Menu
Xəbər Lenti
Qəhrəman danışır...
Dünən, 19:47

Qəhrəman danışır...

KİTAB TƏQDİMATI
5-06-2026, 10:28

KİTAB TƏQDİMATI

08 İyun 2026 20:10Manşet / Gündəm / Mədəniyyət

Söz divanəsi - Sabir Rüstəmxanlı yazır

 

Sabir Rüstəmxanlı
Xalq şairi

 

Sözün əsl mənasında söz pərvanəsi olan, sözün üstündə əsən və onun şərəfini qoruyan tanınmış şair-publisist, jurnalist Tapdıq Əlibəyli artıq ömür kitabının 65-ci səhifəsini tamamlamaqdadır. Belə bir məqamda mən gənclik illərindən tanıdığım dostum haqqında fikir bildirməyi özümə mənəvi bir borc hesab edirəm. Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Seçdiyi əqidəyə, tutduğu yola sadiqdir. Publisistika və poeziyada onun öz imzası var səriştəli jurnalist, gözəllikləri gözünə-könlünə köçürən könül adamı, ruhunu tükənməz Tanrı sevgisi sarmış bəndə, söz məqamı olan şair. Elə bu səbəbdən bir şeirində sözdə Tanrı nişanəsinin olduğunu vurğulayır: 

Söz demərəm söz gəlişi,
Mənki sözün pərvanəsi.
Şeir – bir ruh, könülişi,
SözdəTanrı nişanəsi.

Tapdıq Əlibəyli Azərbaycan ədəbiyyatında sözün məsuliyyətini dərk edən, onu milli yaddaşın xidmətinə verən şairlərdəndir. Onun yaradıcılığı yalnız oxunmur – hiss olunur, yaşanır və düşüncədə iz buraxır. Tapdıq müəllim həm də ilahi ədaləti əsas meyar götürən şairlərdəndir. Onun yaradıcılığı ilə yanaşı, həyatının özü də bu prinsip üzərində qurulub. 

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı
Şeytan əməlində nəfsin davası.

Çıxarmayadından, eyucainsan.
Tanrının nuru var əzəl ruhunda.
Mələklər səcdəyə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında…

Bu misralarda Tapdıq müəllim insanı kamilləşməyə, nəfsi idarə etməyə və ilahi ədaləti dərk etməyə çağırır. Onun sözü insanı özünə qaytarır, kimliyini xatırladır və fəlsəfi dərinliyi ilə həyatın mahiyyətini göstərir. Bu misralar insanı öz-özünə hesabat verməyə məcbur edir, özünü dərk etməyə yönəldir. Tapdıq müəllim ədalətli və kamil yaşamağa doğru istiqamət verir, insanı tərbiyələndirir və ruhən yetişdirir. Tapdıq Əlibəylini başqalarından fərqləndirən ən önəmli cəhət onun əsl şairə xas olan xarakter xüsusiyyətlərinə malik olmasıdır. O, çox mülayim, mehriban, sədaqətli, xoşxasiyyətli, vətənpərvər və mənəvi cəhətdən təmiz bir şəxsiyyətdir. Bütün gözəl xüsusiyyətlər Tapdıq Əlibəyli şəxsiyyətində birləşib, onu bir çoxları üçün əsl nümunəyə çevirir. Onun yazdığı şeirlər yalnız poeziyanın zənginliyini deyil, həm də özünəməxsus bir ruhu daşıyır. Tapdıq müəllimin şəxsiyyətinin ən gözəl xüsusiyyətlərindən biri onun sadəliyi, təvazökarlığıdır. O, sadəliyi, səmimiyyəti və xeyirxah xarakteri ilə dostları və həmkarları arasında böyük nüfuz qazanmışdır. Onun şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, göz önündə Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər, hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər: 

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövqilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxti nə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğrudan da, onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı, aşağıdakı misralar yaranmazdı: 

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Tapdıq Əlibəyli üçün şeir yalnız bədii forma deyil. Şeir onun üçün vicdanın səsi, mənəvi borcun ifadəsi və doğulduğu torpağa sədaqətin sözə çevrilmiş halıdır. Bu baxımdan onun yaradıcılığı təkcə ədəbi fəaliyyət deyil, həm də bir ziyalı mövqeyinin ifadəsidir. Tapdıq Əlibəylinin yazı dünyasında söz kökdən qopmur. O söz xalqın yaddaşından gəlir, elin nəfəsindən gəlir, nəsillərin qoruduğu dəyərlərin içindən gəlir. Elə bu səbəbdəndir ki, Tapdıq Əlibəylinin yaradıcılığında 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Bu mövzu onun poeziyasında sadəcə hadisə kimi deyil, milli qürurun, tarixi ədalətin və mənəvi dirçəlişin təcəssümü kimi təqdim olunur. Onun bu istiqamətdə yazdıqları şəhidlərin ucalığını əbədiləşdirir, qazilərin qəhrəmanlığını mənəvi yaddaşa çevirir, xalqın birliyini poetik dillə ifadə edir. Bu şeirlərdə qələbə yalnız hərbi uğur deyil – milli kimliyin bərpası, tarixi yaddaşın dirçəldilməsi və gələcək nəsillərə ötürülən mənəvi miras kimi təqdim olunur. Bu baxımdan, Tapdıq Əlibəylinin yaradıcılığı həm də milli ideologiyanın poetik ifadə vasitəsinə çevrilir. Tapdıq Əlibəylinin yaradıcılığına müxtəlif rakurslardan baxmaq, xüsusilə vətənpərvərlik, şəhidlik və 44 günlük Vətən müharibəsi kontekstində qiymətləndirmək olduqca əhəmiyyətlidir. Şairin özünün dediyi kimi: 

Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Son baharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…

Onun “Payız çöhrəsində yazdı 44 Gün” kitabı isə Zəfər tariximizin ilk poetik salnamələrindən biri kimi qürur məqamıdır. O məqamdır ki, sevgidən vətənə, ağrıdan ümidə qədər yol keçib. Əlbəttə, bu kitab onun yaradıcılığında məxsusi yer tutur. Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə 65 yaşın məqamından üzü 100 ilin zirvəsinə doğru uğurlu yol arzulayıram!