Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Araz yenə gülüstanla sərhəd olur... - Bu dəfə sənəd yox, sənətlə!
4 il əvvəl bu günlərdə Qarabağda minlərlə gənc adsız yüksəkliklərə dırmaşırdı, kişi kimi, ac-susuz, ürəklərinə gedən yol mədələrindən yox, Şuşadan keçirdi…
Şəhər olaraq isə hər şey Cəbrayıldan başladı. İlk Cəbrayıl işğaldan azad oldu. Sonra digər şəhərlərimiz ayə kimi enməyə başladı. Cəbrayıl yenə müjdəçi oldu.
Qarabağ bizim qüdsi yönümüzdür, Cəbrayılla bizə yenidən qayıdan Qarabağın ayələrini, əlamətlərini də hər kəs eyni gözlə oxuya bilməzdi, bilmədi də.
Bir zamanlar səmadan bu dünyanın cənnətə çevrilməsi üçün ayələr enirdi, indi dünyanın cəhənnəmə çevrilməsi üçün bombalar enir.
Azərbaycan hər gün bombalarla dağıdılan bir dünyanın parçasıdır, biz Qarabağı dirçəltməklə həm də hər gün xarabazara çevirdiyiniz planetin bir hissəsini gözəlləşdiririk. Azərbaycan dünya ekologiyasına təkcə COP29-la yox, həm də illərlə işğalda saxlanan torpaqları təmizləməklə xidmət edir.
Biz işğala son qoymaqla təkcə torpaqlarımızı geri qaytarmamışıq, həm də dünyaya 17 min kvadrat kilometr torpaq qazandırmışıq. 30 ildir xaraba halında saxlanan, altında mina əkilən, üstündə narkotik becərilən 17 min kvadrat kilometr torpağı yenidən dünyamızın bir hissəsinə çeviririk. Dünyanın harasından olur olsun, insanlar indi Qarabağa ürəklə gələ bilər, burada barmaqlarının ucunda yox, ayaqlarını cürətlə yerə basa-basa gəzə bilər. Bəli. Bura bizim planetimizin bir hissəsidir. Biz dünyanın 30 ildir unutduğu, biganəlikdən cəngəlliyə çevrilən torpaqları yenidən kəşf etdik, dünyaya qazandırdıq.
Hər gün bomba yaradıb səmalara qaldıran, dünyanın bombalardan sonrakı halını sevənlər, nə qədər gec deyil, gəlin, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda qalmaqda olan xarabalıqları seyr edin, ürəyiniz açılsın.
Balaca qardaşınızın əl işinin fotolarını çəkin, çərçivəyə salın, evinizin ən gözəl yerindən asın. Hər səhər duranda sizdən nümunə götürənlərin əl işlərinə baxın. Sonra gec olacaq, qısa müddətdə sizin görmək istədiyiniz mənzərələr Qarabağda yox ediləcək, 110 ildən sonra Araz kənarı ikinci dəfə gülüstan görəcək, bu dəfə bölücü sənəd şəklində yox, qurucu sənət şəklində...
Bizim də evlərimizdə bu sənət nümunələri olacaq. Çəkib divardan asmayacağıq, pəncərəmizim pərdəsini çəkib baxacağıq. Tanrının bir zamankı xəttini təzələdiyimiz Qarabağa... Bizdə tarix tanrının yazısını təzələməklə yazılır. Sizdə isə nəfəsi “fast-food” qoxan 5-3 konqresmenə yazıb verdiyiniz məkr dolu cızmaqara tarix hesab olunur.
Qəribədir, illərlə mötəbər sənədlərə, qətnamələrə məhəl qoymayanlar bu gün özləri özlərinə məktub yazır, eynək taxıb oxuyur, həyəcanlanırlar. Sadəcə unudurlar ki, o xətt bizə tanışdır.
O xətt Vyetnam, Əfqanıstan, İraq, Liviyanın üzərinə çarpaz çəkilən xəttlərdir. O xətt 2000-ci ildə Qarabağda mina axtarmaqdansa, İraqda nüvə axtaran güclərə təkan verən, nüvəsi bəhanələrlə dolu sənədlərin yazıldığı həmin xəttdir.
O xətt Şərqin ən qədim şəhərlərini viran qoyan, sivilizasiyanın Şərqdən Qərbə getdiyini aydın göstərən sənədləri yandıran, məzarları sökdürənlərin seçdiyi xəttir.
O xətt şərqin düzlərinin üstündən, Qərbin düzlərinin altından keçən xəttdir.
O xətt illərdir həqiqətlə perpendikulyar, məkrlə, hiyləylə paralel gedən xəttir.
O xətti rəhbər tutan dillər, bu xətti yazan əllər dəyişə bilər. Ancaq Barış Akarsunun təbirincə desək, “təpədəki bəyaz saray və soytarı kralllar” dəyişmir. Adlar dəyişir, eyni yumurta əkizi olan partiyalar yerini dəyişir, ancaq siyasət yerində qalır. Əllər rəngini dəyişə bilər, ancaq qələmlər, mürəkkəblər eynidir.
Dünya üçün hər il daha mürəkkəb bir bəla düşünməyi özlərinə peşə seçən nadanların qələmi...
Tanrının ən gözəl əsərlərindən olan Qafqaza nadan qələmi toxundurmamaq, bu müqəddəs sərgini qorumaq həm də bizim işimizdir.
Sərdar Amin
Xüsusi olaraq, “Qafqazinfo” üçün























































