“Ailə ailədir, fərqi yoxdur, şəhid ailəsidir, ya yox. Ailədaxili problemlər həmişə olub, şəhid ailəsi üzvü olması o demək deyil ki, ailədə o problem yoxdur. Lakin onu qabartmağı, şişirtməyi mən düzgün saymıram. Çünki o ailələr bizim dəyər daşımızdır. Bağçada, məktəbdə, universitetdə nümunə göstərdiyimiz ailələrdir”.
Bunu şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə “Qafqazinfo”nun suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik:
- Şəhid xanımı obrazı haqqında danışanda ilk siz yada düşürsünüz. Bunun hansı məsuliyyəti var?
- Şəhid adı bir ucalıqdır, müqəddəslikdir. Şəhid ailəsinin üzvü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaq deməkdir, Azərbaycan, Vətən deməkdir. Hər bir şəhid ailəsinin üzvü bu müqəddəsliyi dərk edir. Biz həmişə çalışmışıq ki, Raquf Orucovun ailəsi olaraq müqəddəs ada - Vətən adına layiq olaq.
- Ali məktəblərə qəbul imtahanlarında şəhid xanımlarının da iştirakının, uğur qazanmalarının şahidi oluruq. Siz özünüz də 2019-cu ildə Vəkillər Kollegiyasına imtahan verdiniz. Hazırda Rəyasət Heyətinin üzvüsünüz. Xüsusilə şəhid xanımları ilə bağlı bu xəbərlər bizi çox sevindirir.
- Bəli, Aprel döyüşlərindən bir il sonra, 2017-ci ildə Talışda R.Orucovla eyni vaxtda şəhid olmuş polkovnik Vüqar Yusifovun xanımı Lalə Əliyeva ilə birgə biz “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq. Şəhid ailələrini topladıq və müqəddəs bir yolçuluğa başladıq. Çünki bizim ağrı-acılarımız eyni idi, bu baxımdan bu təşkilat sığındığımız, dərdlərimizi paylaşa bildiyimiz bir ev oldu. Biz bu yola 6 ilə yaxındır bizə miras qalan vətənin dəyərlərini təbliğ etmək, canını fəda etmiş qəhrəmanları tanıtmaq üçün çıxdıq. Həmçinin şəhid ailələrini maarifləndirmək, onların gənc ailə üzvlərinin təhsillərinə dəstək olmaq istəyirik. Dediyiniz istiqamət bizim üçün prioritetdir, hər bir şəhid xanımının təhsil alması onun övladlarını da düzgün istiqamətləndirməyə kömək edəcək.
Bizim ən böyük layihələrimizdən biri “Əmanətə sədaqət” layihəmizdir. Bunu “Azərlotereya” ASC-nin dəstəyi, Elm və Təhsil Nazirliyinin (ETN) tərəfdaşlığı ilə həyata keçiririk. Hər il Azərbaycan və Türkiyə universitetlərinə qəbul olan şəhid xanımlarına təhsil təqaüdü ayırırıq. Layihəmiz çərçivəsində 106 şəhid övladı və xanımını təqaüdlə təmin etmişik. Ali təhsil almaq istəyən şəhid xanımlarının sayı hər il artır. Düşünürəm ki, bu, həm də bizim tədbirlərimizin nəticəsidir.
- Bir müddət əvvəl ölkədə peşəkar psixoloq çatışmazlığı ilə bağlı məsələ gündəmə gəlmişdi. Qazilərimiz bununla əlaqədar türkiyəli mütəxəssislərə yönləndirilirdilər. Elə telekanallarımızdakı verilişlərdə psixoloq, ekspert kimi məsləhət verənlər haqda birmənalı olmayan fikirlər var. Siz də ictimaiyyətə təsir edən şəxssiniz, bu baxımdan da fikirləriniz maraqlıdır.
- Çox təəssüf ki, Vətən müharibəsindən bu yana 45-ə yaxın müharibə iştirakçısını psixoloji vəziyyətə görə itirmişik. O ağrı-acılarıyla, müharibə dəhşətləri ilə bacara bilməyiblər. Etiraf edək ki, müharibədən sonra Azərbaycan cəmiyyəti, səhiyyəsi, sosial müdafiə sistemi bu qədər psixoloji vəziyyəti ağır olan insanları qəbul etməyə hazır deyildi. O zaman “YAŞAT” Fondu çox gərgin işləyirdi, mən fondun Himayəçilər Şurasının üzvü idim. Ən çox sorğular psixoloji problemlərlə bağlı daxil olurdu. FHN-in dəstəyi ilə Türkiyədən Azərbaycana peşəkar psixoloji dəstək üçün heyət göndərildi. Onlar davamlı olaraq dəstək təşkil etdilər.
Bizim qazilərə, şəhid ailələrinə münasibətimiz elə olmalıdır ki, onlar ögeylik, biganəlik hiss etməsinlər. Bir həkimin, psixoterapevtin dəstəyindən daha çox cəmiyyətin dəstəyi olmalıdır. Əgər 45 qazi həyatdan ümidini kəsibsə, özünü öldürmək həddinə çatıbsa, burada hər birimizin günahı var. Demək, haradasa səhvə yol vermişik, laqeyd olmuşuq.
Mən şəhid övladlarının hamısının baxışlarına fikir vermişəm, ataları ilə bir yerdə olan fotoları ilə müqayisədə kəskin fərq hiss edirsən. Həmin körpələrin gözündə o işıq yoxdur. Övlad ata-ana ilə xoşbəxt olur, artıq onlardan biri Vətən torpağına çevrilib. Biz onun əlindən tutub aparırıq Şəhidlər xiyabanına və göstəririk ki, atan buradadır. Bu bizim üçün fəxr, qürur ola bilər, amma övlad üçün çox acı həqiqətdir. Artıq onun başdaşısını sevməlidir, torpağını sevməlidir. Mən özüm də bunu kiçik övladımla bağlı yaşamışam. Nə etdimsə, onu ürəkdən güldürə bilmədim, güvəni ona bəxş edə bilmədim...
- Şəhid olan şəxslərin evlərində Vətən müharibəsindən sonra bəzi ailədaxili problemlərin ortaya çıxdığının şahidi olmuşuq. Təbii ki, çox vaxt belə halları işıqlandırmaqdan çəkinirdik, sadəcə həllinə nail olmağa çalışırdıq. Necə hesab edirsiniz, bunlar Azərbaycanda ailə institutunun problemlərindən xəbər verirmi?
- Ailə ailədir, fərqi yoxdur, şəhid ailəsidir, ya yox. Ailədaxili problemlər həmişə olub, şəhid ailəsi üzvü olması o demək deyil ki, ailədə o problem yoxdur. Lakin onu qabartmağı, şişirtməyi mən düzgün saymıram. Çünki o ailələr bizim dəyər daşımızdır. Bağçada, məktəbdə, universitetdə nümunə göstərdiyimiz ailələrdir. Ona görə də, çalışmalıyıq ki, belə problemləri üzə çıxarmadan, heç kəsə yaymadan həll edək. O insanlar fədakarlıqla şəhid olanda bir müqəddəs ad qoyublar. O adı daim yaşatmaq lazımdır.
- Elə bu günlərdə növbədənkənar prezident seçkisinin keçiriləcəyi elan olundu. Adətən xalqın ictimai həyatında aktiv iştirak edən şəxslər siyasi proseslərə qatılırlar. Siyasi prosesləri izləyirsiniz? Nə vaxtsa vəzifə sahibi olmaq və ya deputat olmaq istərdinizmi?
- Hazırda tutduğumuz mövqe imkan verir ki, şəhid ailələrinin problemlərini həll etməyə kömək edək. Əminəm ki, bu, belə də davam edəcək. Bizim hamımızın məqsədi Azərbaycanın dövlət olaraq qorunmasıdır. İnşallah, prezident seçkisində xalqımız yeganə və layiqli namizədimizə - İlham Əliyevə səs verəcək. O bizim arzusunda olduğumuz faktları gerçəkləşdirdi. Yuxumuzda arzuladığımız Xankəndi arzusunu gerçəkləşdirdi. Biz də təşkilatımız olaraq öz layiqli namizədimizi dəstəkləyəcəyik.
Gələcəkdə deputat olmaq kimi bir iddiamız yoxdur. Düşünürəm, kim olursan ol, öz vəzifəni şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirəcəksənsə, onda Azərbaycanın dövlət olaraq heç bir problemi qalmayacaq.
- Həyat yoldaşınız şəhid polkovnik-leytenant Raquf Orucovla bağlı danışardınız. O, peşəkar kəşfiyyatçı idi, Aprel döyüşlərinə qədər də yəqin ki, bir sıra əməliyyatlarda iştirak edib. Hətta bildiyimə görə, işğal altında olan Ağdamda şəhid olmuş anasının məzarını da ziyarət edirmiş...
- Raquf Orucov Aprel döyüşlərinin şəhididir. Vətən müharibəsi başlayanda həmişə deyirdim, kaş Raquf bu müharibədə iştirak edərdi, bu günləri görərdi. Çox əqidəli insan idi. Həmişə deyirəm, məni Raquf Orucov tərbiyə edib, özünə oxşadıb. Onunla 17 illik həyatımda dözümlülüyü, fədakarlığı, vətəni sevməyi öyrəndim. O, ön cəbhədə xidmət edib, biz də onunla bərabər olduğu səngərlərə yaxın yerlərdə yaşayırdıq. Mən onun həyat eşqindən Vətən üçün necə keçdiyinin şahidi oldum. Onun vətəni sevməkdən başqa bir amalı yox idi. Mənim üçün vətən Raquf Orucov idi. Ən müqəddəs zirvə Raquf Orucov zirvəsi idi. Ona sağlığında deyirdim, sənin əqidən qarşısında baş əyirəm. Həmişə dostlarımız da soruşanda deyirəm ki, bu gördüyüm işlər istəyirəm ki, məni Raquf Orucova bir az da yaxınlaşdırsın. Kaş ki Ağdamın azadlığını görsəydi... Kaş ki yaşayıb anasının məzarını daha rahat ziyarət edə bilsəydi...
O, anasının məzarını hələ sağlığında ziyarət etmişdi. Onun qoyduğu işarələrlə biz məzarın yerini asanlıqla tapdıq. Onun anası da şəhid idi və o bu acını həmişə ürəyində daşıdı.
- Hansı işarələri qoymuşdu?
- R.Orucovun anası 1993-cü ilin 12 iyununda Cinli kəndində şəhid olmuşdu. Kənd işğal olunduğuna görə onu orada dəfn edə bilməyiblər, gecə ilə Çullu kəndindəki təpədə dəfn ediblər. O kənddə ən son məzar olub. Çünki ondan sonra həmin kənd də işğal olunub. Məzarın üzərində heç bir işarə olmayıb. Ağdam azad olunandan 5-6 ay sonra biz kəndə getdik. Qəbiristanlıqda üzərində kiçik daş qırıntılarına görə məzarı tapdıq. Bu, mənim üçün elə bil ki, bir borc idi. Raquf Orucov anasının çox həsrətini çəkirdi, çünki onu erkən yaşlarında itirmişdi və 5 uşaq anasız böyümüşdü. Özü şəhid, anası şəhid, torpağı şəhid Raquf...
Raquf Şirin Mirzəyevlə, Allahverdi Bağırovla, Allahverdi Qəmbərovla döyüşdü. Ağdam I Qarabağ müharibəsində ən çox şəhid vermişdi. Həmin qəhrəmanları görmüşdü, onlarla bağlı danışmaqdan doymazdı.
- Birinci Qarabağ müharibəsində Raquf Orucovun birgə döyüşdüyü əfsanəvi komandirlərdən danışdınız. Şəhid general Polad Həşimovla da, bildiyimə görə, dostluğu var idi.
- Bəli, Polad Həşimovla da eyni illərdə xidmət etmişdilər, dostluqları var idi. Raquf kəşfiyyatçı idi, Polad Həşimov isə quru qoşunlarında komandir. Raquf çox az adam haqqında söhbət açardı, amma onun haqqında deyirdi ki, çox yaxşı insandır. Mənim Raqufdan sonra ümidlərim var idi ki, onun qisasını alacaqlar. Güvəndiyim insanlardan biri idi Polad Həşimov. O, şəhid olanda elə bil bütün ümidlərim puç olmuşdu. Lakin bir şeyi unutmuşdum ki, onların yetişdirdiyi əsgər və zabitlər var. Onların qisasını alacaqlar. Bunu Raquf Orucovun dəfnində də görmüşdüm. Biz cənazəyə yaxın dura bilmədik, xalq özü qəhrəmanını Şəhidlər xiyabanınadək əllərində daşıdı.
- Bayaq sizinlə söhbətimizdə dediniz ki, övladlarınız xaricdə təhsil almaq istəyirlər.
- Bəli, iki övladımız var. Çalışmışıq ki, hər bir addımımızda Raqufa layiq olaq. Böyük oğlumuz atasının arzusuna uyğun olaraq ADA Universitetinə qəbul olunub. Artıq magistr təhsilinin sonuncu ilindədir və yenidən təhsilini xaricdə davam etdirmək niyyətindədir. Kiçik övladımız da bu il ADA Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunub. İnşallah, hər ikisi xalqımıza, millətimizə, dövlətimizə layiqli övlad olar.
- Raquf Orucov yaşasaydı, nə başqa cür olardı?
- Çox şey... Bir qadın kimi mənim, övladlarımızın üzü gülərdi, ürəkdən sevinərdik övladlarımızın uğurlarına. Ondan sonra onun arzuladığı uğurların hamısı oldu, amma mən heç vaxt ürəkdən sevinmədim. Qadın kimi, ana kimi sevinmədim. Özümə o sevinməyi yasaqlamışam. Çünki bu, ən çox onun haqqı idi. Onun ayağından botinka, əynindən əsgər mundiri çıxmadı. Zülm çəkdi, illərlə xidmət etdi ki, bu xoş günləri görsün. Ona görə həmişə təəssüflənirəm. Həmişə evimizdən gülüş səsi gələrdi. Əmin olardıq, övladlarımız çox xoşbəxt olardı. Bizim ailə olaraq xoşbəxtliyimiz yoxdur, onu dərk etmişəm. Mən bir qadın kimi sabah nə edərəm düşünməyi özümə qadağa qoymuşam. Nə qədər çox işləsəm, düşünməyə o qədər az vaxtım olar. Acını hər gün yola verirəm. Onun yoxluğunu hiss etdikcə yaşamaq çətinləşir. Çalışıram, xüsusən kiçik övladımın yanında bu barədə çox danışmayım. Yaşasaydı, mən onun sevincini görərdim Ağdam alınanda. O sevincə biz tamarzı qaldıq. Mən onun gözündəki gülüşü görərdim. O həsrətin yerini bir sevinc əvəz etdiyini görərdim. Bunların heç birini görə bilmədik. Bunların hamısı yarımçıq qaldı...