Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub
Nazirlikdə Avropa Universitetləri Futzal Çempionatının qalibləri ilə görüş - Fotolar
“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”
Azərbaycan dili – mənim doğma dilim
Dil bir millətin mənəvi sərvəti, kimliyinin, tarixi yaddaşının daşıyıcısıdır. Azərbaycan dili isə təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli varlığını, düşüncə tərzini, dünyagörüşünü formalaşdıran əsas amildir. Doğma dilimizin zənginliyi, qədimliyi və müasir inkişaf mərhələləri hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Azərbaycan dili türk dilləri ailəsinə mənsub olub, qədim oğuz ləhcələrinin davamı kimi formalaşmışdır. Orxon-Yenisey abidələrindən başlayaraq bu günə qədər dahilərimizin dünyanın söz xəzinəsini bəzəyən elmi və bədii əsərləri dilimizin tarixi dərinliyini və zənginliyini sübut edir. XIX-XX əsrlərdə dilimizin ədəbi normalaşması, milli mətbuatın və teatrın yaranması Azərbaycan dilinin ictimai funksiyalarını genişləndirmişdir.
Ulu Öndər Heydər Əliyev: “Azərbaycan dili – millətin sərvətidir”-deməklə, dilin dövlətçilik və milli kimlik üçün əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, dövlət dili Azərbaycan dilidir. Bu, dilimizin hüquqi statusunu təmin etməklə yanaşı, onun qorunması və inkişafına dövlət dəstəyi göstərilməsinin də əsasını qoyur.
Bu gün Azərbaycan dili həm rəsmi, həm də beynəlxalq səviyyədə istifadə edilən nüfuzlu dillərdən biridir. Prezident İlham Əliyevin sərəncamları ilə dilin normativ bazası gücləndirilmiş, Terminologiya Komissiyası, Dilçilik İnstitutu və digər qurumlar vasitəsilə lüğətlər, normativ sənədlər nəşr edilmişdir. Medianın, təhsilin və rəqəmsal platformaların inkişafı da dilin təkmilləşməsinə təkan verir.
Azərbaycan dili qədim və zəngin tarixi olan, türkdilli xalqların ən inkişaf etmiş dillərindən biridir. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyinin, mədəniyyətinin, tarixi yaddaşının daşıyıcısıdır. Müasir dövrdə Azərbaycan Respublikasının rəsmi dili kimi hüquqi statusa malik olan bu dil dünya azərbaycanlılarını birləşdirən ortaq mənəvi bağ rolunu oynayır. Dilimizin formalaşması prosesi minilliklərə dayanır və bu müddət ərzində dilimiz çoxsaylı mərhələlərdən keçmişdir. XII-XIV əsrlərdə yazılı poeziya nümunələrinin meydana gəlməsi ilə ədəbi dilin əsası qoyulmuş, XV-XVIII əsrlərdə klassik şairlərin (Nəsimi, Füzuli, Vaqif və b.) əsərləri ilə zənginləşmişdir. XX əsrdə isə dilin standartlaşması və rəsmi status qazanması baş vermişdir.
Azərbaycan dili aqlütinativ quruluşlu dildir. Bu, o deməkdir ki, sözlərə müxtəlif şəkilçilər ardıcıl şəkildə artırılır, hər şəkilçi öz spesifik funksiyasını qoruyur. Məsələn: şəhər – şəhərlər – şəhərdə – şəhərdəki və s. Bu quruluş nitqə çeviklik və ifadə zənginliyi verir.
Əlifbamızdakı sait və samitlərin uyğun ahəngdarlığı nitqimizi gözəlləşdirir, ona bir musiqilik qazandırır. Ahəng qanunu, yəni saitlərin uyum qaydası Azərbaycan türkcəsinin melodik və musiqili səslənməsinə şərait yaradır. Eyni zamanda vurğu və intonasiya sistemi dilin emosional çalarlarını ifadə etməyə imkan verir.
Morfoloji baxımdan, Azərbaycan dili zəngin şəkilçi sisteminə malikdir. İsimlər cinsə görə dəyişmir, lakin hal, təklik-çoxluq, mənsubiyyət, xəbərlik şəkilçiləri vasitəsilə qrammatik əlaqələr qurulur. Feillər zaman, şəxs, təsrif şəkilləri ilə ifadə olunur.
Sintaktik cəhətdən, cümlə quruluşu nisbətən sərbəstdir. Lakin əsas quruluş söz+söz+feil formasındadır. Məsələn: “Müəllim dərsi izah etdi”. Dilimizdə həm sadə, həm də mürəkkəb cümlə quruluşu geniş istifadə olunur. Bu, fikrin ifadəsində elastiklik yaradır.
Leksik tərkib milli və alınma sözlərin harmoniyasını əks etdirir. Azərbaycan dili ərəb, fars, rus, fransız və ingilis dillərindən müəyyən qədər sözlər alsa da, milli söz ehtiyatı üstünlük təşkil edir. Dilimizin lüğət tərkibi zəngin və çoxqatlıdır. Eyni zamanda dilimizdən dünyanın bir çox dilləriniə: rus, erməni, fars, yunan, hətta bəzi avropa dillərinə sözlər daxil olmuşdur.
Doğma dilə münasibət dövlət siyasətində də öz ifadəsini tapır, zaman-zaman dilin istifadəsi və inkişafı istiqamətində sərəncamlar imzalanır.
Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalq üçün onun ana dili milli varlığının, milli məfkurəsinin əsas atributudur”. Bu gün Azərbaycan dövlətinin dil siyasəti ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycan dili dünya miqyasında təbliğ olunur, xarici ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri yaradılır.
Azərbaycan dili bizim doğma dilimizdir. O, təkcə danışıq vasitəsi deyil, həm də tariximizin, ruhumuzun, kimliyimizin daşıyıcısıdır. Bu dilə sahib olmaq, onu qorumaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Gələcək nəsillərə sağlam və zəngin dil mirası ötürmək isə bizim milli məsuliyyətimizdir.
Azərbaycan dili xalqımızın mənəvi varlığı, tarixinin güzgüsüdür. Bu dili sevmək, qorumaq, öyrənmək və inkişaf etdirmək hər bir azərbaycanlının borcudur. Doğma dilinə bağlı olan xalq heç vaxt assimilyasiyaya uğramaz, kimliyini itirməz.
Həcər Hüseynova
Filologiya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universiteti, BAAU
[email protected]
https://orcid.org/0000-0002-3223-427X