Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Quba rayonunda “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib
Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
Səxavət Xankişiyev – Qələmi ilə sözün gücünü yaşadan dəyərli ziyalıya ad günü təbriki
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Vəziyyət pisləşir: Trampın Rusiya neftinin idxalına icazəsi Kubanı xilas edəcəkmi?
“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə
Azərbaycanla Litva arasında münasibətlər kifayət qədər qədim tarixə malikdir. Müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olan Litva ilə diplomatik əlaqələr 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın ölkəmizdə, həmin ilin sentyabrında isə Azərbaycanın Litvada səfirliyi fəaliyyətə başlayıb. Hazırda strateji tərəfdaş olan iki ölkə arasında əməkdaşlıq çox geniş spektri əhatə edir və bu əlaqələri qarşılıqlı inkişaf etdirmək üçün yeni və böyük potensial mövcuddur.
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus “Qafqazinfo”ya müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi, əməkdaşlıq üçün yeni imkanlar, Litvanın Azərbaycanın beynəlxalq tərəfdaşlarla əlaqələrinə verdiyi töhfələrdən və digər mövzulardan danışıb:
- Bildiyiniz kimi, ötən ilin noyabrında ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam oldu. Geridə qalan bu dövr ərzində Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?
- Əvvəla, onu qeyd edim ki, bir neçə ay əvvəl ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etsək də, münasibətlərimiz tarix baxımından daha dərin köklərə malikdir. Litva, zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətində öz konsulluğu olan təxminən 16 ölkədən biri idi. Bu isə o deməkdir ki, hökumətlərimiz arasında münasibətlər 100 ildən də artıq tarixə malikdir. Biz bundan çox qürur duyuruq, çünki hesab edirəm ki, bu, yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1919-cu illərdə dövlət müstəqilliyini bərpa etmiş Litva üçün bir-birini dəstəkləmək baxımından olduqca vacib idi.
.jpg)
Bununla yanaşı, Sovet İttifaqının dağılmasının ilk illərinə nəzər salsaq, ikitərəfli münasibətlərimiz üçün çox güclü bir təməl formalaşdığını görə bilərik. Bu güclü təməl əsas olaraq müstəqillik və azadlıq məsələlərində bir-birimizi dəstəkləməkdən ibarət idi. Çünki bilirsiniz, Azərbaycan və Litva üçün 1990-1991-ci illərdə güclü dövlət qurmaq son dərəcə vacib idi. Beləliklə, biz bir-birimizi anlamaq, işğalın ağrılı tarixini və həmrəyliyin həqiqətən əhəmiyyətli olduğunu başa düşmək kimi çox möhkəm bir təməl üzərində başladıq.
Düşünürəm ki, münasibətlərimiz bu dövr ərzində kifayət qədər sürətlə inkişaf edib. Və mən fəxr edirəm ki, Litva Azərbaycanın Avropaya enerji təchizatında əsas ölkələrdən biri olması ideyasını dəstəkləyən azsaylı dövlətlərdən biri olub. Bu gün bu, təbii görünür və Azərbaycan çox mühüm strateji tərəfdaşdır, lakin 15 il əvvəl bu, indiki qədər aydın nəzərə çarpmırdı. Həmin dövrdə Litva prezidenti olan Valdas Adamkus Azərbaycanın etibarlı enerji təchizatçısı kimi təşviq olunmasında çox fəal mövqe nümayiş etdirirdi. Litva o zaman “Nabucco” layihəsindən bəhs edirdi. Bu gün bəlkə də “Nabucco” layihəsinin nə olduğunu artıq unutmuşuq, amma o dövrdə bu layihə Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı əsas ideyalardan biri idi. Həmin vaxt Rusiyadan başqa alternativ qaz mənbələrinin ola biləcəyini çox az ölkə düşünürdü, lakin Litva Polşa ilə birlikdə, Avropaya enerji təchizatı üçün alternativ marşrutları fəal şəkildə müdafiə edən ölkələrdən idi.
Beləliklə, düşünürəm ki, münasibətlərimiz həqiqətən də çox vacib, güclü və geniş spektrli olub. Bu 30 il ərzində münasibətlərimizdə müəyyən eniş-yoxuşlar da yaşanıb. Hesab edirəm ki, hazırda biz yeni bir mərhələyə qədəm qoyuruq və burada daha güclü və fəal ikitərəfli münasibətlər qurmağın, xüsusilə mövcud geosiyasi vəziyyət fonunda bir-birimizi daha çox dəstəkləməyin vaxtıdır.

- Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada enerji təhlükəsizliyi çox vacib məsələyə çevrilib. Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini necə qiymətləndirir və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi üçün hansı imkanlar mövcuddur?
- Hesab edirəm ki, Azərbaycan tarix boyu çox etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Bu etibarlılıq və enerji sahəsində münasibətlərin əhəmiyyəti xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra daha aydın şəkildə özünü göstərdi. Buna görə düşünürəm ki, ənənəvi enerji sahəsində Avropa İttifaqı və Litva artıq Azərbaycanla çox güclü əməkdaşlıq qurub.
Eyni zamanda biz bərpa olunan enerji sahəsində də yeni imkanlar görürük. Azərbaycan xüsusilə COP29-dan sonra dayanıqlı və bərpa olunan enerji sahəsində əməkdaşlığa böyük maraq göstərir və bu istiqamətdə fəallıq nümayiş etdirir. Bu isə Litvanın faydalı ola biləcəyi sahələrdən biridir. Bildiyim qədərilə, Azərbaycan təkcə Avropa İttifaqı ilə deyil, həm də Körfəz ölkələri ilə əməkdaşlığını genişləndirir. Lakin bizim təcrübəmizin maraqlı ola biləcəyi əsas məqamlardan biri enerji şəbəkəsinə qoşulma məsələsidir.

Çünki dənizdə və quruda yerləşən külək elektrik stansiyaları və ya günəş enerjisi parkları qurulduqdan sonra, onların elektrik şəbəkəsinə düzgün qoşulması vacibdir. Bu, enerji sisteminin sabit, fasiləsiz və etibarlı işləməsi üçün zəruridir. Məhz bu sahədə Litvanın çox böyük təcrübəsi var. Biz Rusiya enerjisindən 100% asılılıqdan 100% müstəqilliyə keçid etmişik. Bu proses çərçivəsində biz Rusiya elektrik şəbəkəsindən ayrılmalı, Baltik ölkələri olaraq öz elektrik şəbəkəmizi qurmalı və eyni zamanda Avropa İttifaqının elektrik şəbəkəsinə qoşulmalı olduq.
Bundan əlavə, ölkəmizdə ev təsərrüfatlarında və kiçik şirkətlərdə də bərpa olunan enerji mənbələrinin geniş tətbiqi həyata keçirilir. İnsanlar və yaxud kiçik müəssisələr öz günəş enerjisi sistemlərini qurur və sonra bu enerji ümumi şəbəkəyə inteqrasiya edilir. Bu, kifayət qədər mürəkkəb, lakin zəruri və mühüm bir prosesdir. Və düşünürəm ki, məhz bu sahədə Litvanın sahib olduğu zəngin təcrübə Azərbaycan üçün də maraqlı və faydalı ola bilər.
- Ötən il Azərbaycan və Ermənistan arasında davamlı sülhə doğru önəmli addımlar atıldı və iki ölkənin XİN rəhbəri Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh sazişini parafladı. Bəs Litva Azərbaycan və Ermənistan arasındakı bu sülh prosesini necə qiymətləndirir?
- Biz sülhə doğru əldə olunan irəliləyişi böyük məmnuniyyətlə alqışlayırıq. Bununla yanaşı, sözügedən irəliləyişə nail olmaq yolunda Azərbaycan və Ermənistan arasında birbaşa təmasları da yüksək qiymətləndiririk. Ümid edirik ki, sülh sazişi yaxın gələcəkdə imzalanacaq. Çünki belə bir saziş əldə olunarsa, bu, investisiyalar, əməkdaşlıq və müxtəlif iqtisadi layihələr üçün daha geniş imkanlar açacaq.

- Son illərdə Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və ticarət marşrutu kimi getdikcə daha böyük əhəmiyyət qazanır. Bu nəqliyyat dəhlizi çərçivəsində ölkənizlə Azərbaycan arasında əməkdaşlıq potensialını necə görürsünüz?
- Artıq bir neçə onillikdir ki, logistika və nəqliyyat sektorlarımız Cənubi Qafqaz, Baltik ölkələri və Litva arasında mövcud olan əməkdaşlıq imkanlarını və potensialı yüksək qiymətləndirir. Litva qış aylarında donmayan və ən şimalda yerləşən Klaipeda limanına sahibdir. Klaipeda Baltik dənizinə, oradan isə Skandinaviya və Almaniya bazarlarına açılan bir qapı rolunu oynayır.
Nəqliyyat və logistika sektorumuz adambaşına düşən göstəricilərə görə Avropa İttifaqında ən güclü sahələrdən biridir. Hətta hesab edirəm ki, bu göstəriciyə görə ən güclüsüdür. Mövcud nəqliyyat və logistika şirkətlərimiz uzun illərdir Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrlə əməkdaşlıq edir.
Düşünürəm ki, bu əməkdaşlığı daha da genişləndirmək mümkündür, xüsusilə də hazırda Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlərin müşahidə olunduğu bir dövrdə. TRIPP layihəsi və digər hadisələr fonunda Azərbaycan Orta Dəhlizin inkişafında, o cümlədən nəqliyyat sahəsində əsas aktorlardan birinə çevrilir. Məhz bu xüsusda hesab edirəm ki, nəqliyyat və logistika sektorlarımız arasında əməkdaşlıq daha da gücləndirilə bilər.
.jpg)
- Litva NATO üzvü kimi Azərbaycanla Alyans arasında münasibətlərin inkişafını necə dəstəkləyir?
- Azərbaycan NATO üçün çox vacib tərəfdaşdır. Təkcə NATO bu regionda təhlükəsizlik və sabitliyə töhfə vermir, eyni zamanda Azərbaycan da qlobal təhlükəsizlik səylərinə böyük fayda qazandırır. Məsələn, Əfqanıstanda NATO rəhbərliyində həyata keçirilən missiyada Azərbaycan çox mühüm rol oynayıb və ölkənizin əsgərləri Əfqanıstanı tərk edən son qüvvələrdən biri olub. Bunlar qarşılıqlı əhəmiyyət daşıyan münasibətlərdir. NATO Azərbaycanı, Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli hesab edir. Bu istiqamətdə təhlükəsizlik və sabitliyi daha da gücləndirmək üçün müxtəlif proqramlar üzərində işləyirik. Litva NATO ilə Azərbaycan arasında siyasi dialoqun genişləndirilməsini dəstəkləyir. Həmçinin hərbi sahədə Azərbaycanla ikitərəfli münasibətlərimiz var. Müdafiə nazirliklərimiz 2002-ci ildə əməkdaşlıq sazişi imzalayıb. Azərbaycanlı hərbi zabitlər Litvada təlim institutlarımızda təhsil alırlar. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində, ingilis dili təlimləri üzrə əməkdaşlıq edirik. Enerji təhlükəsizliyi və mina təmizləmə kimi sahələr də var ki, bunlar NATO-Azərbaycan münasibətlərində çox vacibdir. Hər iki tərəfin zəruri hesab etdiyi əsasda bu əməkdaşlığı artırmağa hazırıq və artıq artırırıq.
- Bildiyiniz kimi, 2022-ci ildə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana, 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Litvaya səfər etmişdi. Bəs yaxın zamanlarda iki ölkə arasında yüksəksəviyyəli səfərlər gözlənilirmi?
- Gözləntilər hər zaman var. Hazırda bununla bağlı konkret tarix olmasa da, ümid edirik ki, bu il ərzində bir neçə yüksəksəviyyəli səfər baş tutacaq. Bu cür səfərlər ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün çox vacibdir.
- Bir müddət əvvəl, daha dəqiq desək, 2023-cü ildə Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilən ərazilərində layihələrdə iştiraka dəvət edilmişdi. Bu istiqamətdə hansı yeniliklər var?
- İlk növbədə demək istərdim ki, Azərbaycanın Qarabağda yenidənqurma və infrastruktur layihələri istiqamətində gördüyü işlər həqiqətən təqdirəlayiqdir. Bunu bir növ kompliment kimi deyə bilərəm. Həmin ərazilərdə artıq bir neçə hava limanı, yollar və dağlar vasitəsilə tunellər inşa edilib. Bu, regionun sabitliyi və əlaqənin təmin edilməsi üçün zəruri işlərdir. Qarabağda fəaliyyət göstərən bir neçə Litva şirkəti və biznes nümayəndəsi var. Məsələn, Cəbrayılda mebel istehsalı ilə bağlı Litva şirkəti var və onun təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Kəlbəcərdə də bəzi litvalı biznes nümayəndələri var. Litva şirkətlərinə marağın tədricən artacağını düşünürəm.

- Bu ilin yanvarında Azərbaycanda diplomatik fəaliyyətə başlamağınızın bir ili tamam oldu. Bu dövr ərzində ölkənin hansı bölgələrinə səfər etmisiniz? Hara sizdə güclü təəssürat yaradıb?
- Əlbəttə, ən güclü təəssürat yaradan yer Bakıdır, paytaxtın, xüsusilə şəhərin mərkəzinin necə dəyişməsidir. Həmçinin ölkənin dağlıq bölgələri də çox gözəldir. Səhv eləmirəmsə, altı dəfə Şahdağda olmuşam. Bununla yanaşı, Şəki, Şamaxı və Qəbələni ziyarət etmişəm, oralar çox gözəl dağlıq ərazilərdir. Həmçinin Azərbaycanın zəngin tarixinin mühüm hissəsinin yerləşdiyi Gəncəyə getmişəm. Mingəçevirdə də olmuşam, orada gözəl su anbarı, hidroelektrik stansiyası və göl var. Sonra, əlbəttə, Qarabağda - Kəlbəcərdə, Şuşada, Xankəndidə, Zəngilanda, Cəbrayılda olmuşam. Məşhur kurort və maraqlı tarixə malik Naftalana da səfər etmişəm. Qısası, bu dövr ərzində Azərbaycanın kifayət qədər çox bölgəsində olmuşam və ölkəni bir az daha kəşf etməyi səbirsizliklə gözləyirəm.
- Azərbaycanda keçirdiyiniz bu bir ildən artıq müddətə nəzər salsaq, bu dövr ərzində sizin üçün ən yaddaqalan məqam nə olub?
- Əlbəttə, COP29 çox yaddaqalan bir hadisə idi, çünki həmin vaxt Azərbaycan, Bakı dünyanın diqqət mərkəzinə çevrilmişdi. Digər məqam isə etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməyim və onunla olan söhbətimiz idi. Mən, həmçinin onun Litva və ikitərəfli münasibətlərimiz haqqında biliklərinə heyran qaldım. Bununla yanaşı, Qarabağa səfərlər və oradakı yenidənqurma işlərini görmək də çox maraqlı idi. Həmçinin mədəni və idman diplomatiyası çərçivəsində səfirliyin fəal iştirakı, müxtəlif konsertlər və idman tədbirlərində iştirakımız da yaddaqalan məqamlardandır. Xüsusilə də litvalı məşqçilərin “Sabah” basketbol və futbol komandalarını çalışdırdığını görmək maraqlıdır. Digər məqamlardan biri də gənclərlə bağlı idi. Burada universitetlərlə görüşlər zamanı azərbaycanlı gənclərin və tələbələrin Litva universitetlərində təhsil almağa böyük maraq göstərməsi bizi çox sevindirdi.
.jpg)
- Litvada ölkəmizə heç vaxt səfər etməmiş birinə Azərbaycanı necə təsvir edərdiniz?
- Deyərdim ki, bu, tarix boyu böyük dayanıqlılıq nümayiş etdirmiş bir ölkədir, çünki yerləşdiyi region kifayət qədər mürəkkəbdir. Tarix boyu müxtəlif imperiyalarla əhatə olunmusunuz və bu sizin üçün təhlükəsizlik baxımından ciddi çağırışlar yaradıb. Buna baxmayaraq, siz müstəqilliyinizi qoruyub saxlamısınız, onu bərpa etməyə nail olmusunuz və ölkənizi qurmusunuz. 1991 və ya 1993-cü illəri xatırlasaq, çox böyük çətinliklər var idi, lakin Azərbaycan bu çətinliklərin öhdəsindən gəlib inkişaf edən və çox dayanıqlı bir dövlət qurmağı bacarıb.
Eyni zamanda, ölkə gözəlliyi ilə də seçilir, xüsusilə Litvadan gələn biri üçün. Bizdə dağlar yoxdur. Azərbaycana gələndə bu cür gözəl Qafqaz dağlarını görmək çox möhtəşəmdir. Düşünürəm ki, litvalılara deyəcəyim əsas şeylərdən biri də budur ki, turist kimi gəlib bu ölkəni ziyarət etməlidirlər.
- Və son olaraq, Azərbaycan xalqına, xüsusilə də ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi ilə maraqlanan şəxslərə hansı mesajı vermək istərdiniz?
- Deyərdim ki, ölkələrimiz arasında münasibətləri inkişaf etdirməyə çalışmaq, xüsusilə də insanlar arasında əlaqələri gücləndirmək çox vacibdir və bu, dövlətlərimizi də möhkəmləndirir. Çünki bu əlaqələr vasitəsilə biz bir-birimizi daha yaxşı anlayırıq və daha yaxşı dəstəkləyirik. Bu qarşılıqlı dəstək və həmrəylik gələcək üçün çox önəmlidir.
Həm Litvada, həm də Azərbaycanda sahibkarlıq ruhunu, potensialı və enerjini görürəm. Düşünürəm ki, bu baxımdan böyük nikbinliklə deyə bilərik ki, ölkələrimiz üçün də, ikitərəfli əməkdaşlığımız üçün də böyük potensial mövcuddur.
Günel İbrahimova
Fotolar: Xəyal Vəlizadə

























































