Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
İnflyasiya gözləntisi özünü necə doğrulda bilər?
Pərviz Heydərov yazır...
Ölkədə inflyasiya cüzi templə də olsa azalmaqda davam edir. Ötən 11 ayın yekununa əsasən istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 10,4%, qeyri-ərzaq məhsulları 8,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,6% artıb.
Noyabrda qeyd olunan göstərici oktyabrla müqayisədə 0,2% az, ötən ilin noyabrına nisbətən isə 2,6% çox təşkil edib.
İnflyasiya və bahalaşmaya dair şərhlərimdə həmişə qeyd etmişəm ki, ölkəmiz idxaldan asılı vəziyyətdə olduğundan hər şey daha çox xarici təsirlərdən qaynaqlanır.
2021-2022-ci illərdəki inflyasiya və bahalaşma dalğası da bu səbəbdən ortaya çıxmışdı. Bu il, sözügedən tendensiya qlobal miqyasda zəiflədiyindən may ayından etibarən bizdə də özünü göstərməyə başladı. Yəni, prosesin sürəti zəiflədi.
Ancaq may ayının nəticələrinə əsasən yazmışdım ki, bizə bu, öz təsirini həm gec göstərdi, həm də idxaldan asılı olduğumuz məhsullar üzrə istənilən səviyyədə ucuzlaşma qeydə alınmadı.
Yəni, inflyasiya ilə bahalaşma əslində, istənilən həddə səngimədi.
Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə edilməyə başladı. Enerjidaşıyıcıların qiymətindəki eniş ərzaq məhsulları üzrə ucuzlaşmaya cari ilin başlanğıcından start verdi.
Odur ki, elə son rəqəmlərə də əsasən prosesin hələ tələb olunan sürətdə səngimədiyini qeyd edə bilərəm. Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 9,4%, yəni birrəqəmli həddə ensə də, bunun içində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli - 10,4% həddində qalır.
Bu da onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.
Yeri gəlmişkən, noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4%, 2022-ci ilin noyabr ayına nisbətən isə 1,5% təşkil edib.
Ərzaq məhsulları üzrə ucuzlaşma çörəyin, qarabaşaq və buğda yarmasının, mal, qoyun, toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun dəyərində qeydə alınıb.
Pasterizə olunmamış üzlü südün, yoğurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətləri isə artıb. Digər ərzaq məhsullarının dəyərində ciddi dəyişikliklər baş verməyib.
Ümumi inflyasiya və bahalaşma tempi aydan-aya zəifləyir. Elə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə də bu rəqəm əvvəl 20%-ə yaxın təşkil edirdisə, indi qeyd etdiyim kimi 10,4%-ə bərabərdir.
Lakin, il artıq, başa çatır və qarşıdan yeni il gəlir, bayram günləri yaxınlaşır. Ənənəvi bahalaşma, qiymətlərin həm obyektiv, həm də subyektiv amillər üzündən yüksəlməsi dövrü qapıdadır. Odur ki, ilin sonuna bilavasitə ərzaq məhsulları, içkilər və tütün məmulatları sarıdan birrəqəmli inflyasiyanın qeydə alınacağını söyləmək çətindir.
Ümid, 2024-cü ilədir. Cari ildə başlanan prosesin gələn il də davam edəcəyi, başqa sözlə, növbəti ildə ölkəmizə kənar təsir və təzyiqlərin bir az da zəifləyəcəyi gözlənilir ki, bu da cari ilin sonuna olmasa da, 2024-cü ildə inflyasiyanın birrəqəmli təşkil edəcəyi əminliyi yaradır.
Yeri gəlmişkən, Mərkəzi Bankın baza ssenarisi üzrə illik inflyasiya proqnozları belədir: 2023-cü ilin sonuna 4,3%; 2024-cü ilin sonuna 5,3%; 2025-ci ilin sonuna isə 3,4%...
Hərçənd, bunlar ehtimaldır. Çünki bizdə inflyasiya səviyyəsini 2024-cü il də daxil olmaqla, növbəti azı 2-3 il ərzində də qlobal bazarlardakı vəziyyət müəyyən edəcək. Odur ki, qlobal məkanda ciddi bir siyasi-hərbi hadisə baş verməsə, böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə “vulkan püskürməsi” yaşanmayacaq ki, bu da ərzaq və digər məhsulların dəyərinin sabit qalmasına şərait yaradacaq.
Nəticədə, ölkəmizdə də inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlərdə sabitləşmə möhkəmlənəcək. Ancaq bunun ikiqat olub-olmayacağını söyləmək çətindir. Yəni, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli təşkil edəcəyi məlum deyil.
Burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. Belə ki, il ərzində tənzimlənən qiymətlər - benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq.
Ümumiyyətlə, ölkədə qiymətlərin davamlı olaraq sabit qalmasını, idxalın təsir və təzyiqi nəticəsində formalaşmamağını - təzahür etməməsini istəyiriksə, yerli istehsal genişləndirilməli, maya dəyər aşağı salınmalı və inhisarçılıq aradan qaldırılmalıdır. Əks təqdirdə, beynəlxalq bazarlarda qiymətlər dəyişən kimi bizə də öz təsirini göstərəcək.