“Rəqqas”ın “sülh göyərçini”nə çevrilməsi - “Kaspi”nin TƏHLİLİ
Ermənistan hərbi-siyasi rəhbərliyi BMT Təhlükəsizlik Şurasında düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün yollar axtarır. Baş nazir Nikol Paşinyanın birdən-birə ölkəsinin 1990-cı ildə qəbul edilmiş “müstəqillik bəyannaməsi”ni tənqid etməsi də bu kontekstdə qiymətləndirilə bilər.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası(TŞ) erməni tərəfinin israrlı tələbi ilə Azərbaycanın Qarabağ bölgəsində “humanitar böhran”ı müzakirə etmək üçün iclas çağırdı. Amma bütün dünyaya Qarabağ ermənilərinin acından qırıldığı, Azərbaycanın soyqırımı siyasəti yürütdüyü barədə car çəkən erməni siyasi elitasının arzusu qursağında qaldı. Ermənilərin gözlədiyinin tam əksinə olaraq, iclas adi qaydada keçdi. Heç bir sənədin qəbul edilməməsi Azərbaycanın diplomatik qələbəsindən xəbər verdi. Eyni zamanda, dünya ictimaiyyətinin artıq ermənilərdən bezdiyi, erməni təbliğat maşınının əvvəlki kimi işləmədiyi bir daha sübut olundu. Elə erməni müxalifəti də bu iclası Paşinyanın üzünə vurulan tərs şillə kimi xarakterizə etdi.
Ermənistanın “müstəqillik bəyannaməsi” dəyişdirilir?
BMT-dəki biabırçı uğursuzluqdan sonra Paşinyan, deyəsən, siyasi kursuna dəyişiklik etmək qərarına gəlib. O, 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilən “müstəqillik bəyannaməsi”ni tənqid edib. Sözügedən bəyannamədəki bəndə əsasən, Qarabağ Ermənistanın ərazisi sayılır. Bu isə günümüzdə istər 2020-ci il müharibəsindəki Ermənistanın məğlubiyyəti, istərsə də regionda dəyişən geosiyasi reallıq baxımından nə Ermənistana, nə də Paşinyana sərf edir. Onun bu çıxışı erməni müxalifətinin də nəzərindən yayınmayıb. Tiqran Abramyan, Qaqik Tsarukyan kimi müxaliflərlə yanaşı, Qarabağdakı separatçı rejimin tör-töküntüləri də Paşinyanın “təbrik”inin mürəkkəbi qurumadan ağız-ağıza verərək tənqidlərə başlayıblar. Görünən odur ki, artıq erməni siyasi elitası reallığı dərk edir. Tezliklə, müxalifətin ehtimalına görə isə, sentyabr ayından Paşinyan bəyannamənin dəyişdirilməsi ilə bağlı düyməyə basa bilər. Dəyişiklik isə ermənilərin Qarabağla bağlı iddialarının tamamilə aradan qaldırılması deməkdir. Müxalifət bunu gözəl anlayır. Bu səbəbdən də sentyabrda kütləvi aksiyalara start verməyi planlaşdırır. Son günlər aktivləşən kilsənin dəstəyinə bel bağlayan müxalifət İrəvan şəhərində yaxın günlərdə keçiriləcək meriya seçkilərinə də fokuslanıb. Müxalif düşərgənin bəzi təmsilçiləri hesab edirlər ki, bu seçkilərdə müxalifətin qələbəsi Paşinyanı devirmək və revanş üçün yol aça bilər. Müxalifətin bəzi hissəsinin fikrinə görə isə, bu seçkilərdə Paşinyanyönümlü qanadın qələbəsi İrəvanı da Azərbaycana təhvil vermək üçün hazırlanan planın tərkib hissəsi olacaq.
Paşinyanı qəfil “sülh göyərçini”nə çevirən səbəblər
Paşinyan təbrikində qeyd edib ki, sülh əldə olunmasa, SSRİ ruhu Ermənistan səmasında uçmağa davam edəcək. Baş nazir etiraf edib ki, müharibədən sonra bəyannaməni oxuyarkən mütaliəsi başqa mənzərə canlandırıb. Nikol 1990-cı ildə qəbul edilən bəyannamənin Ermənistanı region dövlətləri ilə qarşıdurma vəziyyətində saxlayan, əslində müstəqilliyi itirməyə doğru atılan addım kimi qiymətləndirib. Bir vaxtlar Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən Paşinyanı bu gün reallığı dərk edərək bu tip bəyanatlar verməyə vadar edən səbəblər var. BMT-dəki uğursuzluq, kilsənin açıq şəkildə ona qarşı çıxması, Azərbaycanla İran arasında münasibətlərin getdikcə normallaşması Paşinyanı “sülh göyərçini”nə çevrilməyə vadar edir. Artıq erməni siyasi elitası dərk edir ki, sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb. Bu sıraya eyni zamanda Zəngəzur dəhlizinin açılmasını da əlavə etmək olar. Eyni anda nəzərə almaq lazımdır ki, baş nazir son illərdəki səriştəsiz siyasəti ilə həm Qərbi, həm də Rusiyanı narazı salıb.
Ermənistanda payız gərgin keçəcək
Nikolun Ermənistanın müstəqillik bəyannaməsini tənqid etməsi ilk deyil. Bundan əvvəlki illərdə də baş nazir “təbrik”lərində bəyannaməni tənqid etmişdi. Bu dəfə isə onun bəyannaməni dəyişdirmək üçün özündə qətiyyət gördüyü sezilir. Erməni müxalifəti isə sentyabr ayından başlayaraq, hökumətə göz verib işıq verməyəcəyini vəd edir. Müxalifətin aktivləşməsi, “Gallup” sorğularının nəticələri Ermənistandakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Artıq region yeni geosiyasi reallıqlara qədəm qoyur. Başqa yolu qalmayan Paşinyan ya quzu kimi Azərbaycanın qətiyyətli mövqeyinə tabe olub sülh danışıqlarını sürətləndirərək sənədi imzalayacaq, ya da dəmir yumruğu yenidən hiss edəcək. Bu isə səfalət içində çalxalanan erməni dövlətçiliyinin sonu ola bilər…