhid anasına təsəlli olur:


 


Şəhid oğulların Vətən qeyrəti


Şanlı tarixidir Azərbaycanın!


 


Tapdıq Əlibəylinin sevgi şeirləri “mehrabı eşq olan uca göylərə” (Nizami Gəncəvi) ruhun pıçıltısıdı sanki; ruhun pıçıltısı həmişə səmimi olub, bu səmimiyyət könül dünyasının göyqurşağı olub, dünənlərə sədaqət, sabahlara ahənrüba. Ona görə sevgi şeirlərini duyğuların bir az gizli, bir az aşkar uvertürası bilmişəm. Hərəsi öz ovqatında səslənir, səslənişlər göy üzünə çəkilir, dumanamı dönür, qaramı, yağışamı, şimşəyəmi, bilinməz...


“Bu yaşda sevməyin necə yozulacağı” narahatlığı ilə yazılmış “Sevməyi bir daha öyrətdin mənə” şeiri incə duyğuları bir az da incələşdirir:


 


Şəfqət dolu qəlbin, mərhəmətin var,


Qoy təzim eləyim, təbibim, sənə.


Bilmirəm bu yaşda necə yozular?..


Sevməyi bir daha öyrətdin mənə!


 


Səmimi etirafdır, sevginin özü qədər səmimidir; səmimi etiraf səmimi poetik duyum, poetik dərk, poetik deyim! Hamısı gözəldi!..


“Xəyali səadət” şeirində də eyni ovqatın işığı görünür:


 


O qız xəyallanır ay işığında,


Həsrətli gözləri təskinlik tapar...


Solğun dünyasının qaranlığında


Nə yaxşı bir xəyal səadəti var.


 


Tapdıq Əlibəylinin “Yazın naz çağıtək” şeiri düşüncələrin duyğusudu – səmimiliyiylə, kövrəkliyiylə, incəliyiylə gözəldi. “Təbəssümə Gün doğmaq” ifadəsinin poetikası həm könül xoşluğudu, həm də sevginin bəşərilikdən barındığına şair münasibəti.


“Ruhunun taxtı” şeiri də sevgi kim ülvi duyğunun kiçik – misralar biçimində hekayətidi. Bu hekayət təfərrüat deyil, duyğuların şeirləşməsidi:


 


...Sənə gül deməyə dilim gəlmədi.


Sola bilər deyə öz səadətim,


Mənim gül deməyə dilim gəlmədi...


 


Yeni bədii fikir yeni poetik dərk yaradır: təbiət ruhun təcəssümüdü. Bəşərdə təbiətə xas olan çalarları sezmək, şeirləşdirmək poeziyanın mərdliyidi...


Minlər, milyonlar çöllərdə bənövşələr görüb, hüsnünə heyran olub, ancaq heç kim onun duruşunu Qurbani kimi görə bilməyib; heç kim belə bir duruşu şeirləşdirmək qüdrətində olmayıb:


 


Ayrılıqmı çəkib boynu əyridi,


Heç yerdə görmədim düz bənövşəni...


 


Bunu Tapdıq Əlibəylinin “Qara eynək” şeiri haqqında deyəcəklərimə poetik istinad bildim.


Qara eynək haqqında bəlkə də onlarla şeir yazılıb. Ancaq Tapdıq Əlibəylinin poetik təqdimatı fərqlidir. O, rəngdə (qara) ictimai çalar verə bilib, həm də həyati-fəlsəfi dərklə! “Qara eynək gözləri gözlərdən gizlətmək niyyətiyləmi taxılır”, yoxsa “özgələri oğrun izləmək niyyətinə görəmi?” – “qaranlığa alışmağın, aydınlıqlardan iraq (uzaq, gen) düşmə olduğunun” belə ifadəsi poetik uğurdur:


 


...qaranlığa öyrəndikcə


Aydınlıqda sinə verilən yerdə


“vərdişkar” önə verir kürəyini...


 


Tapdıq Əlibəylinin “Tütək qəmi” şeiri tütək səsinin ruhən davamıdı. Uşağıyla yol gedən atanın küskün baxışlarının nəsə aradığını düşünmək də, keçənləri yolundan eləyən səsin uşağınmı, tütəyinmi səsi olduğunu ayırd etmə çətinliyi də şeiriyətdi, tütəyin səsinin nağıl dünyaların nağıl dünyası olduğunu gümanlamaq da...


Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” kitabı şeirlə təqdim edilən duyumlardı, düşüncələrdi. Gözəl duyumlardı, gözəl düşüncələrdi...


 

Bayram MƏMMƏDOV,

“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi İdarə Heyətinin üzvü,

   Əməkdar müəllim