Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Millət vəkili Tahir Mirkişili – “Dövlətə sədaqətin, vətənpərvərliyin və intellektual liderliyin simvolu”
Heydər Əliyev Fondu beynəlxalq aləmdə həm də humanitar fəaliyyəti ilə böyük nüfuza malikdir
“Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq” - Hikmət Hacıyev
Qara gözlü bilərziyin qara taleyi — Nəcibə İlkin yazır
Qara gözlü bilərziyin qara taleyi
Yaxud, Sovet İttifaqının qara əməlləri
Amerikalı yazıçı, Nobel mükafatı laureatı U.Folkner yazırdı: “Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.” Sonuncu fikrin üzərində dayanıram...
Ədəbiyyat xalqı, milləti yaradır...
Bəli, xalqın, millətin soyunu, kökünü, keçmişini, tarixini, başına gətirilən faciələri, bu gününü, gələcəyini ədəbiyyat yazmasa, yaratmasa, o milləti kim tanıya bilər?!
Keçmişindən xəbərsiz olan bir xalq gələcəyini qura bilməz. Bu mənada öz gördüklərini kitabın yaddaşına köçürmək, xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi sayılır. Gələcəyə miras kimi... Ədəbiyyat keçmişi bu günə, bu günü isə gələcəyə daşıyan ən böyük maarifləndirici vasitədir. Ədəbiyyatın bundan böyük mahiyyəti yoxdur. Yazıçı isə həqiqəti yazmalıdır. Yalan ədəbiyyata ayaq aça bilər, amma həqiqi ədəbiyyat ola bilməz. Həqiqi ədəbiyyat isə əzablar içində doğulur.
Elə götürək Cəmşid Əmirovu. Sovet dönəminin klassik detektiv janrının banisi. Onun “Sahil əməliyyatı”, “Qara Volqa”, “Şəhər yatarkən”, “Brilyant məsələsi” kimi detektiv əsərləri milyonlarlarla oxucu kütləsinin sevimlisinə çevrildi. Nə üçün, niyə? Çünki xalq cəmiyyəti çirkləndirən ünsürlərdən, gizlin oyunlardan xəbərsiz idi. Bunları isə bilməmək şeytan qoynunda yatıb cəhənnəm yuxusuna düçar olmaq kimi bir şey idi. Bu çirkin oyunları xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi olsa da, cəsarət əsas amil idi. Cinayətkarlar məsuliyyətə cəlb olunsalar da, cəmiyyəti bu quldurlardan təmizləmək, tamamilə yox etmək mümkün deyildi. Çünki onların arxasında böyük qüvvələr dayanırdı. Bu oyun böyük qüvvələrin sadə ailələrin məhvi, gənclərin ölümü üzərində asan qazanc mənbəyi idi. Daha doğrusu mənbəyidir. Sovet qanunlarının “möhkəm və ciddi” bir zamanında belə qanunsuzluqların baş verməsi ağlasığan olmasa da, sovet rejiminin iç üzünü açıb ortaya qoydu. Zamanında yazılmaqla, milis orqanları ilə, cinayətkarlarla dəfələrlə söhbət aparan müəllif, xalqa dəqiq olanları çatdırmaq niyyətini yaşamışdı. Və bunu müəkəmməl şəkildə bacararaq oxucu qarşısına çıxara bilmişdir. Bu da bizim özümüz qədər inandığımız sovet qanunlarının şahlığı...
Vaxtılə sovet vətəndaşı olmağımızla, boynumuza qalstuk, yaxamıza oktyabryat, komsomol ulduzları taxıb “Mən sovet vətəndaşıyam” deməyimizlə o qədər fəxr etmişik ki... Sovet vətəndaşı olmaq sanki əsl insan olmaq deməkdir, fikri ilə yaşamışıq. Lakin, əli milyonlarla türkün qanına bulaşmış bu sovet imperiyası bizim parçalanmağımızda, torpaqlarımızın bölünməsində, türkçülüyümüzün məhv olmasında az rol oynamayıb. Əslində dədə-babalarımızın qanı üzərində qurulmuş bu rejim tərəfindən tariximiz gizlədilib, bayrağımız gizlədilib, bizi sovet bayrağı altında böyütməklə sovetin “sevimli vətəndaşı” ediblər. Sovet vətəndaşı adı altında bizi əziziləyən, başımıza sığal çəkən bu rejim əl altından sovet vətəndaşlarını “ağ ölüm” lə zəhərləyərək milyonların sahibi olmağa çalışıb. Zaman isə ən gözəl hakimdi...
Müharibədən yenicə çıxmış sovet Bakısında mütəşəkkil cinayətkar dəsətəsinin yarandığı onların hər cür cinayət törətdiyi, narkotik, qumar, oğurluq, quldurluq, zorakılıq, qətl hadisələrinin baş alıb getdiyi çətin bir dövrdə, sovet qanunlarının kəskin dönəmində Cəmşid Əmirov ard-ardıyla qatı cinayətkarların iş başındakı quldurcasına törətdiyi hadisələri, çekist və milis işçilərinin bu sahədəki fəaliyyətini və həyata keçirdikləri əməliyyatarı müəllifi olduğu kitabların yaddaşına köçürdü. Əsərlərin sonunda cinayətkarlar ədalət məhkəməsi qarşısında cəzalandırılır. Onun əsərlərinin əsas mahiyyəti məhz insanın cinayətkar kimi doğulması deyil, cəmiyyətin insanları cinayətkar kimi formalaşdırmasıdır.
Bir sözlə, bədii nəsrimizin mövzu və ideya, sənətkarlıq cəhətdən formalaşmasına təsir göstərməklə gələcək nəslin detektiv ədəbiyyata gəlişinə yol açdı, Cəmşid Əmirov. Bu yolu gedənlərdən biri, çağdaş ədəbiyyatımızda ilk detektiv yazan xanım yazıçımız Rəna Nəcəfqızıdır. O, “Qara gözlü bilərzik” adlı detektiv-kriminal romanı ilə ədəbiyyatımıza öz möhürünü vurdu. Son zamanlar ədəbiyyatda səs-küyə, oxucuların marağına səbəb olan bu kitabı həvəslə əldə edib oxumağa başladım. Doğrudur, əsər haqqında müəllifin öz dilindən eşitmişdim. Lakin onu oxumaq, fikir və düşüncələrimin süzgəcindən keçirmək həm müəllifin, həm də mənim arzum idi.
Sözün həqiqi mənasında əsəri oxuduqca nələr yaşadığımı deməkdə acizəm. Əsər ideya cəhətdən çox güclü və təsiredicidir.
Ən yaxşı tərəfi isə onun real faktlar üzərində yazılmasıdır. Əsər insanı bir anlıq həyacan dolu hisslərlə qarşılayır, özünə çəkir və inanılmaz dərəcədə insanda qorxu yaradır. Məhz əsərin də gücü ondadır ki, oxucunu həyacanlandırsın, onda vahimə yarada bilsin... Adını unutduğum bir müdrikin sözüylə desək, yazıçının əsəri atışmanı xatırladır, güllə birbaşa oxucunun beyninə də keçər, yandan da ötə bilər. Mənə elə gəlir bu əsər güllə kimi onu oxuyanın birbaşa beyninə keçir. Markes yazırdı ki, gerçəkliyi astar üzünə çevirən və bu astar üzün necəliyini göstərən roman mənim fikrimcə can atmalı olduğumuz ideala yaxındır. Ümumiyyətlə, yazıçı yalnız xeyirxah, nəcib məqsədlər güdən əsərlər deyil, həm də yüksək səviyyəli əsərlər yaratmağa çalışmalıdır. Hər bir yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Mən deyərdim ki, bir yazıçı kimi Rəna Nəcəfqızı bu əsəri ilə inqilabi çağırış elədi. Çox yüksək və ali səviyyədə...Əslində əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan yol olmalıdır. Bu yolu şərəflə açan və onu getməyi bacaran Rəna xanım düşünürəm ki, bu əsəri ilə xalqı ayıltmaqla, aydınlığa çıxartdı. Əsər yaddaşımızı təzələdi, bizi özümüzə qaytardı. Beynimizdə, düşüncəmizdə olan inamımızı dəyişdirdi, həyatın ağrılı anlarını yaşayan, pul üstündə çirkin oyunlara təhrik olunan vətəndaşlarımızın yaşadıqlarına təəssüfləndik. Onları belə oyunların qurbanı edənlərə qarşı nifrət hissimiz nə qədər güclü olsa da, əslində hər birisi zamanın qəddarlığının qurbanı olmasını da unutmamalıyıq. Həyatın hər üzünü obrazıların simasında bizə çatdıran müəllifin demək istədyi nədir?
Həyat heç də hər zaman biz deyən kimi olmur. Hər kəsin yaxşı yaşamaq arzusu olsa da, həyatın girdabına tuş gələn, cəmiyyətin formalaşdırdığı bataqlığında batan, iradəsi və düşüncəsi zəif, mənəviyyatı kasad insanlar bu yaşamağın ləzzətini müvəqqəti “varlanmaqda”, pula hərisikdə tapırlar. Bu hərislik isə onları uçuruma yuvarlayır, həyatın amansızlığı ilə üz-üzə qoyur.
Öncə onu qeyd edim ki, Rəna xanımın nəsr qələminə bələdəm. Onun sosial şəbəkədə povest və hekayələrini oxumuşam. Nəsr dili çox rahat, rəvan olmaqla maraqlı süjet xətləri, dolğun fikir və düşüncələri var. Təhkiyələr, obrazların dili olduqca səmimi və oxunaqlıdır. Heç kəsi təkrarlamayan mövzu seçimi və fərqli dil üslubu olduğu qədər də güclü və cəlbedicidir.
Unutmayaq ki, zamanla səsləşən əsərlər hər an bizim ehtiyac yerimizdir. Həm də o əsərlər ki, dünənimizi bu günümüzə çatdırır. C.Əmirov haqqında dediklərimi Rəna xanıma da aid edirəm. Əsərlərin süjet xətti müxtəlif olsa da, mövzu baxımı eynilik təşkil edir. Eyni dövr, eyni zaman və eyni kriminal hadisələr. Narkotika, qızıl alveri, qətllər və s. “Qara gözlü bilərzik” də başlanğıcı yüksək dairələrdən başlayan və sovet ölkələrində davam edən bu kriminal hadisələr sanki hörümçək torunu xatırladır.
C.Əmirovun əsərlərindəki hadisələr Rəna xanımın əsərindəki hadisələrin bir hissəsidir, desəm yanılmaram. Rəna xanım hadisələrin baş verdiyi əsas mənbədən və lap əvvəlindən, başlanğıc nöqtədən, Cəmişid Əmirov isə hadisələrin ortasından başlayıb. Yəni təkcə Azərbaycandakı hadisələrdən. Deməli, C.Əmirovun əsərindəki hadisələr həmin əməliyyatların davamıdır, yaxud bir qoludur...
Mərkəzdən idarə olunan “Qaragöz” əməliyyatı postsovet məkanlarında cərəyan edir. Özü də seçilmiş və bu işdə səriştəli olan adamlarla. Müəllifin dediyi kimi Qalina Leonidovna, Vladimir, Mariya Koşilova, Nara, Ayka və s. Onların sayəsində Moskva, Moldava, Tbilisi, Kazan “narkotik biznesi” əlaqələri geniş vüsət alır.
Əsər çox samballı olmaqla yanaşı, maraqlı və həyacanlı epizodlar üzərində qurulub. Yenicə müharbə alovundan çıxmış ölkələri narkotika alovu bürüyür. Bir ucu isə Azərbaycanda davam edir.
Baş verən hadisələr sovet rejiminin məhsuldur. Serb yazıçısı İ.Andriç yazırdı: “ Mən yaşayıb həyatdan zövq alanda – yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur.” Bəli, yazıçının yazdığı əsər onun çəkdiyi iztirablardan, gördüyü acı həqiqətlərdən, dəhşətli əzablardan yaranır. O əzablar ki, gündən-günə doğulur, yaşıyır, məhv edir... Sanki bir alovdur, yeri-göyü bürüyən və sönmək bilməyən alov. Narkotik alveri bu gün də gəncliyimizin məhvinə yönələn və sönmək bilməyən br alovdur ki, hələ nə qədər insanların vaxtsız canını alacaq, neçə cavanlar qurban gedəcək. Kimlərinsə varlanmağı naminə....
Əsərin əsas qəhrəmanı, kriminal dəstənin başçısı keçmiş SSRİ-nin, yəni Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi, hər birimizin sülhsevər kimi tanıdığımız L.İ.Brejnevin qızı Qalina Leonidovnadır. İkinci qəhrəmanı isə Ayka ləqəbli Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elzadır. Hər ikisi brilyant, narkotika alverçisi...
Elzanın kimliyi haqqında müəllif bizi çox keçmişə, “Sarıqamış” hərəkatına aparır. Hansı ki, bizim yaddan çıxmayan qanlı tariximiz... Rus işğalına məruz qalan Qars, Ərzurum, Ərdahan... Bu hərəkatda əsir götürülənlərin içində altı yaşlı Aişə Mətini milyonçu İsrafil ağa həyat yoldaşı Sona xanımla birgə rus generalna rüşvət verərək ölüm adası olan Nagindən qaçırmaqla, onu əsirlərdən birinə qoşaraq Gürcüstana göndərir. 18 yaşli Aişənin ailə qumasından Tərlan adında oğlu, Sona adında qızı olur. Oxucuya aydın olur ki, Aişə Mətin Aykanın nənəsi, Sonanın qızıdır. Hansı ki, Sona və əri Sadıx haqqında müəllif kiçik bir epizodla bizi tanış edir. Sadıx müharibəyə gedənə qədər Sonanın qardaşı Tərlandan gözü su içmədiyinə görə evinə qoymur. Sadığın müharibəyə getməsi Tərlanın əl-qolunu açır və bacısı hələ ölüm ayağında ikən evini satır, balaca Elzanı isə küçələrə salır. Özü isə narkobaron Georginin dəstəsinə qoşulur.
Əsərdə həqiqətin gerçək üzü var, bəzəksiz hadisələr var. Həyatda baş verən ən qorxunc və insanların iç üzünü aça bilən, keçmişimizin bu günümüzə qoyduğu bağışlanılmaz miras var. Hansı ki, bizlər onlardan xəbərsizik...Hansı ki, onlar hələ də davam edir. Unutmayaq ki, narkotik vasitələrin vüsət aldığı bir dövrdə, gənclərimizi “ağ ölüm”ə sürükləyən, onların həyatını məhv edən, gələcəyimizi kölgələyən bu iyrənc, qorxunc, dəhşətli ağrılar cəmiyyətimizin yaxa qurtara bilmədiyi ən böyük bəlalardan biri, yaxud birincisidir.
“Qara gözlü bilərzik” də bu baxımdan keçmişimizdən bu günümüzə boylanan qara taleli yazıdır. ilk nəzərimi cəlb edən SSRİ-nin baş katibi Brejnevin qızı Qalinanın hər kəsi heyrətə salan özündən 18 yaşlı böyük olan bir sirk ustası ilə ailə qurmasıdır. O an hiss olunur ki, bu nigah sevgi üzərində deyil, başqa maraqlar üzərində qurulur. Hadisələr məhz onun ərinin SSRİ-nin xalq artisti, sirk təlimçisi, brilyant kolleksiyaçısı İrina ilə səfərdən qayıtmasından sonra başlayır. İtalyada səfərdə olan zaman ölkənin milyarderi İrinaya bağışladığı altı-yeddi milyonluq qara gözlü bilərzik Qalinanın nəzərindən qaçmır. Bu, adi bilərzik deyildi. İmperatorun öz zərgərinə hazırladığı və 150 ildən sonra hərraca çıxarılan çox bahalı, brilyant qaşları ilə gecəni işıqlandıran bir bilərzik idi. Onu əldə etmək üçün planlar cızan Qalina, ərinə israrla bilərziyin onda olmasını təkid edir. Bu işin həll olunması isə ərinin dostu, brilyant və narkotik alverçisi qaraçı Borisə tapşırılır. Boris isə bu işi Cəbrayılla həll edir...
“Qaragöz” əməliyatı Qalinanın istədiyi kimi başa çatır. Bu əməliyyatda nə qədər insanın ölümü deyil, əsas Qalinanın istədiklərinin əldə olunması idi. Əsər o vaxtı samballı olur ki, mövzu baxımından maraqlı olsun və müasirliklə səsləşə bilsin. Müəllif o vaxt oxucu tərəfindən sevilir ki, nəsr dili rahat və qəlbə yatımlı olsun. Mövzu ruhun tələbində, qəlbin aynasında özünü rahat tapa bilsin. Hər iki eyniliyi özündə birləşdirən əsər xalqın yaddaş məhsuluna çevrilir. Olduqca maraqlı və oxunaqlı əsəri müəllif peşəkarlıqla obrazların dili ilə hadisələri çox asanlıqla oxucuya çatdırır. Əslində cinayət əməlli hadisələr yazıçıdan həm də bacarıq tələb edir. Bu bacarıq isə Rəna xanımın özünü bu janrda sınamaq kimi gücündən irəli gəlib məncə. Və çox gözəl də bacarıb.
Böyük Vətən müharibəsinin milyonlarla insana vurduğu zərbə əsərdə Ayka ləqəbli Elzadan da yan keçməyib. Müəllif bu obrazın kiçik yaşlarından başına gələn bəlalarla oxucunu tanış edir. Vaxtsız ata-anasını itirən Elzanın zirzəmilərdə keçirdiyi məşəqqətli həyatı, zibil yeşiklərindən çətinliklə əldə etdiyi tullantı qidaları qəbul etməsi onu sıxsa da, içindəki ümid işığı onu yaşamağa sövq edib. Ürəkağrıdıcı həyatı olan Elzanı bu əzablardan qurtaran Zəfər adlı bir zabit onu evinə gətirir və ailə həyatı qurur. Lakin bir müddətdən sonra Zəfər küçədə narkoman dəstə ilə qarşılaşır. Bu dəstənin başçısı Georgi olsa da, dəstədə vaxtilə Elzanı küçələrə salan dayısı Tərlan da var. Onun bütün sirlərini Elzadan öyrənmiş Zəfər üzünə hər şeyi deməkdən çəkinmir. İnsanlığını itirmiş narkoman Tərlan ona bələd olan Zəfərin sonuna çatır. Cəbrayıl adlı bir övladı olan Elza isə özü də bilmədən, ürəyinin saflığından başqa bir narkoman dəstəsinin tələsinə düşür.
Əsərin acılı-ağrılı məqamlarını bəzən qəbul etmək ağır olsa da, ancaq düşünürsən ki, müəllifin oxucuya demək istədiyi əsas cəmiyyətin iyrəncliyinə bulaşmış və mənəviyyat aləmindən tamamilə uzaqlaşmış isanlığını narkotikə qurban vermiş belə məxluqların son aqibətini oxucuya çatdırmaqdır. Əslində belə əsərlər bir maarifləndirici amildir. Müəllif küçədə, əsas da zibil yeşiklərinin yanında dilənən Elzanı başqa bir narkotik alverçisi Nara ilə rastlaşdırır. Nara, Vladimir və Safina üçlüyü. Bu işin peşəkarları ilə Elza daha da müəkəmmələşir. “Tbilisi-Moskva” qoluna Nara nəzarət edir. Demək olar ki, Tbilisidən tutmuş Gürcüstanın bütün regionlarının narkotiklə o təmin edir. Nara Elzanı narkotacir dostları ilə tanış etdikdən sonra Elza bu yolun mükəmməl yolçusuna çevrilir. Elzanın bir dilənçi kimi zibil yeşiklərindən qida axtarması heç kəsi şübhələndirmədiyindən onu bu işə sövq edən Nara vaxtla hərəkət edir. Zibil yeşikləri onların “mal”ının təyinat nöqtəsi olur. Elzanın heç kəsin nəzərini cəlb etmədən guya zibil yeşiklərindən qida axtarması, bəzən dilənməsi danışılmış şəkildə ora tullanmış “mal”ın evinə aparması, onu səliqə ilə paketləməsi və sahibinə çatdırması işini böyük məharətlə həyata keçirməklə dəstə başısının ən etibarlı adamına çevrilir.
Azadlığın nə olduğunu bilməyən insanlar vəhşi heyvandan betər bir-birini parçalamaq üçün hər an hazır olur. Heyvanlar yem üstündə, belə “insanlar” isə pul üstündə. Olmuş həqiqətlərin gerçək üzü... Hər an səni gözləyən ölümlə üz-üzə olduğunu bilsən də, nəfsinə yox deyə bilmirsən. Madiyyat mənəviyyatı üstələyir. İnsanlıq isə tamamilə yox olub gedir. Bax, belə bir cəmiyyətin sakini olmaq nə qədər ağırdısa, olanları, baş verənləri qələmə almaq da müəllif üçün o qədər çətindir.
Elzanın əli çoxlu sayda insanların qanına batsa da, işini məharətlə həyata keçirir və ətrafındakı dəstəsi onu qorumaqla “mal” ın satışının daha da çoxalmasına, daha geniş yayılmasına nail olur. Kriminal dəstənin görüş yeri onun Qaratəpədəki dəbdəbəli sarayıdır. Oğlu Cəbrayılı rəfiqəsi Sara ilə Azərbaycan kəndlərinin birinə yola salan Elza oğlunun bunlardan xəbərsiz olmasını istəyir. Əslində oğlu da cani kimi böyüyür. Əsərin əvvəlində qeyd etdiyim “Qaragöz” əməliyyatın qatı cinayətkarından biri Cəbrayıl olur. O, dəstə üzvülərini qətlə yetirib iz buraxmadan İrinanın bütün brilyantlarını ələ keçirib, aradan çıxır. Oğurladığı qızılları anasına təhvil verir.
Rus tənqidçisi V.Belincki yazırdı ki, “Cəmiyyət kimi ədəbiyyatın da plebeyləri, qara camaatı var, qara camaat isə hər yerdə həm nadan, həm də azğındır”. Məncə müəllifin bu əsərindəki qara camaat da elə eynidir, nadan və azğın.
Əsər boyu Cəbrayılla bağlı süjet xəttində çox şeylərdən xəbərdar oluruq. Cəbrayıl bu kəndə ayaq qoyandan kənddə avaraçılıq, savadsızlıq baş alıb getməsinin şahidi oluruq. O, öz tay- tuşlarını təhsildən yayındırmaqla, onları cahilliyə aparır. Nuralılar kəndində ailə daxili münaqişə və planlı şəkildə ölüm hallarının başında duran Cəbrayıl əmisi oğluna nişanlı olan Alagöz adlı qızı götürüb qaçırmaqla onun qardaşının hücumuna məruz qalır. Cəbrayılın bıçaqla onu yaralaması və həbs edilməsi, dörd ildən sonra həbsdən qayıdanda Alagözün öldüyünü, qızı Yasəmənin isə Cəbrayılın “anası” Saranın umuduna qalması məsələləri onda hiddət doğurur. Məcbur olub çox keçmədən Sənubərlə ailə həyatı quran Cəbrayıl daha çətin tale yaşayır. Dostu Talıbın Cəbrayılla birgə içki qəbul edərək, arvadı Məsumənin ölümünə səbəb olması və s. qarışılıqlı epizodların bir-biri ilə əlaqəli şəkildə çox sirlərin açılmasına gətirib çıxarır. Hələ 14 yaşında ikən əli qana batan Cəbrayıl artıq cani kimi özünü təsdiqləmişdi. Anasının tapşırığı ilə atasının qisasını aldığı Georginin diri-diri gözünü çıxarmış və onu min bir işgəncə ilə öldürmüşdü. Bu, bir qisas olsa da 14 yaşlı bir gəncin əsil cani olmasına yol açmışdı. Ona barmaq silkələyn adamın ölümünə dərhal fərman vermək və yerində əməl etmək anası Aykadan ona qalan mirasdı. Anası heç kəsə tabe olmayan və ona qarşı gələni yerindəcə “qoçuları“nın əliylə susdurur.
Cəbrayıl insanların ölümdə müxtəlif üsullardan istifadə edir. Sanki bu yolda böyük məktəb keçib, canilik məktəbi. Arağına dərman qatılan, ağlı başında olmayan Talıb Məsumənin üstünə getsə də, arvadın başına zərbəni vuran Cəbayıl, çəkiçi yerə yıxılan Talıbın əlinə qoyub çölə çıxır. Hətta Talıbın istintaq zamanı dönə-dönə dediyi sözə heç kəs məhəl qoymur. “ Sərxoş idim, döydüyüm yadımda idi, amma onu mən öldürməmişəm” dediyi həqiqətə heç kəs inanmır. Çünki Cəbrayıl heç bir iz qoymadan məharətlə öz cani rolunu gözəl oynamışdı. Əslində Məsumədən həm də öz sevgi qisasını almışdı.
Rəna Nəcəfqızı - Əsərin müəllifi