Menu
Xəbər Lenti
16 Ara 06:48Cəmiyyət

Ekspert Şurasının iclasında 23 adda preparatla əlaqədar imtina qərarı verilib

“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 46-cı iclası keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.

Preparatlara dair sənədlərin ekspertizası nəticəsində müsbət rəy bildirilən 21 adda aqrokimyəvi maddə və 96 adda pestisid olmaqla ümumilikdə 117 adda preparatın təkrar dövlət qeydiyyatına alınması, 29 adda aqrokimyəvi maddə və 22 adda pestisid olmaqla ümumilikdə 51 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.

İşçi qrup tərəfindən verilmiş rəylərə əsasən ilkin qeydiyyat üçün müraciət edilmiş 11 adda (8 adda aqrokimyəvi maddə, 3 adda pestisid), təkrar qeydiyyat üçün 6 adda (pestisid) preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün müraciət olunmuş 6 adda (pestisid) preparatın təsiredici maddəsi agentliyin Kollegiyası tərəfindən təsdiqlənməsi nəzərdə tutulan 47 adda qadağa siyahısına aid olduğu müəyyən edildiyinə görə onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb.

Bütün bunları nəzərə alaraq Ekspert Şurasının üzvləri tərəfindən 23 adda preparatla əlaqədar imtina qərarı verilib.

Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və aqrokimyəvi maddələrin idxalına icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1