Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

14 Tem 09:57Manşet / Gündəm / Siyasət

Tərəqqi yolunun başlanğıcı - 14 iyul 1969-cu il

 

 Milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.
Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

 

Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafında Azərbaycan müəllimlərinin XI qurultayı zamanı "Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik..." deyə səsləndirdiyi fikir dövrünün təhsil strategiyasının siyasi taleyini ehtiva edirdi. Ulu öndərin bu dövrdə hərbi məktəbin açılmasına nail  olması, Onun sovet totalitar rejiminin ən möhkəm dönəmində  bu addımı atması Azərbaycan üçün ən böyük töhfəsi idi. O dövrün nəhəng layihələrindən Kondisioner, Dərinlik Özülləri zavodları, obyektlərin tikintisi ulu öndərin iradəsinin, qətiyyətinin bariz nümunəsidir.
Xalqın kamal dünyasının formalaşdırılması, mənəviyyat sahələrinin inkişaf etdirilməsi Heydər Əliyevi  milli özünüdərkimizin təkamülünə də üfüqlər açdı. Mənəviyyat xadimlərinin - yazıçı və şairlərin, rəssamların sosial həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan ehtiyaclarının təminatına xüsusi qayğı var idi. Azərbaycanda elmin-təhsilin inkişafına geniş meydan verərək vətəndaşların maariflənməsi üçün ulu öndər Heydər Əliyev müasir ölkənin gələcəyinə  hesablanan tədbirlər sırasına daxil idi. Ümummilli lider elmin, təhsilin inkişafını xalqın gələcəyini təyin edən əsas şərtlərdən biri hesab edirdi. Xalqın, millətin, dövlətin gələcəyi təhsilin inkişafı ilə bağlıdır və elmi tərəqqi etməyən ölkə qüdrətli bir ölkə olmaq imkanına malik deyil.

 
Müstəqillik çağrışları hələ 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxt ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi.
18 oktyabr 1991-ci ildə bünövrəsi qoyulan, 15 iyun 1993-cü ildə real məhvolmadan xilas edilən müstəqil Azərbaycanın milli qurtuluş tarixindən sonra real sabitlik yoluna qədəm qoydu. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.
1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.


✍? ZALOV İMZA TV ALYANS 
TƏSİSÇİSİ : İSMAYIL ZALOV