Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Yolun təhlükəsizliyi, şəhərin rahatlığı: “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin peşəkar fəaliyyəti
ÇİN DÖYÜŞ NÖVLƏRİ ASSOSİASİYASININ KUNG-FU FEDERASİYASI DÖVLƏTƏ, VƏTƏNƏ VƏ GƏNC NƏSLƏ XİDMƏT YOLU
GDU rektorunun ailə üzvləri iş adamının restoranını məcburi satdırmaq istəyir - Şəmkirdə sahibkara qarşı təzyiqlər
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında çıxış edərək, stansiyanın 240 meqavat gücünün ölkənin enerji potensialını artıracağını vurğuladı. Stansiyanın təməli 2022-ci ildə qoyulmuşdur və bu, “ACWA Power” şirkəti tərəfindən inşa olunmuş ilk bərpaolunan enerji stansiyasıdır. Prezident, bərpaolunan enerji sahəsində xarici investorların artacağını və Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi istiqamətində son 20 ildə generasiya gücünün üç dəfə artdığını qeyd etdi. Hazırda Azərbaycanın ümumi generasiya gücü 10 min meqavatdır, bu da enerji təhlükəsizliyini artırır. Son dövrlərdə həmçinin Mingəçevirdə yeni elektrik stansiyası açılmış, Cəbrayıl rayonunda isə üç yeni Günəş elektrik stansiyasının tikintisi davam edir.
Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını hədəfləyir.
Qeyd edim ki, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu sahədə hüquqi baza da təkmilləşdirilib. Dövlət Başçımızın 29 may 2019-cu il tarixli Sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında“ Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üzrə dövlətin satınalma öhdəliyi ilə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər, müvafiq müqavilə əsasında, 30 ildən çox olmamaq şərtilə həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisindən və torpaqlara görə torpaq vergisindən azaddırlar. Praktikada bu, yaşıl enerji layihələrinə investisiya qoyan sahibkarların əmlak və torpaq vergisi yükündən azad olmasını təmin edir və investisiya mühitini stimullaşdırır.
Bundan başqa, 2026-cı il yanvarın 1-dən qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulması müəyyən edilmişdir. Bu da investisiya mühitini yaxşılaşdırmağa hesablanıb.
Ölkəmizdə 10-a yaxın Günəş Elektrik stansiyası layihəsi mövcuddur. O cümlədən, İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.
İnnovativ yeniliklərdən biri də üzən günəş panelləridir. 2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.
Azərbaycan regionun enerji “hub”na çevrilir. Ölkəmiz bu istiqamətdə Mərkəzi Asiyanı Avropaya bağlayır. Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan “təmiz enerji” də Avropaya ötürə biləcək.
Yaşıl enerjinin ötürülməsi üzrə 4 dəhliz üzərində iş aparılır. Bu isə iştirakçı dövlətlər: Türkiyə, Macarıstan, Rumınıya, Bolqarıstan kimi ölkələrlə birgə layihələrdir.
Ölkəmizin 2024-cü ildə evsahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
Bu tədbir enerji keçidinin sürətləndirilməsi baxımında qlobal öhdəlikləri bir qədər də artırmışdır.
Beləliklə, Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir.






















































