Menu
Xəbər Lenti
04 Mart 2026 10:39Manşet / Gündəm / Mədəniyyət

Dağ saflığına bələnən şair - Tapdıq Əlibəyli - 65

 

Musa QASIMLI
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Tanınmış şair Tapdıq Əlibəylinin yaradıcılığını təhlil etmək fikrindən uzağam. Bu, ədəbiyyatşünasların işidir.  Mən bu yazıda şairin doğulduğu  el-obasına bağlılığının yaradıcılığında necə əks olunması və şəxsi keyfiyyətləri barədə bəzi fikirlərimi bölüşmək istəyirəm. İnsanın doğulub boya-başa çatdığı məkanın, onun tarixi-milli yaddaşında mühüm və danılmaz bir rol oynadığı şübhəsizdir. Həmin məkanın insanın xarakterinə, düşüncə tərzinə, duyğularına və hətta yaradıcılığına təsiri çox böyükdür. Bu baxımdan şair-publisist Tapdıq Əlibəylinin doğulduğu yerə olan dərin bağlılığı, ruhunun saflığı, təbiətindəki saflıq,  şeirindəki təbiilik və sadəlik, onun bütün yaradıcılığına xasdır. Sadəliyi onun böyüklüyüdür. Bu  bağlılıq, həm də onun daxili aləmi ilə təbiətin vəhdətini ortaya qoyan bir sənətkarlıq nümunəsidir. Şair gözəl yazır:

Ayna bulaqları düşüb dillərə,
Çeşmələr daşlardan qaynayıb-daşır...
Qayalar dibinə sinən hər dərə 
Dərinlik diliylə dinib-danışır.

Şairin bütün yaradıcılığında olduğu kimi, bu şeirdə də quru, şablon və pafoslu ifadələr yoxdur. Misraların dili ilə  deyir ki, insanın sinəsində yerləşən ürəkdən gələn sözlər dərinlikdən, daşlardan süzülüb gələn saf, təmiz olar, pafoslu danışıq isə keçicidir. Şair hər bir təbiət elementini yalnız fiziki olaraq deyil, həm də metaforik olaraq insan ruhunun, düşüncələrinin və hisslərinin ifadəsi kimi göstərir. İstifadə olunan obrazlar bir-biri ilə qarşılıqlı əlaqədədir və təbiət qanunlarının insanlar üzərindəki təsirinin rəmzidir. Bu şeir həm də insanın daxili dünyasının təbiətlə əlaqəsini əks etdirir.

Şair doğma kəndi Bürzünbülü elə gözəl tərənnüm edir ki, sanki canlı tabloya  tamaşa edirsən: 

Quzeydə şehlənir yarpız, gicitkən, 
Cincilim, əvəlik, əməköməci...
Güneydə mehlənir turşəng ...böyürtkən,
Baharda lalələr güney sevinci.

Burda cücərən də, pöhrələnən də
Hərəsi ad alıb öz rişəsindən.
Adlar cərgəsində möhürlənəndə,
Bürzünbül kəndimiz bəlli səsindən.

Tapdıq Əlibəyli  gözəl təbiəti olan bu elin, yurdun yetirməsi olaraq mənəvi dəyərləri yüksək tutmasını da həssaslıqla qələmə alıb. Şair müxtəlif şəxslərin xarakterləri və davranışları üzərində cəmiyyətin yüksək əxlaqını belə təqdim edir:

Qapıları açar-qıfıl  görməyən
Bir el etməz əmanətə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.

Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya  misalı.

Şeirdə  ağsaqqal, ağbirçək, ismət-həya, etibar, sədaqət və dürüstlük təqdim edilir.  "Qapıları açar-qıfıl görməyən" ifadəsi dürüst bir elin  həyat tərzini rəmzləşdirir. Əmanətə xəyanət etməmək, cəmiyyətdə əxlaqlı və dürüst bir davranış tərzinin təməlini təşkil edir. Bu, həm də etimad və məsuliyyət duyğularının rəmzidir. 

Tapdıq Əlibəyli mənim doğulub boya-başa çatdığım Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinin məzunudur. O vaxt Bürzünbül kəndində səkkizillik məktəb olduğu üçün şagirdlər 9-10 sinifləri Hamarkənd kənd orta məktəbində oxuyurdular.  Tapdıq Əlibəyli 1978-ci ildə orta təhsilini tərifnamə ilə bitirərək ali məktəbə qəbul olub.  

Qeyd edim ki, Hamarkənd kənd orta məktəbi tanınmış maarif xadimi Qulam müəllim Qasımovun direktor işlədiyi vaxtlarda (50 il) təkcə rayonun deyil, eləcə də respublikanın qabaqcıl təhsil ocaqlarından biri olub. Məktəbin təhsildəki uğurları təsadüfi deyildi. Direktorun ciddiyyəti, tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, müəllimlərin dərslərə ürəklərini verməsi, valideynlərin məktəblə sıx əlaqəsi uğurların təməlində dayanırdı.

Elə ona görə də burada təhsil alan şagirdlərin çoxu ali məktəblərə qəbul olaraq uğurla kariyeralarına davam etdirirdilər. Hamarkənd kənd orta məktəbinin məzunları arasında Tapdıq Əlibəylinin də özünə layiq yeri olub. Ali məktəbə qəbul olmaq onun həyatında yeni bir səhifənin başlanğıcını qoyub...

Söhbətlərində Tapdıq Əlibəyli Hamarkənd kənd orta məktəbini təkcə təhsil aldığı bir yer kimi deyil, həm də həyatda ona istiqamət verən, ruhunu zənginləşdirən bir ocaq kimi qiymətləndirir. O, məktəbin  mənəvi dəstəyini vurğulayır, xüsusilə də məktəbin direktoru Qulam müəllim Qasımovun pedaqoji bacarıqlarından bəhs edərək, ona olan minnətdarlığını ifadə edir. Məktəb yalnız təhsil cəhətdən mükəmməl olmaqla qalmayıb, həm də şagirdlərin yüksək milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayırdı. Tapdıq Əlibəyli məktəbdə aldığı təhsili və qazandığı davranış qaydalarının həyatında önəmli bir iz buraxdığını dəfələrlə qeyd edib. Aldığı təhsil onu yalnız elmi sahədə deyil, həm də mənəvi inkişaf yolunda irəliləməyə təkan verib, cəmiyyətdə hörmətli bir şəxs olmasında mühüm rol oynayıb. 

Bəzən bir şairin şəxsiyyəti ilə yaradıcılığı arasında uçurum olur; yazılan, deyilən söz həyat tərzi ilə tərs mütənasib olur. Tapdıq Əlibəylinin isə şəxsiyyəti və yaradıcılığı, ictimai fəaliyyəti vəhdət təşkil edir, tamdır, bütövdür və bir çoxlarına nümunədir.  Öz imzasını ədəbiyyatda və cəmiyyətdə təsdiq etmiş şair, publisist, ziyalı və ictimai xadim olan Tapdıq Əlibəyli həm şəxsi həyatı, həm də yaradıçılığı ilə düşüncə adamı və cəmiyyətə xidmət edən bir şəxsiyyəti təcəssüm etdirir.

Tapdıq Əlibəylinin ədəbiyyata münasibəti dərin və fəlsəfidir. O, ədəbiyyatın yalnız sözlərlə deyil, ruhla da yazıldığını, insanın daxili aləminə daxil olmağın və ona təsir etmənin vacibliyini vurğulayır. Özünün də dediyi kimi: "Ədəbsiz ədib ədəbiyyata yalnız xələl gətirə bilər…" Bu söz, onun ədəbiyyata və sözün gücünə olan münasibətini, həmçinin ədəbiyyatın müsbət təsirini qorumağa olan bağlılığını və şəxsiyyətini göstərir. O, ədəbiyyat vasitəsi ilə cəmiyyətə həqiqətləri çatdırmağa çalışır, bilir ki, hər bir doğru fikir, hər bir düzgün yola işarə, cəmiyyətin inkişafında rol oynayır.

Tapdıq Əlibəylinin ədəbiyyata yanaşması qədər həyatda da özünəməxsus bir səmimiyyəti və dürüstlüyü vardır. Onun insanlara qarşı olan açıq və səmimi münasibəti hər zaman mənim diqqətimi  çəkib. Bir neçə il əvvəl Naxçıvanda keçirilən və Muxtar Respublikanın 100 illiyinə həsr olunmuş "Türk dünyasına açılan Şərq qapısı" adlı möhtəşəm konfransda iştirak edərkən Tapdıq Əlibəyli ilə yol yoldaşı oldum. Bir ata sözümüz vardır.

Deyirlər qardaşın necə adamdır? Cavab verir ki, yol yoldaşı olmamışam. Tanımaq demək, sadəcə tanış olmaq deyildir. Tanımaq, insanın daxili varlığını, onun seçdiyi yolu, düşündüyü və qərar verdiyi anları anlamaqdır. Tapdıq Əlibəylini illər öncə tanısam da, bu yol yoldaşlığımızda onu yenidən tanımaq və daha dərindən söhbət etmək imkanım oldu. Bir neçə günlük səfərimiz onun düşüncə dünyasına bir daha daxil olmaq üçün yeni bir fürsət verdi. Şəxsiyyətinə və yaradıçılığına böyük hörmətim olan Tapdıq Əlibəylini yenidən kəşf etdim. Axı onun poeziyası  obrazların çalarları ilə zəngindir. Əlbəttə, bu zənginliyi şərtləndirən onun öz təbiəti və təbiiliyidir. Könlü meşə, çəmən dilində dinən, çicəyin, gülün dilini bilən  şair yazır : 

Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm...

Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı 
İlham sözə, söz ilhama vurulur...

     Heyrətinə misra-misra bələnən, ilhamı sözə, sözün isə  ilhamına vurulduğu sevimli şairimizin şeiriyyətində gözəlliklər bərq vurur.  Mən də elə bu ovqatda dəyərli Tapdıq Əlibəylini qarşıdan gələn 65 illliyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurların bol olsun! Neçə gözəl illərə...