Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

26 Ock 16:39Siyasət

Vilayət Quliyev: Heydər Əliyevin yenilməzlik ruhu Azərbaycan Ordusunu Vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edən əsas amildir

Azərbaycanın sabiq xarici işlər naziri, hazırda ölkəmizin Bosniya və Herseqovinada səfiri Vilayət Quliyev Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini tanınmış publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova ilə bölüşüb. AZƏRTAC müsahibəni təqdim edir.

- Vilayət müəllim, əvvəlcə gərgin iş qrafikinizdə müsahibə üçün vaxt ayırmağınıza görə sizə təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, bu il çox əlamətdar bir ildir – dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Müsahibəmiz də Ulu Öndər Heydər Əliyevə həsr olunacaq. Vilayət müəllim, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkənin həyatında dönüş nöqtəsi hesab olunur. Siz o illəri necə xatırlayırsınız?

- Bu mühüm söhbət üçün məni seçdiyinizə görə minnətdaram. 1980-ci illərin sonu Azərbaycanın həyatında çox ağır dönəm idi. Ölkəmizə və xalqımıza qarşı ədalətsizliklər 1987-ci ildə, Qorbaçov güruhunun təzyiqi ilə Heydər Əliyev Siyasi Bürodan istefa verməyə məcbur olandan sonra başlandı. Həm də “yenidənqurma memarı” yalnız Heydər Əliyevin istefası ilə kifayətlənmək fikrində deyildi. “Özbəkistan ssenarisini” Azərbaycanda da təkrarlamaq, Qdlyan kimi əlaltılarının köməyi ilə ölkəmizi gözdən salmaq, xalqımızı ləkələmək istəyirdi. Köməkçisi A.Çernyayev “Gündəliklər”ində Qorbaçovun ikilikdə söhbət zamanı dediyi məkrli sözləri sitat gətirir: «Копаем под Алиева, и это будет серьезнее, чем дело Рашидова». Amma Qorbaçov niyyətinə nail ola bilmədi. Əksinə, xalqımıza münasibətdə ifrat ədalətsizlikləri və ermənipərəstliyi sayəsində Azərbaycanı həm öz hakimiyyətinin, həm də keçmiş Sovet İttifaqının fəal qəbirqazanlarından birinə çevirdi.

1987-ci ildə mən Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdim. Bu institut respublikada təkcə elmi deyil, həm də ideoloji-mənəvi mərkəzlərdən biri sayılırdı. Təsadüfi deyil ki, Ə.Vəzirov Bakıya göndəriləndən az sonra bir səhər heç kimə xəbər vermədən bizim institutumuza gəlmiş və “nə ilə nəfəs aldığımızı” öyrənmək istəmişdi.

Tutduğum vəzifə mənə Azərbaycan KP MK-da və Bakı Şəhər Partiya Komitəsində keçirilən müxtəlif toplantılara qatılmağa və prosesləri nisbətən yaxından müşahidə etməyə imkan verirdi. Partiya - sovet işi sahəsində xüsusi bilik və təcrübə ilə seçilməsəm də, görürdüm ki, məsul anda xalqa rəhbərlik etməli olanların çoxu başlarını itirib. Nə edəcəklərini, vəziyyəti necə yoluna qoyacaqlarını bilmirdilər. Kamran Bağırov da belə idi, yerinə təyin olunan Əbdürrəhman Vəzirov da, 20 Yanvardan sonra hakimiyyətə gətirilən Ayaz Mütəllibov da... Moskva məhz belələrinin irəli çəkilməsinə imkan yaratmışdı. Təəssüf ki, bu şəxslərin hər biri Heydər Əliyev idarəçiliyinin ən güclü silahı olan xalqın arasına getmək, çətin məqamda xalqla bir yerdə olmaq bacarığından çox uzaq idi.

Bu mürəkkəb şəraitdə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi də özünü doğrulda bilmədi. Ölkə sürətlə xaosa yuvarlanırdı. Qarabağ uğrunda savaşdakı uğursuzluqlar idarəçilikdə, habelə daxili siyasətdə yol verilən səhvlər nəticəsində daha da dərinləşirdi. İnsanları öz arxasınca aparmağı bacaran liderin meydanda olmaması hər yerdə, hər addımda hiss edilirdi.

Lider var idi. Həm də ən çətin vəzifələrdən birini öz üzərinə götürmüşdü. Var gücü ilə materik Azərbaycandan ayrı düşən, blokadanın bütün ağırlığını hiss edən, erməni quldurları ilə üz-üzə dayanan Naxçıvanı qorumağa çalışırdı. Təbii ki, zəngin bilik və təcrübəsi ilə hakimiyyətdə olanlara da kömək edə bilərdi.

Qarabağ ətrafında yaranan vəziyyət əksər yaşıdlarım kimi məni də siyasətə gətirdi. Əvvəl hamı kimi özümü “cəbhəçi” saysam da, ilk müxalif siyasi qurumun – Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucuları sırasında yer aldım. İdarə heyətinə seçildim, mətbu orqanı – “Millət” qəzetini redaktə etdim.

1992-ci ildə Türkiyədəki Ərzurum Atatürk Universitetinin dəvəti ilə işləmək üçün bu ölkəyə gedəsi oldum. Yolum Naxçıvan üzərindən idi. Gözləmədiyim halda Heydər Əliyevlə görüş imkanı yarandı. İndi Azərbaycan Elmlər Akademiyasının prezidenti olan alim həmkarım İsa Həbibbəyli ilə birlikdə böyük insanı Naxçıvan Ali Məclisində ziyarət etdik. Görüşümüzün bir neçə dəqiqə çəkəcəyini düşündüyüm halda, iki saata qədər söhbət etdik. Daha doğrusu, Heydər Əliyev danışdı, biz qulaq asdıq. Bir daha inandım ki, Azərbaycanı ağır durumdan xilas edə biləcək yeganə siyasi lider, güc və iradə sahibi, millət öndəri və ağsaqqal Naxçıvandadır. Xalqın atacağı ən müdrik addım onu yenidən böyük siyasətə dəvət etmək və öndərliyi altında birləşmək olmalıdır.

1993-cü ilin yayında çox mürəkkəb şəraitdə Bakıya gəlib xilaskarlıq missiyasını həyata keçirən Heydər Əliyevlə əməkdaşlıqdan boyun qaçırdığına görə bu düşüncə zəminində AMİP rəhbərliyi ilə yollarımız ayrıldı.

Həmin dövrdə ölkəmiz fəlakətin bir addımlığında idi. Daxildə hakimiyyət davası və qiyam, cəbhədə sarsıdıcı məğlubiyyətlər, sayı bir milyona yaxınlaşan qaçqın və məcburi köçkün ordusu, çökmüş iqtisadiyyat, idarəçiliyin iflası... Təbii ki, Heydər Əliyevin sehrli çubuğu yox idi. Qısa müddətdə bütün problemləri yoluna qoya bilməzdi. Lakin o, insanlarda ümid və inam yaratdı. Ölkə daxilində sabitliyə nail oldu. Xaos və anarxiyanın qarşısına sədd çəkdi. Yürütdüyü fəal və çoxşaxəli xarici siyasət sayəsində ölkəmizi dünya güclərinin diqqət mərkəzinə çıxarmağı bacardı. Taleyimizə düşən ağır sınaqlara rəğmən insanlarımız ilk dəfə rahat nəfəs aldılar, sabaha ümidlə baxmağa başladılar. Xalq həqiqi liderini, ordu qələbə yolunu bilən Ali Baş Komandanını, dövlət uzaqgörən və əzmkar başçısını tapdı. Bu, həqiqətən də tarixi dönüş nöqtəsi idi.

Üçüncü Respublikanın təməli belə qoyuldu. İkinci Respublikaya rəhbərliyi dövründə bir sıra sahələrdə gələcək müstəqilliyin təməlini qoymuş Heydər Əliyevin yenidən ölkə tarixinin avanqard qüvvəsinə çevrilməsi təbii və təbii olduğu qədər də qanunauyğun idi.

- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı keşməkeşli bir dövrə təsadüf etdi. Azərbaycan cəmiyyətində olduqca bədbin əhvali-ruhiyyə hökm sürürdü, orduya inam yox idi. Ümummilli Lider Heydər Əliyev məhz belə bir şəraitdə xilaskarlıq missiyasını üzərinə götürdü və respublikanı dərin böhrandan çıxarmağa başladı. Ali Baş Komandan kimi Heydər Əliyev qısa müddət ərzində güclü, mütəşəkkil ordu qurdu. Cəmiyyətdə orduda xidmətə yeni münasibət yarandı. Əvvəlki dövrlərdə Silahlı Qüvvələrə olan etimadsızlıq, nigarançılıq aradan qaldırıldı, xalqın hərbçilərə inamı xeyli artdı. Yeni vəziyyət Ulu Öndər dühasının bir təzahürü idi. Sizcə Heydər Əliyevin bu möhtəşəm uğurları nədən qaynaqlanırdı?

- Müstəqilliyin ilkin şərtlərindən biri, heç şübhəsiz, güclü ordudur. Əks-təqdirdə dövləti, xalqı, nəhayət müstəqilliyin özünü qorumaq qeyri-mümkündür. Azərbaycanın öz suverenliyini müharibə şəraitində, ərazimiz erməni işğalına uğradığı, əhalimiz didərgin salındığı bir vaxtda əldə etdiyini göz önünə gətirsək, nizamlı ordunun xalqımıza hava və su kimi lazım olduğu bir daha aşkara çıxar. Çünki şərait elə idi ki, sərt dilemma qarşısında dayanmışdıq.

Cümhuriyyət tarixi haqda bəzi araşdırmaların müəllifiyəm. Bu mövzuda kitab və məqalələrim çap olunub. Danılmaz həqiqətdir ki, Cümhuriyyət liderləri də ordu quruculuğuna böyük önəm vermişdilər. Qısa vaxtda ciddi uğurlar əldə edilmişdi. Lakin əsrin başlanğıcında vəziyyət bizim dövrümüzdən qat-qat çətin idi. Fikrimi əyaniləşdirmək üçün bir fakta diqqəti çəkmək istərdim.

Cümhuriyyət daxili işlər nazirinin müavini, general S.Ağabəyov 1919-cu ilin yanvarında ordu quruculuğunda ortaya çıxan problemlərlə bağlı ədliyyə naziri X.Xasməmmədova yazırdı: “Qazax piyada alayının Əsgərandakı hissələri ilə tanışlıq məndə və Parlament üzvlərində çox ağır təəssürat yaratdı. Hərbi hissəyə axşamüstü çatdıq. Şinelləri olmadığından bəzi əsgərlər evdən gətirdikləri çirkli yorğanlara bürünmüşdü. Bəziləri isə çiyinlərinə farmaş, yaxud çuval atmışdı. Bir əsgər tamam ayaqyalın idi. Bir sözlə, ürəksıxan, acınacaqlı mənzərə vardı. Əsgərlərin qaldığı yer qışladan çox it damını xatırladırdı. Ortalıqda qalanmış ocağın tüstüsü adamın gözünü çıxarırdı. Ocaq yalnız qızınmaq üçün deyil, həm də içərini işıqlandırmaq üçün qalanmışdı. Çünki lampa yox idi...”

Tarixi ekskursdan niyyətim vəziyyətin müstəqilliyin ilk illəri ilə eyni sayılmasa da oxşarlığını göstərməkdir. 1993-94-cü illərdə doğulduğum Beyləqan və qonşu Füzuli rayonlarındakı hərbi hissələrdə çox olmuşdum. Döyüş hazırlığı bir yana qalsın, məişət vəziyyəti də acınacaqlı idi. Şüşəsiz pəncərələrə polietilen çəkilmişdi. Kazarmalar qızdırılmırdı. Mətbəx yox idi. Əsgərlər beton dirəklərin üstünə atılan içərisinə saman doldurulmuş döşəklərdə yatırdılar. Hamam, sanitariya qovşağı haqqında danışmağa dəyməzdi. Belə vəziyyətdə xidmət keçən əsgərdən yüksək intizam və hərbi rəşadət gözləmək də mümkün deyildi.

Digər bölgələrdə durum fərqli ola bilərdi. Lakin bütövlükdə müharibə aparan bir ölkədə hərbçi kifayət qədər diqqət və qayğı görmürdü. Qardaş Türkiyədə olduğu kimi insanlarımız öz “mehmetçiyi” ilə qürur hissi duymurdu. Vəziyyəti kökündən dəyişmək, xalqda və cəmiyyətdə orduya inam yaratmaq vacib idi. Bu işin öhdəsindən Heydər Əliyev gəldi.

Mərhum Prezident üçün dövlət idarəçiliyində ikinci dərəcəli iş yox idi. Amma hər şeyə rəğmən Silahlı Qüvvələrlə bağlı məsələlər müstəsna yer tuturdu. Təhlükəsizlik Şurasının iclaslarında ordunun vəziyyəti, zabit korpusunun hazırlıq səviyyəsi, hərbi qulluqçuların məişət məsələləri müzakirə olunurdu. İndi yəqin ki, bu barədə açıq danışmaq olar: Ali Baş Komandan bəzən mümkün müharibə variantını gündəliyə çıxarır, müdafiə nazirini xəritə qarşısına çağırıb Silahlı Qüvvələrimizin taktika və strategiyası ilə bağlı çoxsaylı suallar verirdi.

Heydər Əliyev Ali Baş Komandan kimi hər il iyunun 26-da, Silahlı Qüvvələr Günü Bakı Ali Ümumqoşun Məktəbi müdavimlərinin Zığda keçirilən andiçmə mərasimində iştirak edirdi. Yaşının çoxluğuna, havanın istiliyinə baxmayaraq həqiqi generala xas bir tərzdə saatlarla farağat vəziyyətində dayanıb gənc leytenantların həyatının fərəhli anını sona qədər müşahidə edirdi.

Məncə, Azərbaycanda orduya sevginin yaranmasına, gənclərin könüllü şəkildə zabit peşəsini seçməsinə təkan verən ən mühüm amillərdən biri Heydər Əliyevin şəxsiyyəti, şərəfli zabit keçmişi idi. Çünki Prezident yalnız Silahlı Qüvvələrin vəziyyəti ilə bağlı fərman və sərəncamlar verməklə, müşavirə və toplantılar keçirməklə kifayətlənmirdi. Təhlükəni göz önünə almadan cəbhə xəttinə, döyüşən ordunun səngərlərinə baş çəkirdi. Binoklla düşmənin mövqeyini müşahidə edir, səhra mətbəxində hazırlanan əsgər yeməyinin dadına baxırdı. Əsgərə ata nəvazişi göstərirdi, ürək-dirək verirdi. Daxildən gələn bir inamla onları qələbənin mümkünlüyünə və labüdlüyünə inandırırdı.

Sirr deyil ki, milli ordu quruculuğunun təməli hələ Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qoyulmuşdu. Onun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Yadımdadır ki, hərbi geyimli yeniyetmələrin Bakının küçələrində görünməsi o zaman insanlar arasında xoş bir heyrət və sevinc doğurmuşdu. Azərbaycan gənclərinin hərbi xidmətə, hərbi peşələrə marağını xeyli artırmışdı. İlk dəfə keçmiş sovet ordusuna məhdud sayda da olsa, azərbaycanlı hərbçilərin axını təmin edilmişdi. Başladığı bir çox işlər kimi bu mühüm sahədə də son sözü Heydər Əliyev özü demişdi. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi on il qüdrətli milli ordunun qurulmasında bir mərhələ olmuş, Prezident İlham Əliyev isə bu taleyüklü prosesi uğurla tamamlamışdı. Bu, heç şübhəsiz ki, qələbə ordusu idi və öz sözünü istər 2016-cı ildə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı silahı, əzmi və rəşadəti ilə dedi.

- Vilayət müəllim, siz Heydər Əliyevlə rəsmi səfərlərdə çox olmusunuz. Yəqin ki, xatirələriniz də kifayət qədərdir. Ən əlamətdar, yadda qalanlardan bəzilərini zəhmət olmasa bölüşərdiniz...

- Bəli, xatirələr çoxdur. Əvvəlcə onu deməliyəm ki, Heydər Əliyev “kiçik ölkənin prezidenti” kompleksindən çox uzaq idi. Görünür, beş il ərzində dünyanın böyük dövlətlərindən biri - keçmiş Sovet İttifaqının ali rəhbərliyində təmsil olunması da burada öz rolunu oynamışdı. Səfərə getdiyi ölkələrdə onu, sadəcə, Azərbaycanın dövlət başçısı kimi deyil, həm də çağdaş dünyanın tanınmış siyasi xadimlərindən biri kimi qəbul edirdilər. Bu da nəticə etibarilə apardığı danışıqların miqyas və mövzusuna təsirsiz qalmırdı.

Məsələn, Heydər Əliyev 2001-ci ildə Parisə rəsmi səfəri zamanı Fransa Prezidenti Jak Şirakla görüşdə onu həqiqi mənada təəccübləndirdi. Şirak dövlətimizin başçısını Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara dəvət etmişdi. Yəqin ki, ilk növbədə “xeyirxah” təşəbbüsünə görə minnətdarlıq gözləyirdi. Heydər Əliyev isə səfərin əsas məqsədinə keçməzdən əvvəl “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətinə cəlbetmə haqda Fransa Senatının müzakirəsinə çıxarılan subyektiv qanun layihəsini sərt şəkildə qınadı. Bunun fikir azadlığı və özünü sərbəst ifadəetmə hüququ ilə bir araya sığmadığını bildirdi, Fransanın demokratik imicinə xələl gətirən addım kimi dəyərləndirdi. Nəticədə təşəkkür gözləyən Jak Şirak Fransada erməni amilinin güclü olduğunu, Senatın bu məsələni erməni diasporunun təzyiq altında müzakirəyə çıxardığını etiraf etməli oldu. Yelisey sarayındakı bu cəsarətli çıxış beynəlxalq miqyasda qardaş Türkiyənin müdafiəsinə göstərilən ilk təşəbbüs idi.

Heydər Əliyevin türk dünyası adına cəsarətli addımı Cankaya köşkündə də güclü təəssürat doğurmuşdu. Biz Parisdən qayıdandan bir neçə gün sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan Prezident Heydər Əliyevi ziyarət edərək prinsipial və ədalətli mövqeyinə görə dövlət başçısı Əhməd Necdət Sezərin səmimi təşəkkürlərini çatdırmışdı.

Yenə də Fransada baş verən digər epizod. Azərbaycanın və Ermənistanın Avropa Şurası üzvlüyünə qəbulu mərasimi çərçivəsində Strasburqda iki ölkənin dövlət başçıları arasında əslində formal xarakter daşıyan görüş keçirildi. Görüş başa çatandan sonra protokol xidmətinin əvvəlcədən razılaşdırıldığı kimi, binadan birinci ermənilər, ikinci isə biz çıxmalı idik. Hamı ümumi girişə tərəf getdi. Qapıya bir neçə addım qalmış Köçəryan ayaq saxlayıb Heydər Əliyevlə vidalaşmaq istədi. Prezident “Bir dəqiqə”, – deyə onu dayandırdı.

Çoxdan soruşmaq istəyirdim, - dedi. - Mənim təşəbbüsümlə 1982-ci ildə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Yəqin ki, vilayət komsomol təşkilatının işçisi kimi açılış mərasimində siz də iştirak etmişdiniz. Vaqif bizim böyük şairimizdir. Həm də görkəmli dövlət xadimidir. Qarabağ xanının vəziri, yəni naziri olub. İndi məqbərə nə vəziyyətdədir? Yoxsa onu da dağıtmısınız?

Köçəryan üzünə saxta diqqətcillik ifadəsi verməyə çalışaraq:

– Bizim başımız açılana qədər mərmər plitələri sökmüşdülər, alüminium şəbəkələri qoparıb aparmışdılar. Amma gövdəsi qalır, – dedi.

Heydər Əliyev çox güman ki, diplomatik etiketi düşünülmüş şəkildə pozub “siz”dən “sən”ə keçdi:

– Amma ümid edirəm ki, sən özün bu işə əl bulamamısan, – deyə qısa söhbətə yekun vurdu.

– Nə danışırsınız, Heydər Əliyeviç, nə danışırsınız? – çətin vəziyyətə düşmüş Köçəryan bu sözləri deyib arxasına baxmadan uzaqlaşdı.

Maşınların verilməsini gözləyirdik. Prezident heç kimə müraciət etmədən, sanki öz-özü ilə danışırmış kimi dilləndi:

– Gözünün içinə kimi yalan danışır. Quldurbaşının böyüyü özüdür.

Həmin anda Heydər Əliyevin sifətində ən müxtəlif hisslərin qammasını sezmək mümkün idi. Burada həm qurduğunu uçurub xaraba qoyan barbarlara nifrət, həm əzilib-büzülən erməni liderindən iyrənmək, həm də canilərin günün birində bütün cinayətlərə görə cavab verəcəkləri ilə bağlı qətiyyət vardı.

Səfər etdiyi bütün ölkələrin dövlət və hökumət başçıları ilə ünsiyyət zamanı Heydər Əliyev üçün əsas oriyentir inandığı həqiqətlər, xalqımız və dövlətimiz üçün vacib, zəruri saydığı məsələlər idi. Bu prinsipial yanaşma tərzi ABŞ Dövlət katibi Kolin Pauell və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Raysın iştirakı ilə 2002-ci ilin aprelində Ermənistan prezidenti Robert Köçəryan və Minsk qrupu həmsədrləri formatında keçirilən danışıqlar zamanı özünü daha bariz şəkildə göstərdi. Əslində Ki-Vestdə Heydər Əliyev təkbaşına altı nəfərə qarşı dayanmışdı. Ermənistanın mövqeyi bəlli idi. ABŞ rəsmiləri və Minsk qrupunun həmsədrləri də Ermənistanı işğalçı kimi tanımadan bizdən alınacaq güzəştlər hesabına münaqişənin həllinə nail olmağa çalışırdılar. Amma bütün səylərinə baxmayaraq ümidləri doğrulmadı. Mən Kolin Pauelli və Kondoliza Raysı müşahidə edirdim. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və səsləndirdiyi sərt həqiqətlər tək işğalçı ölkənin başçısı Köçəryan və həmsədrlər deyil, onlar üçün də soyuq duş idi.

İrana səfər zamanı ortaya çıxan iki hadisəni də yaxşı xatırlayıram. Ali dini rəhbər Xameneyi görüş zamanı rəsmi danışıqları (qeyri-rəsmi söhbətdə Prezidentlə səlis Azərbaycan dilində danışırdı) farscadan rus dilinə tərcümə etdirməyə çalışdı (guya dövlət dilimizin Azərbaycan dili olmasından bixəbər imiş). Prezident Xatəmi isə Xəzərin hüquqi statusunun müzakirəsi zamanı bu dənizi inadla Mazandaran gölü (guya Xəzərətrafı ərazilər tarixi İran torpaqları olduğuna görə Xəzər dənizi də göl statusunda İranın daxili su hövzəsi imiş) adlandırdı. Heydər Əliyev hər iki təsadüfdə sərt şəkildə söhbəti kəsib onlara tarix və dövlətçilik əxlaqı dərsi keçdi və hərəkətlərinə peşman etdi.

Yaxud Aşqabadda, Xəzər sammiti zamanı Türkmənistanın başçısı ölkəmizə münasibətdə bəzi əsassız fikirlər söylədi və təbii ki, cavabsız qalmadı. Sonuncu gün isə dövlət başçılarını özünün Axaltəkə atlarına baxmağa dəvət edəndə Heydər Əliyev çox nəzakətlə, amma ibrətamiz şəkildə boyun qaçıraraq dedi:

̶ Sapar Atayeviç, mən burada səninlə ümumi dil tapa bilmirəm, gedib orada atlarınla nə danışacağam?

- Torpaqlarımızı 30 ilə yaxın davam edən erməni işğalından, əsarətindən azad edən ordu, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı müdrik siyasətin yetirməsidir. Heydər Əliyevin ruhu şaddır – bizim əzəli torpaqlarımız azadlığa qovuşdu. Əzmkarlıq, rəşadət, qəhrəmanlıq bizim igidlərə tarixən xas olub... Fikrinizcə, ordu ilk növbədə nə ilə səciyyələnir? Ordunun gücü nədədir: müasir silah-sursatda, xüsusi hazırlanmış əsgər qüvvəsində, yoxsa, insanları irəli aparan, ordunu birləşdirən, əcdadlarımızdan miras qalan və içimizdə alovlanan milli ruh?

– Ulu Öndər Heydər Əliyev ən çətin məqamlarda da Azərbaycanın haqq işinin qalib gələcəyinə, torpaqlarımızın mütləq azad ediləcəyinə inanırdı. 2000-ci ilin may ayında, Prezidentin doğum günü ərəfəsində Minsk qrupunun həmsədrləri işğal altındakı Qarabağdan keçib Bakıya gəlmişdilər. Amerikalı həmsədr Kerri Kavano ad günü hədiyyəsi kimi Ağdam məscidinin divarından qoparılmış kaşı parçası gətirmişdi. Prezident qəribə hədiyyəni qəbul edərkən bir anlığa gözlərində yaş parladı, sonra isə polad kimi cingiltili səsi eşidildi.

- Hamı bilsin, ilk növbədə isə siz bilin, - başı ilə həmsədrlərə işarə etdi. – Biz mütləq torpaqlarımızı azad edəcəyik. Ağdama, Şuşaya qayıdacağıq. Buna heç kəsin zərrəcə şübhəsi olmasın.

Bu, həm də Azərbaycan Ordusuna verilən mesaj, əsgərlərimizin qarşısına qoyulan müqəddəs vəzifə idi.

İstər çar Rusiyası, istərsə də Sovet İttifaqı azərbaycanlıları hərbi sahədən uzaq tutmağa çalışırdı. Hər iki quruluş ordunun bir məktəb olduğunu yaxşı başa düşürdü. Ona görə gənclərimizin bu məktəbdə zəruri həyat dərsi keçməsini, hərbi peşənin sirlərinə yiyələnməsini, milli kimliyini dərk etməsini istəmirdi. Ümummilli Lider Heydər Əliyev yuxarıda da qeyd etdiyim kimi, hələ ötən əsrin 70-ci illərində ilk ixtisaslaşdırılmış hərbi məktəb yaratmaqla bir əsrlik tilsimi qırdı. Məhz bu liseyin sayəsində yüzlərlə azərbaycanlı gənc hərbi təhsil almaq, zabit olmaq qərarına gəldi. Burada özünü Sovet ordusunun hərbi qulluqçusu saymaqdan daha çox Azərbaycana mənsubluğunu hiss edən zabit kadrları tərbiyə olundu. Bu məktəbin məzunları arasından Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları, generallar, Azərbaycanın Milli Qəhrəmanları yetişdi.

44 günlük Vətən müharibəsi ərəfəsində özünü “Şuşa fatehi” sayan erməni generalı Arkadi Ter-Tadevosyan televiziya ilə çıxışında iddialı şəkildə məsləhət görürdü ki, “qoy azərbaycanlılar gedib tum satsınlar, savaşmaq onların işi deyil!” Amma bütün dünya gördü ki, bəlli şərait və güclər Azərbaycan əsgərinin qarşısını kəsməsəydi, ordumuz bədnam “erməni şirlərini” nəinki bütün Qarabağdan çıxarmağa, hətta İrəvana qədər qovmağa qadir idi. Müharibə günlərində Ermənistan ordusunda on min nəfərdən çox fərari qeydə alınmışdı. Azərbaycanlı gənclər isə hərbi komissarlıqları əhatəyə alıb könüllü şəkildə cəbhəyə göndərilmələrini tələb edirdilər. Bu Azərbaycan milli ruhunun, vətənpərvərlik və cəsarətin nümayişi idi.

Müasir silah-sursat, çətin təlimlər, yüksək fiziki hazırlıq güclü ordunun atributlarıdır. Amma ən vacib amil, fikrimcə, milli ruhdur, Vətən qarşısındakı borcdur, nə üçün döyüşdüyünü bilmək və nəyin bahasına olursa-olsun məqsədə çatmaqdır. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan on illər boyu Heydər Əliyev və İlham Əliyevin qurduqları belə bir orduya malikdir.

Ulu Öndər Heydər Əliyevin son çıxışı yəqin ki, hamının yadındadır. Bu, 2003-cü il aprel ayının 21-də keçmiş Respublika (indi Heydər Əliyev) sarayında olmuşdu. Həmin axşam burada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 30 illiyi ilə bağlı təntənəli mərasim keçirilirdi. Səhhətində anidən yaranan kəskin problemə, həkimlərin və mühafizə xidmətinin bütün qadağalarına baxmayaraq həmin axşam Prezident həyatı bahasına risk edərək iki dəfə xitabət kürsüsünə qayıtdı və nitqini başa çatdırdı. Çünki böyük sevgi ilə “övladlarım” dediyi kursantlar - sabahın zabitləri və komandirləri qarşısında çıxış edirdi. Onlara əsl hərbçinin necə olduğuna dair şəxsi nümunə göstərməyin nə qədər vacib olduğunu yaxşı bilirdi. Çağırış eşidildi. Məhz həmin yenilməzlik ruhu bu gün Azərbaycan Ordusunu Vətənin keşiyində ayıq-sayıq dayanmağa, bütün təhlükələrə sinə gərməyə sövq edən əsas amildir.