Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

21 Oktyabr 2026 12:14Manşet / Gündəm

Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib

 

Oktyabrın 20-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib. Müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Lənkəran ŞİH başçısı Taleh Qaraşov geniş məruzə ilə çıxış edərək, dövlət başçısının müəyyənləşdirdiyi milli təhlükəsizlik, müstəqilliyin qorunması və iqtisadi inkişaf doktrinasına uyğun olaraq rayonda kənd təsərrüfatı, şəhər infrastrukturu, mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran strateji hədəfləri diqqətə çatdırıb.

    İcra başçısı Dövlət Proqramı çərçivəsində Lənkəran rayonunun ənənəvi və brend sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və çiyələkçilik sektorlarının modernləşdirilməsi istiqamətində irihəcmli investisiya qoyuluşlarının həyata keçirildiyini bildirib. Vurğulanıb ki, rayonda əkin sahələrinin genişləndirilməsi, yerli emal müəssisələrinin qurulması və yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə xüsusi Qərargah tərəfindən sistemli işlər aparılır. Həyata keçirilən aqrar islahatların daxili istehsalı artırmaqla yanaşı, ölkənin idxaldan asılılığının azaldılmasına və rayonda minlərlə yeni mövsümi və daimi iş yerinin yaradılmasına birbaşa töhfə verdiyi xüsusi qeyd olunub.

    “Şəhərsalma və memarlıq ili” çərçivəsində Lənkəran şəhərinin mərkəzi küçələrində, parklarında və çoxmərtəbəli binaların fasadlarında genişmiqyaslı yenidənqurma və asfaltlanma işlərinin aparıldığı da müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Kompleks abadlıq layihələri ilə paralel olaraq, rayon sakinlərini uzun müddətdir narahat edən su-kanalizasiya şəbəkəsinin yenidən qurulması fəaliyyətinin fəal fazaya keçdiyi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi layihəsi ilə ekoloji problemlərin kökündən həll edildiyi bildirilib.

     Müşavirənin ən mühüm mövzularından biri dövlət başçısının «İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir» tezisinə uyğun olaraq milli-mənəvi dəyərlərin yad təsirlərdən qorunması olub. Kənar mərkəzlər tərəfindən ölkəmizin dünyəvi dövlətçilik prinsiplərinə qarşı yönələn dini-ideoloji təxribat cəhdləri, xüsusilə azyaşlı uşaqların dünyagörüşünün manipulyasiya edilməsi və təhsil hüquqlarının məhdudlaşdırılması meyilləri qətiyyətlə pislənilib. İcra nümayəndəliklərinə və məktəblərə valideynlərlə təzyiq deyil, qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında maarifləndirici ünsiyyət mexanizminin tətbiq olunması tapşırılıb.

    Daha sonra məruzə ətrafında Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Rasim Məmmədov adına Lənkəran şəhər 5 saylı tam orta məktəbin direktoru Mayis Kazımov, şəhid atası, Lənkəran Dövlət Universitetinin baş müəllimi Rəfail Heydərov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev, Əməkdar müəllim, Səidəli Kazımbəyov adına Lənkəran şəhər 6 nömrəli lisey-gimnaziyanın direktoru Akif Xalıqov və Vətən müharibəsi iştirakçısı, Osakücə kənd tam orta məktəbinin hərbi rəhbəri Maksud Məmmədov çıxış ediblər.

     Müşavirədə çıxış edən natiqlər də ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər həyati əhəmiyyət kəsb etdiyini birmənalı olaraq vurğulayıb, kənar təxribatlara və informasiya hücumlarına qarşı kollektiv ayıqlığın vacibliyini önə çıxarıblar. Çıxışçılar dövlətimizin dünyəvi əsaslarına və milli-mənəvi dəyərlərinə yönələn qarayaxma kampaniyalarına qətiyyətli etirazlarını bildirərək, xalq-dövlət birliyinin bu təhdidləri dəf etmək üçün ən böyük güc mənbəyi olduğunu qeyd ediblər. Bu mübarizədə köhnəlmiş yanaşmalardan və şablon xarakterli formal tədbirlərdən tamamilə imtina edilməsinin zəruriliyi, real maarifləndirmə işinin önəmi xüsusi diqqətə çatdırılıb.

     Sonda natiqlər cəmiyyətimizin mənəvi sütunlarını qorumaq üçün hər bir qurumun, ailənin və ziyalının üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyinə əminliklərini ifadə ediblər.