DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Sən demə, xərçəng atamın ürəyini tamam üzübmüş...
Bu günlərdə atası xərçəngdən əziyyət çəkən dostuma...
Uşaqlıq xatirələri zaman keçdikcə adamın yaxasından daha kobud əllərlə yapışır və dünyadan bihuş olduğumuz zaman, başımız aləmgirliyə qarışanda bizi elə silkələyir ki, ruhumuzdakı bütün ağırlıq silkinib tökülür. Yenə o kobud əlli xatirələrdən biri bu qızmar yay günlərində yaxamdan tutub mənə uzaq illərin yayını xatırlatdı.
Yadıma Kürdəmirdə 1996-cı ilin qızmar, ilan mələyən yayı düşür. O yay ki atam xərçəng xəstəliyindən əziyyət çəkirdi və bacı-qardaşımla mən bəzən aylarla atamızın yolunu gözləyirdik ki, görəsən, xəstəxanadan nə zaman evə qayıdacaq. Amma o xəstəxanadan qayıdıb bir həftə evdə qalır, sonra başqa bir xəstəxanaya müalicə almağa gedirdi. Və atam Bakıdakı xəstəxanalardan evə qayıdanda bizə mütləq hədiyyələr alırdı. Xəstəxanadan evə elə dönürdü ki, elə bil kef-damaqdan qayıdır, ya da harasa iş dalınca gedibmiş. Özüm ata olandan sonra yaşamağın necə məsuliyyətli, övlad naminə necə vacib bir “iş” olduğunu anladım. Yadıma düşdü ki, atam bizə görə xəstəxanada “öz səhhəti üzərində işləyirmiş”.
Aylarla xəstəxanada qalan atamla telefonla danışanda ilk sualım bu olurdu: “Haçan gəlirsiz?” Adətən, ona qulluq eləmək üçün anam da onunla bərabər xəstəxanada aylarla qalırdı və o günlərdə bizi nənəm saxlayırdı. Atam “haçan gəlirsiniz” sualına, adətən, yaxın tarixləri nişan verirdi ki, uzaq vaxt gözümüzə durmasın.
Və biz – qardaşımla mən qonşu uşaqlarla oynamaqdan doymur, isti yay axşamlarında evə yığışmırdıq. Küçədə hansı işıq dirəyinin işığı yanırdısa, onun altında gecə saatlarına qədər oynayırdıq. Çox zaman səs-küydən bezən qonşular darvazalarının önündəki işıqları söndürürdülər ki, qaranlıqda oynaya bilməyib evə dağılışaq. Belə günlərdə nənəm qardaşımla məni evə çağırmaq üçün ardımızca bacımızı yollayırdı, bacım da bizi həyətimizə dartıb aparmaq üçün hər dəfə “atagil gəlir, yoldadılar” yalanını uydururdu. Daha o yalana qarnımız tox idi deyə həmin sözləri bu qulağımızdan alıb, o birindən verirdik. Bir gün yenə qardaşımla mən küçədə oynayarkən bacım gəlib and-aman elədi ki, “atagil gəlib”. Əvvəlcə inanmadıq, amma səsindən, gözlərinin dərinliyindəki parıltıdan, sevincdən atılıb-düşməsindən qandıq ki, deyəsən, bu dəfə düz deyir. Oyunu yarımçıq qoyub evə götürüldüm. Mənsiz oyun pozulduğuna görə uşaqların hərəsi dalımca bir yamanlama desə də dabanıma tüpürüb evə sarı qaçdım.
Sən demə, övladlarından sarı darıxan atam evdə gözləməyə səbri çatmayıb, elə darvazanı açıb bizi çağırmaq üçün küçəyə çıxırmış. O, qapını açan kimi mənimlə qarşılaşdı. Cəld qucağına tullanıb boynunu bərk-bərk qucaqladım. Sən demə, xərçəng atamın ürəyini tamam üzübmüş, canında təpər qalmayıbmış. Məni – 7 yaşlı uşağı nə illah elədisə də, qucağında saxlaya bilməyib dizi üstə yerə çökdü. Həyətdəki qohumlar hamısı tez yüyürüb gəldilər və atamı qucaqlarına alıb yataq otağına apardılar. O saat qardaşımla mən qaçıb qonşumuzda türkəçarə xalanı – Şahnisə xalanı çağırdıq. Şahnisə xala yumurtalı sarğıyla atamın belini bərk-bərk sarıdı. Atamın halını təsəvvür edin, 50 dərəcə isti, kondisionersiz ev, xərçəngin kəskin ağrısı, beldə də yumurtalı sarğının qızğın istisi. Yadımdadır ki, sarğının üstündən atamın belinə qalın şal da bağlamışdılar. Atamın amanı tamam kəsildi, çünki xəstə olsa da ara-bir həyətə çıxıb oturanda eyni açılırdı. Amma həmin hadisədən sonra bir həftə yataqdaca qaldı.
O gündən sonra mən həyatımda kimsəni – nə anamı, sevgilimi, nə oğlumu, nə dostlarımı bərk-bərk qucaqlayıb sinəmə sıxa bilmişəm. Çünki kimisə bağrıma basmaq istəyən kimi elə bilmişəm ki, bu saat atamın dizləri qatlanacaq...
Fərid Hüseyn,
Xüsusi olaraq “Qafqazinfo” üçün