Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Tapdıq Əlibəyli - 65
TAPDIQ ƏLİBƏYLİ – SÖZƏ SƏDAQƏTİN VƏ DOSTLUĞUN ÜNVANI
Elə yaradıcı insanlar vardır ki, onların həyat yolu yalnız zəngin ədəbi irsi, əldə etdikləri uğurlar və titullarla deyil, həm də ətraflarına saçdıqları mənəvi işıqla ölçülür. Belə şəxsiyyətlər ilk növbədə insanlıqları, sarsılmaz sədaqətləri, təmənnasızlıqları və nəcib əməlləri ilə xarakterizə olunurlar. Onların varlığı və davranışları cəmiyyətdə bir örnəyə çevrilir. Şair-publisist Tapdıq Əlibəyli də məhz belə dəyərli şəxsiyyətlərdən biridir - öz fəaliyyəti, mənəvi bütövlüyü və insanlara olan səmimi münasibəti ilə təkcə yaradıcılıq aləmində deyil, ümumən cəmiyyət həyatında da dərin iz buraxmış bir ziyalıdır.
Bu sətirləri yazarkən onun dəruni düşüncülərindən hasil olan bir bənd yada düşür. Tapdıq Əlibəyli milli-mənəvi və bəşəri dəyərlərin daşıyıcısı kimi ilk kitabı “Haqqa dayaq doğulmuşuq” əsərində yer alan eyniadlı şeirində insanın yaradılış fəlsəfəsinə poetik bir baxış sərgiləyir:
Adəm, Həvva haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi?..
Haqqa dayaq doğulmuşuq!
Burada insanın yaradılışı, onun mənəvi mahiyyəti və haqq-batil qarşıdurması mərkəzi ideya kimi çıxış edir. Şair insanı mənəvi bir məqsəd ilə yaradılmış varlıq kimi təqdim edir. “Bu xəmirdən yoğrulmuşuq” ifadəsi isə bütün bəşəriyyətin eyni mahiyyətdən yaradıldığını, insanlarda ortaq mənəvi kökün olduğunu bildirir. “Şeytan haqqı üstələdi?..” sualı şeirin dramatik-fəlsəfi yükünü artırır. Burada artıq təkcə yaradılış deyil, insanın yer üzündəki sınağı və azğınlıq ehtimalı gündəmə gətirilir. Sual formasında verilməsi isə qəti hökmdən çox düşünməyə çağırış xarakteri daşıyır.
Son misra “Haqqa dayaq doğulmuşuq” isə şeirin ideoloji nəticəsidir. Burada insanın mahiyyətcə haqqı müdafiə edən, haqqı daşıyan və ona söykənən bir varlıq olduğu fikri ifadə edilir. Bu, optimist və mənəvi güvən verən bir qənaətdir.
Şairin yaradıçılığından bəhs etdiym bu poetik örnək əslində onun bütün yaradıçılıq qatlarından müxtəlif çalarda məna siqləti ilə boy verir. Təbii ki, bu cəhət isə onun fitrəti və xislətini özündə ehtiva edir.
Tapdıq Əlibəylinin 65 illik ömür yoluna nəzər saldıqda qarşımızda təkcə şair, publisist və jurnalist obrazı canlanmır. Eyni zamanda sözə sədaqətlə xidmət edən, dostluğa dəyər verən, insanların taleyinə və mənəvi irsinə həssaslıqla yanaşan bir ziyalının həyat salnaməsi görünür.
Tapdıq müəllimi uzun illərdir tanıyıram. Bu illər ərzində onun xarakterində dəyişməyən bir xüsusiyyətin şahidi olmuşam: səmimiyyət. O, həm yazılarında, həm söhbətlərində, həm də həyat mövqeyində olduğu kimidir. Onun şeirlərində gördüyümüz daxili işıq, həssaslıq və mənəvi saflıq gündəlik həyatında da öz əksini tapır.
Tapdıq Əlibəyli üçün söz sadəcə yaradıcılıq vasitəsi deyil. Söz onun üçün mənəvi məsuliyyətdir. Elə buna görə də poeziyasında tez-tez sözün müqəddəsliyindən, şair məsuliyyətindən, haqqın və həqiqətin müdafiəsindən bəhs edir. O, sözə yalnız estetik dəyər kimi deyil, vicdanın və mənəviyyatın ifadəsi kimi yanaşır. “Sözün şeir sehri” adlı şeirində yazdığı kimi:
Düşdüyüm an sözün şeir sehrinə,
Pıçıltılar eşidirəm Tanrıdan.
İnanmışam söz rənginin sirrinə,
Bir hikmətdir qüdrətini artıran.
Gəlişiylə hər yaz, payız, qış, bahar,
Naxış-naxış təbiəti bəzəyir.
Sözlərin də bu bənzərdə rəngi var,
Çalarları fəsillərə bənzəyir.
Şeir- söztək göydən enən nur, mələk,
Əzəlindən -“Ol” günündən niyyətdir.
Heyrət vaxtı simurqdan tel, bir lələk...
Yaranışdan Yaradana beyətdir.
Onun yaradıcılığında Vətən sevgisi, doğma torpağa bağlılıq, şəhidlərimizin xatirəsinə ehtiram, milli-mənəvi dəyərlər və insanın daxili kamillik axtarışları xüsusi yer tutur. Tapdıq Əlibəyli poeziyası oxucunu təkcə duyğulandırmır, həm də düşündürür. Onun misralarında həm həyatın ağrıları, həm də ümid işığı yanaşı addımlayır.
Lakin Tapdıq müəllimin həyatında mənim üçün xüsusi əhəmiyyət daşıyan başqa bir məqam da vardır.
Mərhum atam İsa Bərxudarovun uzun illər ərzində topladığı materiallar və apardığı araşdırmalar əsasında hazırlanmış doğma yurdumuz, eyni zamanda Azərbaycanın qədim Oğuz tayfalarından olan “Qarxun” haqqında kitabın ərsəyə gəlməsi istiqamətində Tapdıq Əlibəylinin zəhməti və xidməti xüsusi qeyd olunmalıdır. Bu əsər təkcə bir kəndin və ya nəslin tarixini deyil, bütövlükdə milli yaddaşımızın mühüm bir hissəsini özündə əks etdirən qiymətli bir mənbədir.
Hazırda kitabın - “Qarxunlu İsa müəllim” - nəşrə hazırlanması üzərində Tapdıq müəllim böyük məsuliyyət və həssaslıqla çalışır. O, bu işi sadəcə redaktə və ya nəşr prosesi kimi deyil, mənəvi bir missiya kimi qəbul edir. Əlyazmanın hər bir detalına diqqətlə yanaşır, əsərin daha dolğun və sanballı şəkildə oxuculara təqdim olunması üçün öz bilik və təcrübəsini əsirgəmir.
İnanıram ki, yaxın zamanlarda işıq üzü görəcək bu kitab həm İsa müəllimin zəngin irsinin yaşadılmasına, həm də Qarxunun tarixinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olacaq. Bu yolda Tapdıq Əlibəylinin göstərdiyi fədakarlıq isə dostluğa, xatirəyə və milli-mənəvi dəyərlərə sədaqətin parlaq nümunəsidir.
Mənim üçün bu münasibətdə ən dəyərli cəhət Tapdıq müəllimin dostluğa və insan xatirəsinə göstərdiyi sədaqətdir. Çünki hər insan başqasının başladığı işi davam etdirməyə, onun arzusunu öz arzusu kimi yaşatmağa hazır olmur. Tapdıq Əlibəyli isə məhz belə insanlardandır. O, dostunun mərhum atasının elmi və mənəvi irsinə sahib çıxaraq həmin zəhmətin itib-batmaması, gələcək nəsillərə çatdırılması üçün əlindən gələni edir. Bu, təkcə bir kitab üzərində aparılan iş deyil, həm də bir ömürlük əməyə, dostluğa və milli yaddaşa göstərilən ehtiramdır.
İnanıram ki, yaxın gələcəkdə işıq üzü görəcək bu kitab Qarxunun tarixini araşdıranlar, bölgənin keçmişi ilə maraqlananlar və milli irsimizin qorunmasına çalışan tədqiqatçılar üçün dəyərli mənbələrdən birinə çevriləcək. Həmin əsərin nəşrində Tapdıq müəllimin əməyi isə yalnız redaktəçi və ya məsləhətçi fəaliyyəti kimi deyil, tarixə, dostluğa və mənəvi dəyərlərə sədaqətin nümunəsi kimi qiymətləndiriləcəkdir.
Tapdıq Əlibəyli haqqında danışarkən onun insanlarla münasibətini də xüsusi vurğulamaq lazımdır. O, dostluğa sədaqətli insandır. Sevincli günlərdə də, çətin məqamlarda da yanında olmağı bacaran, insanları unutmağa qoymayan, sözün həqiqi mənasında könül adamıdır. Onun ən böyük sərvəti də məhz budur - qazandığı insanların sevgisi və hörmətidir.
65 yaş insan ömrünün hesabat məqamlarından biridir. Bu yaşa gəlib çatmaq hər kəsə nəsib olmur. Amma daha önəmlisi odur ki, insan bu yaşa hansı mənəvi yük və hansı izlə gəlib çatır. Tapdıq Əlibəyli arxaya baxanda qürur duyacağı zəngin yaradıcılıq irsinə, yüzlərlə publisistik yazıya və şeirə, onlarla kitaba, minlərlə oxucunun sevgisinə və çoxsaylı dostlarının hörmətinə sahibdir. İnanıram ki, onun yaradıcılıq yolu hələ uzun illər davam edəcək. Çünki şairin yaşı olmur. Yaşlanan yalnız təqvimdir. Söz isə yaşlandıqca daha da müdrikləşir. Özünün yazdığı kimi:
Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairliyin yaşı olmur!
Nə vaxt gəlsə İlham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim...
Şairliyin yaşı olmur.
Əziz Tapdıq müəllim! 65 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy sözə olan sevginiz, insanlara olan inamınız və həyata bağlılığınız heç zaman tükənməsin. Sizin ömrünüz sözün işığında keçən, dostluğun və sədaqətin ucaltdığı bir ömürdür.
Ömür təqviminizin 65 illiyi mübarək!
Мənsur BƏRXUDAROV
iqtisadçı alim,
Azərbaycan Dövlət İqtisad Universiteti
Rus İqtisad Məktəbinin (UNEC RESH ) direktoru,
UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri




















































