Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

16 Eyl 09:37Manşet / Gündəm

Ermənistan Rusiyanın orbitindən çıxır: Qərblə münasibətlər isə Türkiyədən keçir - “KASPİ”nin TƏHLİLİ

 

Nikol Paşinyanın son günlər ard-arda verdiyi açıqlamalar ölkədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğundan xəbər verir. Baş nazirin açıqlamaları, Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər Rusiyadan üz döndərmək, yeni strateji müttəfiq axtarışı kimi də qiymətləndirilir.

Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təhlükəsizliklə bağlı ciddi problemləri olan, 2020-ci il müharibəsində acı məğlubiyyətdən sonra ordusu və texniki bazası darmadağın edilən Ermənistan Rusiyadan tam qopmaq niyyətindədir. Baş nazir Nikol Paşinyan öz aləmində ölkənin təhlükəsizliyini təmin etmək üçün başqa müttəfiqlər axtarışına çıxıb. Baş nazirin “la Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sferasının bir mərkəzə bağlı olmasını strateji səhv adlandırması da Ermənistanın strateji vektorunu dəyişməyə hazır olmasından xəbər verir. Şübhəsiz ki, açıqlamadakı təhlükəsizlik sferasının bağlı olduğu mərkəz deyildikdə Rusiya nəzərdə tutulur. Bu açıqlama Rusiya siyasi dairələrində qəzəblə qarşılandı və “Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil” cavabı gəldi. Çünki Kreml də bu açıqlamanın Cənubi Qafqazdan sıxışdırma planının tərkib hissəsi olduğunu dərk edir.

KTMT ilə münasibətlər daha da gərginləşir

Belarusda keçirilən KTMT təlimlərində Ermənistanın iştirak etməməsi fonunda İrəvanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi də nəzərdən yayınmayıb. Bu, müəyyən siyasi dairələrdə Ermənistanın yaxın zamanlarda alyansı tərk edəcəyinə işarə kimi qəbul edilib. Son dövrlər, xüsusən də müharibədən sonra keçən 3 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən KTMT ünvanına tənqidi fikirlərin səsləndirilməsi adət halını alıb. Üzünü Qərbə tutan Paşinyanın Azərbaycanla sərhədə Aİ müşahidəçilərini dəvət etməsi də KTMT-yə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Rusiya rəsmiləri dəfələrlə KTMT müşahidəçilərini sərhədə göndərməyə hazır olduqlarını bildirsələr də, daşdan səs çıxıb, Paşinyandan cavab gəlməyib. Artıq ABŞ-dən də Ermənistanın Rusiyanın orbitindən çıxarılmasının əsas hədəflərdən biri olduğuna dair açıq bəyanatlar verilir və bu rəsmi olaraq etiraf edilir.  

Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin sentyabrında Ermənistan Kəlbəcər və Laçın istiqamətində təxribat törətməyə cəhd etmiş və Azərbaycan tərəfindən lazımi cavabını almışdı. Dərhal KTMT-yə müraciət edilsə də, alyans müdaxilə ilə bağlı heç bir addım atmamışdı. Quyruq yarası acı olduğu kimi, erməni rəhbərliyi bunu unuda bilmir.

QHT səviyyəsində “NATO-ya gəl” çağırışı

Paşinyanın Rusiyanı strateji müttəfiq kimi bəyənməməsi ilə bağlı açıqlaması Qərbi daha da aktivləşdirib. Sentyabrın 4-də NATO-nun genişlənməsi üzrə QHT rəhbəri Günter Felinqer Ermənistanı hərbi alyansa üzv olmağa dəvət edib. Dəvətin bir QHT rəhbəri tərəfindən edilməsi əlbəttə ki, Qərbin İrəvana qarşı ironik münasibətindən xəbər verir. Və ya ola bilsin, NATO hələlik QHT səviyyəsində vəziyyəti öyrənməyə cəhd edir. Amma Gürcüstan və Ukrayna 10 ildən çoxdur ki, NATO-ya üzv olmağa can atsalar da, hələ də bu yolda bir addım atılmayıb. Ermənistanla bağlı QHT sədri səviyyəsində verilən bəyanat da siyasi və psixoloji yoxlanışdan başqa bir şey deyil. Əslində bu təklifin səslənməsi Ermənistana dəvətdən çox, Rusiya əleyhinə səsləndirilmiş bəyanat kimi qəbul edilməlidir. Əsas məqsəd Ermənistanın Rusiya ilə iplərini qopartmaq, Moskvanı Cənubi Qafqazdan tam sıxışdırıb çıxarmaq və ən əsası, Gümrüdəki 102-ci bazanı ləğv etməkdir. Hazırda Ermənistanda KTMT və NATO-nun gizli savaşı gedir. 

Ermənistan İranı da qıcıqlandırır

Şübhəsiz ki, Ermənistanın regiona NATO və Qərbi dəvət etməsi İranın da qıcıqlanmasına səbəb olub. Xüsusilə, ABŞ ilə birgə hərbi təlimlərdən dərhal sonra Tehran İrəvana xəbərdarlıq edib. Hətta “Dağlıq Qarabağ Azərbaycandır” deyib. İran rəsmiləri gözəl anlayırlar ki, Ermənistanda fəaliyyət göstərən Aİ müşahidəçilərinin və ABŞ səfirliyinin fəaliyyət istiqamətlərindən biri də İran-Ermənistan sərhədində monitorinq aparmaq və lazımi məlumatları müəyyən mərkəzlərə ötürməkdir. Bu baxımdan Ermənistanın yenidən Qərbə üz tutması, bu dəfə strateji müttəfiq axtarması rəsmi Tehranın sərt reaksiyasına səbəb olub.

İrəvanın Qərbə gedən yolu Türkiyədən keçir

Ermənistan strateji vektorunu dəyişərək Qərbi seçmək arzusundadır. Qərbin isə regiondakı əsas müttəfiqi Türkiyə olduğu üçün Ermənistan ilk növbədə Ankara ilə münasibətlərini tam normallaşdırmaq məcburiyyətindədir. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir və münasibətləri normallaşdırmaq üçün rəsmi İrəvana şərtlərini təqdim edib. Bu şərtlər sırasında Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülh müqaviləsinin imzalanması da var. Bu səbəbdən də Ermənistan əgər Qərbə üz tutursa, ilk növbədə Türkiyə ilə münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Tək Fransaya güvənməklə iş bitmir. Zatən Afrikada vəziyyəti getdikcə pisləşən Fransada siyasi ab-hava yaxşı deyil. Laçın yolu ətrafında yaradılan süni qalmaqal Fransaya Rusiya ilə münasibətləri aydınlaşdırmaq üçün lazımdır. Əslində nə Ermənistan, nə də ki Qarabağdakı ermənilər Fransanı maraqlandırmır. Bu iki faktor Paris üçün sadəcə, siyasi alətdir. 

Azərbaycanın diplomatik qələbəsi

Ermənistandan fərqli olaraq Azərbaycanın strateji müttəfiqləri günü-gündən artır. Ermənistanın KTMT-dəki müttəfiqləri belə, Azərbaycanla yaxşı əlaqələrə sahibdirlər. İslam dünyası ilə uğurlu əməkdaşlıq, müşahidəçi və ekspertlərin işğaldan azad edilmiş ərazilərə təşkil edilən səfərləri də rəsmi Bakının xarici siyasət kursunun nə qədər uğurlu olmasından xəbər verir. Bu, Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın isə diplomatik məğlubiyyəti deməkdir…