Menu
Xəbər Lenti
"Korrupsiya haqqında"
Bugün, 10:33

"Korrupsiya haqqında"

Cənubunsəsi təqdim edir
6-05-2026, 14:24

Cənubunsəsi təqdim edir

08 May 2026 12:06Manşet / Gündəm / Mədəniyyət

Ətalət - Şamil Həsənin hekayəsi

 

Yazıçı Ədəbiyyat Portalı Şamil Həsənin "Ətalət" hekayəsini təqdim edir.

Sahildə insanları müşahidə etmək məni niyə cəlb edir? Bir dəqiqə. Kafedəyəm, ofisiant deyir ki, Pərviz 8 manatı verdi? Pərviz kimdir? Mənə Pərviz lazımdır? Bir qız divara nəsə yapışdırır, budur, işini bitirib pulunu da alıb getdi. Geymindən çox zövqsüz və ehtirassız görünür, ən azından mənim qənaətim budur, bəlkə də, hansısa dostuma cazibədar gələrdi. Kim bilir, yəqin mən neçə gündür evdən bayıra çıxmıram deyə...


Qismət olsa, yazını başa çatdıracam. Mən izləndiyimi hiss edirəm, qeyri-müəyyən bir göz, mənə fokuslanır, barmaqlarımı, beynimin içini müşahidə edir. Özümü “Malena” filmindəki dul qadın kimi təsəvvür etdim, bütün nəzərlər mənə yönəlmişdi, bütün alışqan baxışlar mənim kipriklərimi, bığlarımı alışdırırdı... Mən paronoyak olmamışam deməli. Budur, ofisiantın diqqətlə məni izlədiyini gördüm.


İndi insanların söhbətlərini eşidirəm, səslər gah ucalır, gah pıçıltıya çevrilir, gah da xarici musiqinin əks-sədalarına qarışır, o cürə gözəlliyi korlayır. Günorta yuxumu almamışam, yeməyi təzə yemişəm, səncə, mən ətrafı necə təsvir edə bilərəm? Hər şey, hər yer gülüstandır? Buna baxmayaraq, qarşımda dekorativ güllər durub. Mən belə gülləri sevməmişəm, bunu mənə heç cür sevdirmək olmaz.


Burnuma hardansa, kimdənsə fahişəxana qoxusu gəlir, sanki kimsə yaxın məhəllədə qadın ətirləriylə qarışıq siqaret, yaxud nanəli qəlyan tüstüsünün yaratdığı boğanaqdan çıxıb. Ödüm ağzıma gəlir. Yaxşı ki, o gün bir fırıldaqçı tanışımdan aldığım “Dior sauvage” ətri çantamda idi. Kətan köynəyimi qoxladım, nədənsə bundan zövq alıram, məni coşdurur, həvəsə gətirir, lakin həmən qoxu iy reseptorlarımı işğal etməkdədir, get-gedə daha çox şiddətlənirdi.


Ofisiant məndən nə istədiyimi soruşdu, cavab vermədim, adətən, sevilməyən müştəriləri dəqiqəbaşı narahat edib masanı boşaltmağa çalışırlar. Mən sevilməyən qonaq ola bilməzdim, burda hər kəs tanış idi, hər kəs məni ən azı bir dəfə görüb.


-Bəlkə, kofe verim, xeyli yorğun görünürsən.


Yadıma düşdü ki, bura çatdığım az qalsın qırx dəqiqədir, hələ də ağzımı açmamışam, nə salamlaşmaq üçün, nə də çay üçün.


-Yemək, -istədim, amma yemək üçün yox, yaxamı ondan qurtarmaq üçün. Deyəsən, cavabım kobud oldu. Nə də olsa, ağzımı ilk dəfə açırdım. Bu, sonuncu olmayacaq. Bir də hesab var.


Gah yazı yazıram, gah da yemək yeyirəm. Bax, belə... Yeməyimdən tük çıxdı.


“Yeməkdən tük çıxdı”. Kompüterdə belə yazdım. “İndi boşqabı dəyişdirəcəm”. Yenə yazdım. Mən elə hiss elədim ki, bir anlıq reallığı analiz eləmək qabiliyyətim itir. Mən hansıyam? “Ofsiant təzə yemək gətirdi”.


Tüklü yeməyi məmnuniyyətlə yedim, səsimi çıxarmadım, bayaq kobudluq etmişdim, bu dəfə o zəhər olsa belə yeyəcəkdim, xətrinə dəyməkdənsə, çirk yemək mənim üçün məqbul oldu. Bəlkə də, bayaqkı o sarışın qızın saçı imiş. Bunu düşünmək məni daha çox çiyrəndirdi.


Başa düşmürəm, niyə diksindiyimi demirəm? Barmaqlarım qeyri-ixtiyari yazırdı. “Mən baş qaldıra da bilmirəm. Başım ağırdı, çünki afrikada işləyən uşağın kakao qozasıyla dəyişmişəm, bu qozanı Sizif kimi Bazardüzünə qaldırıram, hər dəfə qaldırır, gücümü nümayiş etdirir, yorulanda isə yerə salıram”.


Bezdim həqiqətən. Hesabı ödəyib buranı tərk edirəm. Qərara alıram, burdan çıxmalıyam, çünki burda çox olanda heç nəyi sevmirəm, gözümdən düşür.


Ah, sahilə düşəcəm, sevimli Kür çayımı danışdıracam. Qulağımda fransız musiqisi eşidildi. Kür çayı Sena çayına çevrildi... Təzəcə özümü Parisdə hiss edirdim ki, bir uşaq pişiyin quyruğundan tutub astaca özünə sarı çəkirdi. Təpinmək istədim, bacarmadım. Bayaqkı ətalət məni qarnaladı. Hər dəfə ağzımı açanda, ətalətimi xatırladım. Yeməyimdən tük çıxanda dillənmədim. İndi. Susdum...