Xəbər Lenti
Bugün, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
Dünən, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Ağsu son on ildə: abadlaşan şəhər, yenilənən kəndlər, inkişaf edən sosial infrastruktur Quruculuq, təmir-tikinti, səhiyyə və təhsil sahəsində görülən işlər rayonun inkişaf mənzərəsini formalaşdırır

Ağsu qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus təbiəti və zəhmətkeş insanları ilə seçilən rayonlarımızdandır. Paytaxt Bakının siması ildən-ilə dəyişib müxtəlif istiqamətlərdə inkişaf edirsə, regionlarımız da bu inkişafdan geri qalmır. Son illər sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılan rayonlardan biri də Ağsu rayonudur. Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyində yerləşən Ağsuda hazırda 85 mindən yuxarı sakin yaşayır. 20-25 il öncə rayonda görülməli işlərə, xüsusilə abadlığa və şəhər simasının formalaşmasına böyük ehtiyac var idi. Son onillik ərzində rayonda aparılan sosial-iqtisadi inkişaf tədbirləri, infrastruktur layihələri, tikinti-quruculuq və abadlıq işləri Ağsunun müasir simasının formalaşmasına öz töhfəsini verib.
Bu illər ərzində diqqət mərkəzində olan əsas istiqamətlərdən biri şəhər və kənd yaşayış məntəqələrində insanların həyat şəraitinin yaxşılaşdırılması, sosial obyektlərin yenilənməsi, yolların, təhsil və səhiyyə müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi olub.
Ağsuda görülən işləri yalnız yeni binaların tikilməsi ilə məhdudlaşdırmaq olmaz. Burada əsas məqsəd insanların gündəlik həyatında hiss olunan dəyişikliklərə nail olmaq, yaşayış məntəqələrində rahatlığı, təhlükəsizliyi və sosial xidmətlərin əlçatanlığını artırmaqdır.
Şəhərin siması yenilənir, infrastruktur möhkəmləndirilir
Ağsu şəhərində son illərin mühüm quruculuq istiqamətlərindən biri mövcud infrastrukturun yenilənməsi və yaşayış binalarının əsaslı təmiri olub.
2016-cı il mayın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu şəhərində 33 çoxmənzilli binanın əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması bu istiqamətdə mühüm addımlardan biri idi.
Həmin dövrədək rayonda 160 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, idman kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, şəhid ailələri və müharibə əlilləri üçün 32 mənzilli iki yaşayış binası inşa edilib. Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahmat Məktəbi əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi, daxili yolları və işıqlandırma infrastrukturu yenilənib. Bütün bunlar isə zamanla, planla həyata keçirilib.
Bu layihələr Ağsunun şəhərsalma və sosial infrastruktur baxımından inkişafında mühüm mərhələ təşkil etdi.
Sonrakı illərdə də şəhərin ictimai məkanlarının, küçə və yollarının, yaşayış binalarının ətrafının abadlaşdırılması istiqamətində işlər aparılıb.
Kəndlərdə tikinti və abadlıq: əsas diqqət insanların yaşayış şəraitinə yönəldilib
Ağsunun inkişafı yalnız rayon mərkəzi ilə ölçülmür. Rayonun kənd yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, yolların təmiri, içməli su təminatı, məktəb və digər sosial obyektlərin yenilənməsi mühüm əhəmiyyət daşıyır.
2015-ci ildə Pirhəsənli, Rəhimli və Cəlayir kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisinə başlanılması kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlardan idi. Rayonun içməli su istiqamətində görüləcək xeyli işlər, planlar var.
2020-ci ildə Ağsu aşırımında və Muğanlı-İsmayıllı magistral yolunun rayon ərazisindən keçən hissəsindəki obyektlərin müasir layihələr əsasında yenidən qurulmasına başlanılması da diqqət çəkən işlərdən oldu. Eyni zamanda şəhərdə səkilərin, yol kənarındakı hasarların, çoxmənzilli binaların həyətlərinin abadlaşdırılması, qanunsuz tikililərin aradan qaldırılması, sakinlər üçün istirahət və uşaq oyun sahələrinin yaradılması istiqamətində tədbirlər nəzərdə tutulmuşdu.
Kənd yollarının vəziyyəti, elektrik enerjisi və su təchizatı, kənddaxili infrastruktur isə əhalinin gündəlik müraciətlərində mühüm yer tutur. Bu məsələlərin mütəmadi diqqətdə saxlanılması rayonun gələcək inkişafı baxımından vacibdir.
Təhsil: yeni məktəb binaları və daha yaxşı tədris şəraiti
Rayonun gələcəyi onun gənc nəslinin təhsilindən başlayır. Bu baxımdan Ağsuda təhsil infrastrukturunun inkişafı son onilliyin mühüm istiqamətlərindən biri olub. Rayon icra başçısı Rövşən Bağırovun bu mənada diqqət və qayğısı görülən və planlaşdırılan işlər fonunda seçilir.
2018-ci il sentyabrın 17-də rayonun böyük yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş yeni tam orta məktəb binası istifadəyə verilib. Bu hadisə kənd məktəblilərinin müasir tədris şəraiti ilə təmin olunması baxımından əlamətdar olub.
Həmin illərdə Qiyaslı və Ərəbuşağı kənd məktəblərinin, eləcə də şəhərin 2 və 5 saylı tam orta məktəblərinin dam örtükləri dəyişdirilib, Çaparlı kənd tam orta məktəbi əsaslı təmir edilib. Şəhərin 4 saylı tam orta məktəbində də təmir işlərinə başlanılıb.
2018-ci ildə dövlət proqramı çərçivəsində Ağsu rayonunda modul tipli məktəblərin quraşdırılması istiqamətində də tədbirlər həyata keçirilib.
Bu layihələr göstərir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız müəllim və şagirdlərin fəaliyyəti ilə deyil, həm də müasir və təhlükəsiz tədris mühitinin yaradılması ilə sıx bağlıdır.
Məktəb binalarının əsaslı təmiri, istilik sistemlərinin, sinif otaqlarının, sanitar qovşaqların və digər zəruri şəraitin yaxşılaşdırılması bu gün də diqqət tələb edən məsələlər sırasındadır.
Səhiyyə: müasir xəstəxana rayon üçün mühüm nailiyyət
Ağsunun sosial həyatında səhiyyə sahəsindəki ən mühüm hadisələrdən biri yeni Rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi olub. Əhali üçün bu hava -su qədər önəmli idi.
2016-cı il aprelin 29-da Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
2012-ci ildə tikintisinə başlanılan 160 çarpayılıq xəstəxana 2015-ci ilin sonunda başa çatdırılıb. Üç hektardan artıq ərazidə yerləşən tibb müəssisəsinin əsas binası ilə yanaşı, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanseri də yaradılıb.
Burada doğum, terapiya, cərrahiyyə, pediatriya, reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələrinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Bu səhiyyə müəssisəsinin istifadəyə verilməsi Ağsu sakinlərinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bununla yanaşı, kəndlərdə tibb məntəqələrinin vəziyyəti, ilkin tibbi yardımın əlçatanlığı, həkim çatışmazlığı və müasir tibbi avadanlıqlarla təminat kimi məsələlər səhiyyə sahəsində diqqət tələb edən istiqamətlər olaraq qalır.
Mədəniyyət, idman və gənclərin inkişafı
Ağsuda sosial infrastrukturun digər istiqamətləri də diqqətdən kənarda qalmayıb.
2022-ci il avqustun 12-də rayonda Gənc Sənətkarlar Mərkəzi və Dövlət Rəmzləri Muzeyi istifadəyə verilib. Bu obyektlər rayon gənclərinin yaradıcılıq imkanlarının genişləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətlidir.
İdman kompleksinin, şahmat məktəbinin və şəhər stadionunun mövcudluğu isə gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi üçün mühüm baza yaradır.
Mədəniyyət və idman obyektlərinin qorunması, mütəmadi təmiri və onların fəaliyyətinin daha da canlandırılması rayonun ictimai həyatının zənginləşdirilməsinə xidmət edir.
Vətəndaşlarla birbaşa ünsiyyət: problemlərin yerində dinlənilməsi
Yerli idarəetmənin səmərəliliyini müəyyən edən əsas amillərdən biri əhali ilə qurulan münasibətlər, vətəndaş müraciətlərinə diqqət və qaldırılan problemlərin həllinə yanaşmadır.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirdiyi səyyar görüşlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə görüşlərdə kənd sakinlərinin gündəlik qayğıları, yol, su, elektrik, məktəb, tibb məntəqəsi, məşğulluq və sosial məsələlərlə bağlı müraciətləri dinlənilir.
Buna nümunə olaraq 19 fevral 2025-ci ildə icra başçısı Rövşən Bağırovun Padarqışlaq və Bico kəndlərində keçirdiyi səyyar qəbulları göstərmək olar. Görüşlərdə millət vəkili, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri də iştirak ediblər.
Sakinlər Padarqışlaq kənd tam orta məktəbi və tibb məntəqəsi üçün yeni binaların tikintisi, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun və kənddaxili yolların təmiri, elektrik və içməli su təchizatının yaxşılaşdırılması, məşğulluq və fərdi yaşayış evlərinin təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rəsmi məlumatda müraciətlərin bir qisminin yerində həll olunduğu, digər məsələlərin isə nəzarətə götürüldüyü bildirilib.
Bu görüşlər cari ildə də uğurla həyata keçirilib. Mütəmadi bu görüşlərdə əhalinin səsləndirdiyi problem və müraciətlər dinlənilib və həll edilməsi üçün qeydə alınıb. Ağsu Rayon İcra Hakimiyyətində ən son 11.11.2026-cı il tarixdə vətəndaş qəbulu keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid ailələrini, müharibə iştirakçılarını və bir qrup rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin ətraflı araşdırılaraq qısa müddətdə zəruri tədbirlər görülməsi üçün RİH başçısı tərəfindən qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak etmiş vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Belə görüşlərin əhəmiyyəti ondadır ki, rayon rəhbərliyi kənd sakinlərinin problemləri ilə birbaşa tanış olur, aidiyyəti qurumların rəhbərləri qarşısında konkret məsələlər qaldırılır. Ən vacibi isə müraciətlərin yalnız dinlənilməsi deyil, onların icra vəziyyətinin sonradan da izlənilməsidir.
Vətəndaş məmnunluğunun yüksəldilməsi üçün hər bir müraciətin qeydiyyata alınması, həlli ilə bağlı müddətlərin müəyyənləşdirilməsi və nəticələrin sakinlərə çatdırılması idarəçilikdə mühüm meyar olmalıdır.
Yaşıllaşdırma və ekoloji mühit: Ağsunun təbii gözəlliyinin qorunması
Ləngəbiz silsiləsinin ətəyində yerləşən Ağsu təbii gözəlliyi ilə seçilən bölgələrimizdəndir. Bu gözəlliyin qorunması, şəhər və kəndlərdə yaşıllıq sahələrinin artırılması, park və xiyabanların abad saxlanılması rayonun ümumi inkişafının mühüm tərkib hissəsidir.
Son illərdə abadlıq tədbirləri çərçivəsində küçələrin, səkilərin və ictimai məkanların səliqəyə salınması, yol kənarlarının təmizlənməsi, yaşıllıq sahələrinin qorunması və ağacəkmə təşəbbüsləri diqqət çəkən istiqamətlərdəndir.
Ağsu aşırımında aparılan yenidənqurma işləri də rayonun turizm potensialının və yolboyu xidmət infrastrukturunun inkişafına xidmət edir. Burada müasir layihələr əsasında kafe və restoranların tikilməsi, ətraf mühitin daha səliqəli görünüşə gətirilməsi istiqamətində işlər həyata keçirilib.
Bununla belə, yaşıllaşdırma yalnız ağac əkməklə məhdudlaşmamalıdır. Əkilən ağacların suvarılması, qorunması, quruyan ağacların yenilənməsi, parkların və məhəllədaxili yaşıllıq sahələrinin davamlı saxlanılması da eyni dərəcədə vacibdir.
Ağsunun həm şəhər, həm də kənd ərazilərində yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi gələcək nəsillər üçün sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Görülən işlər və qarşıda duran vəzifələr
Son onilliyin Ağsu mənzərəsinə nəzər saldıqda aydın olur ki, rayonun inkişafında tikinti-quruculuq, sosial infrastruktur, təhsil, səhiyyə, mədəniyyət və idman sahələri mühüm yer tutub.
Yeni xəstəxana binasının istifadəyə verilməsi, məktəblərin tikintisi və təmiri, çoxmənzilli yaşayış binalarının yenilənməsi üçün maliyyə vəsaitinin ayrılması, kəndlərdə su təminatına yönəlmiş layihələr, yolların və ictimai məkanların abadlaşdırılması bu inkişafın konkret nümunələridir.
Lakin rayonun inkişafı davamlı prosesdir. Qarşıda həllini gözləyən məsələlər də az deyil. Kənd yollarının əsaslı təmiri, su və kanalizasiya infrastrukturunun genişləndirilməsi, məktəb və tibb məntəqələrinin müasir tələblərə uyğunlaşdırılması, yeni iş yerlərinin yaradılması, gənclərin məşğulluğunun təmin edilməsi və yaşıllıqların qorunması diqqət mərkəzində saxlanılmalıdır.
İcra hakimiyyəti ilə sakinlər arasında açıq dialoqun gücləndirilməsi, səyyar qəbulların davam etdirilməsi və vətəndaş müraciətlərinin nəticəyönümlü həlli bu prosesin vacib şərtlərindəndir.
Ağsunun inkişafı insan amili ilə ölçülür
Hər bir rayonun inkişafını yalnız tikilən binaların, çəkilən yolların və ayrılan vəsaitlərin miqdarı ilə qiymətləndirmək düzgün olmazdı. Əsas göstərici həmin işlərin insanların həyatına nə dərəcədə müsbət təsir göstərməsidir.
Ağsuda yeni məktəbdə təhsil alan şagirdin, müasir xəstəxanada müayinə olunan xəstənin, abadlaşdırılmış məhəllədə istirahət edən ailənin, təmir edilmiş yolla rahat hərəkət edən kənd sakininin gündəlik həyatında bu inkişafın real nəticəsi görünür.
Bu baxımdan son on ildə görülən işlərin davam etdirilməsi, başlanmış layihələrin tamamlanması, yeni sosial təşəbbüslərin həyata keçirilməsi və əhalinin problemlərinə həssas yanaşılması xüsusi əhəmiyyət daşıyır.
Ağsunun sabahı onun bugünkü quruculuğundan, idarəetmənin məsuliyyətindən və sakinlərin rifahına yönəlmiş qərarlardan asılıdır. Əsas məqsəd isə daha abad şəhər, daha rahat kənd, daha keyfiyyətli təhsil və səhiyyə, daha sağlam ekoloji mühit və insanların məmnun olduğu bir Ağsu yaratmaqdır.
Rəsafil Bayramov
Atatv.az, Azadtv.az saytlarının, İctimai Xəbər agentliyinin təsisçisi və baş redaktoru





































































