Menu
Xəbər Lenti
12 Mart 2026 19:27Manşet / Gündəm / Mədəniyyət

ŞAİR-PUBLİSİST TAPDIQ ƏLİBƏYLİNİN POETIK FİKİR DÜNYASI

 

Tapdıq Əlibəyli - 65

Bədii ədəbiyyat onun ayrı-ayrı təmsilçilərinin simasında yaranır, formalaşır və daha da inkişaf edir.Məlumdur ki, söz sənəti sənətkarın özünəməxsus, fərdi yarasdıcılığıdır. Məhz bu yaradıcılıqda onun dünyagörüşü, əsərlərinin ideya-bədii xüsusiyyətləri, bədii materialın təsvirində işlətdiyi təsvir və ifadə vasitələri, sənətkarlıq cizgiləri, dil amilləri, yazı tərzi, dəst-xətti fərdi pirizmadan oxucuya təqdim olunur. Bədii sənəti şərtləndirən yaradıcılıq fərdi xarakter daşıdığı üçün, bu fərdiliyin özündə hər şair, yaxud yazıçının özünəməxsus söz aləmi, bədii obyektə yanaşma pirinsipləri, obyektiv reallığa, cəmiyyətə münasibəti, dünyagörüşü, hiss, həyacan, duyğu və düşüncələri ehtiva olunur. Sadalanan xüsusiyyətlər bir sənətkarın fərdi möhrüdür ki, yaratdığı əsərlərində onun yazı manerası, ifadə tərzi, dəst-xətti həmin möhürlə təstiqlənir, tanınır. Bu baxımdan ömrünün 65 baharını yaşayan şairpublisist Tapdıq Əlibəylinin yaradıcılığı bədi-fəlsəfi siqləti, poetik əlvanlığı, zamanla səsləşən mövzuların seçimi və yüksək poetik ovqatda işlənməsi həmçinin böyük vətəndaşlıq keyfiyyətləri ilə diqqəti cəlb edir.


Xalq şairi və ədəbiyyatşünas Sabir Rüstəmxanlının dediyi kimi: “Tapdıq Əlibəylinin şerləri və qələmə aldığı mövzular isdedad odu ilə isinib, səmimiyyətlə, poetik obrazlarla yeni bədii vasitələrlə əks etdirilib. Zamanın havasına, şerimizin çağdaş səviyyəsinə uyğun uğurlu davamını tapıb”.

Tapdıq Əlibəyli öz estetik məqamını, poetik niyyətini kifayət qədər sərrastlıq və dolğunliqla gerçəkləşdirən bir sənətkardır. Sözün yerini, çəkisini və sözün gücünü bilən şair qələmə aldığı bütün şerlərində bədii sözün paklığını qoruyur.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı söz.
Qəlbimə söz dəyəndə
Ruhumda alışdı söz.

Düzdəsə sözün düzü
Sübhətək inləmişəm...
Başıma çəkib sözü
Özümü dinləmişəm.


Sözə qiymət vermək, onu misra daxilində, yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dərinliyini və tutumunu gücləndirməklə ümumilikdə şerin obrazlı poetik sistemini qurmaq Tapdıq Əlibəyli poeziyasının hələ ilk nümunələrindən hiss ertməyə başlamışdır.

Şairin yaradıcılığına nəzər saldıqda görkəmli ədəbiyyatşünas alim Məmməd Arifin sözləri göz önünə gəılir: “Şeir vardır ki, onu distillə edilmiş su kimi içirsən, onu hamar bir yol kimi keçirsən, misraları, səhifələri rahatca udursan; nə fikrə bir qida, nə hissə bir lay düşür. Səni heç nə narahat etmir, heç kəs bir yerə çağırmır, ritorik cümlələr bir-birini əvəz edir. Şeir də var ki, hər misrası səni tutub saxlayır, şüuru, hissi müdaxiləyə dəvət edir, fikrə qida verir, düşünməyə məcbur edir ”.

Özündən özünə yol gedə bilən,
Minillik yolları qayıda bilən,
Yer- göy arasında özünü bölən,
Özünü qəflətdən oyada bilir.


Tapdıq Əlibəylin poeziyası sözçülükdən, təsvirçilikdən, riborik pafosdan, patetik ifadələrdən uzaq, insanı düşündürən obrazlı poetik ifadələrlə zəngin olan poeziyadır. Şerlərindəki yeni söz, yeni fikir təkrarsız olan söz və ifadələr onu göstərir ki, heç kimi təkrar etmədən yeni dövr Azərbaycan poeziyasında öz üslubu, öz dəsti-xətti ilə seçilən şairlərdəndir.

Çatılıb dünyanın sanki qaşları,
Yuyub göz yaşların o qırışları,
Bəlkə təmizləyə bulaşıqları,
Qol-boyun olmusan göz yaşlarınla.


Şairin şerlərində diqqət cəlb edən cəhət onun dərin həyar müşahidələri əsasında fikrini obrazlı poetik çalarlarla ifadə etməsidir.

Haram-halal il üz-üzə gəldim,
Nadanla, ariflə göz-gözə gəldim,
Yaxşını-yamanı görüb ələdim,
Gördükcə əyrilik, aradım düzlük.


Yaxud:

Hardan maya tutdu görən bu söhbət
“Kişilər atların çapıb getdilər”...
Bu günə şərəfdi, dünənə hörmət,
Oğullar kök üstə dürüst bitdilər.


Göründüyü kimi şairin poetik axtarışlarında milli köklə, keçmişlə yaddaşla əlaqə bağlarının poetik tədqiqi üstünlük təşkil edir. Şairin poetik təfəkküründə, düşüncəsində yaranan, üzə çıxan hər bir tapıntı, əsasən milli vətənpərvəlik ruhunu kəsb edərək təqdim olunur.

Müasir Azərbaycan poeziyasında dünya mövzusunda, dünyaya sosial-fəlsəfi münasibəti əks etdirən şerlər çoxdur. Tapdıq Əlibəylinin dünyaya fəlsəfi baxışı milli  həyat problemlərindən güc alır. Əsrlər-qərinələr keçdikcə insanların bir-birinə münasibətində mənəvi yadlaşma, fikir, düşüncə, əxlaq, mənəviyyat sistemində özünü göstərən cılızlaşma və bütün bunlardan törəyən bəlaları dünyanın adına yazmaqla şair daxili narahatlığını ifadə etməyi özünə borc bilir.

Dünyanın səsidir haqq da, yalan da,
Haqqa tapınan da, haqqı danan da.
Vicdanın gözüilə fərqə varanda,
Gördükcə əyrilik, aradım düzlük.


Yaxud:

Qəm üstə köklənmiş ud imiş dünya,
Nalə çəkə-çəkə şad imiş dünya.
Quruca şöhrətmiş, ad imiş dünya,
Ayrı bir dünyanın sevdasındayam.


Ənənəvi mövzuları qələmə alanda şairin poetik özünəməxsusluğu dərhal duyulur. Bir çox adi görünən mətləbləri mənalandırmağı, oxucuya çatdırmaq isdədiyi fikri yüksək duyğularla, həqiqi poeziya dili ilə ifadə etməyi bacarır.

Özündən özünə yol gedə bilən,
Minillik yolları qayıda bilir.
Yer-göy arasında özünü bölən,
Özünü qəflətdən oyada bilir.


Yaxud:

Cahana sığmayan Tanrı bəndəsi,
İlahi şövq ilə sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi,
Bir ovuc ürəyə necə sığındı?,,


Tapdıq Əlibəylin şerlərində insan ruhunun ən dəırin qatlarına enən, insan qəlbini heyran edən çox təbii və səmimi duyğuların şahidi olduq.Forma və məzmun vəhdəti ilə seçilən Tapdıq Əlibəylin lirikasında insanın sevgi, məhəbbət duyğularının poetik inikası diqqəti cəlb edir. Şairin bu mövzudakı şerləri fərdi hislərin, intim duyğuların ifadəsi kimi deyil, dərin iştimai məzmunun səciyyəsi kimi çıxış edir.

Nə qızılgül, nə nərgizdir,
Bu gül mənim sevgi gülüm.
Öz dünyamla o əkizdir,
Gülüm mənim, ömrüm-günüm.


Şairin məhəbbət şerləri başdan-başa belə poetik və obrazlı sözlərlə cilalanmışdır.

Sevginin olmur yaşı,
Hər yaşın öz sevdası.
Tapdıq ki, deyil naşı,
Sözündə ay qadası.


Şair nədən yazırsa yazsın hər sözdən bacarıqla istifadə etməyə, az sözlə dərin məna bildirməyə, oxucunu mənasız sözlərlə yormamağa, obrazlı poetik assosiatif ifadələrlə düşündürməyə çalışır.

Hər bir insanın Allah, Vətən, ata-ana, ailə qarşısında bir mənəvi borcu var. Bu borc Allahın qoyduğu haqq yolu ilə getməkdən, Vətənə layiqli övlad olmaqdan, Vətən torpağını göz bəbəyi kimi qorumaqdan, ağsaqqala, ağbirçəyə, valideyinlərə hörmətdən, sevgiyə sədaqətdən, insanları dürüstlüyə dəvət etməkdən və s.kimi böyük amal və əməllərdən ibarətdir. Bu amal yoluna qulluq etməyin şərəfli bir əməl olduğu Tapdıq Əlibəyli şerlərinin ana xəttini təşkil edir.

Dünya işığına göz açan andan,
Ömür dediyimiz bir yol üsdəyik.
Belə xəlq edibdir ulu Yaradan,
Təpədən dırnağa arzu-istəyik.

Hər kəsin əməli onun aynası
Sənin həyat yolun gəncliyə örnək
Ağsaqqal yolunun idrak mayası
Haqqa, həqiqətə yön olan məslək.


Həyatda hər hansı bir olayın, baş vermiş hadisənin tarixləşərək insanların yaddaşına köçməsi üçün tarixi sənədlərin bolluğu, sübut və faktların çoxluğu heç də yetərli olmur. Belə hadisələrin ədəbi-bədii müstəvidə, poetik obrazlı sözün aynasında canlandırılması, həmçinin konkret bədii obrazlarda əks olunması böyük əhəmiyyət daşıyır. Bu baxımdan Tapdıq Əlibəylinin şəhidlər mövzusunda və 20 yanvar hadisələri ilə bağlı yazdığı silsilə şerlər böyük əhəmiyyət kəsb edir. Bu şerlərdə xalqımızın ağır faciəyə mübtəla edilməsi , dəhşətli ölüm və qanla müşaiət olunan mənzərələrin təsviri şairin sarsılmaz ruhunun göz yaşına bələnmiş harayıdır. “Şəhidliyin Saleh zirvəsi”, “Amalın amalı döndu bayrağa”, “ Bayraqda gör şəhidinin nur üzünü”, “Xaliqdən əbədi nur adlı Xaliq”, “Şəhid məzarı”, “Mübarız postundan gəldi xəbəri”, “Şəhidliyin Asif zirvəsi”, “Ağlama ay ana”, “Şəhidlərə salam olsun”, “ “Mübariz” Qəhrəmanlaru unudulmur”, “Şəhidin qan yeri, torpağın yeri”, “Qara yanvar”, “Qanına qəltan Xocalı” başlılqları altında verilmiş silsilə şerlərdə haqqı pozulmuş, ruhu və mənəviyyatı işğal olunmuş, övladları qana boyanmış xalqının halına yana-yana bu misli gönünməyən faciəyə qarşı haqq səsini ucaldır.

Qanlı Qanvar qan yaddaşı,
Xeyirlə şər qarşı-qarşı.
Bakı oldu güllə boran,
Qan ağladı, torpaq, daşı.


Yaxud:

Günahsız insanlar o müthiş gecə,
Məhkum edildilər ölümə, gücə,
Alçaldı insanlıq, ağıl, düşüncə,
Viran oldu, talan oldu Xocalı.


Bu misralardakı bədbin əhval-ruhiyyə, agı ruhu nə qədər ağrı dolu olsa da bu ağrının ifadəsində düşmənə nifrət hissi , qəzəb odu bir o qədər güclüdür.

İldırım parçası Misri qılıncım
Çaxsın şimşək kimi düşmən başına.
Qurtulsun Qarabağ, Azərbaycanım!
Əzminiz əks etsin torpaq-daşında.


Şairin Qarabağ haqqında yazdığı şerlərin fövqündə Vətən dayanır, Vətənpərvərlik dayanır.

Belə qalmaz, keçər dövran,
Yaraların qaysaq bağlar.
Bu yaraya qisas dərman,
Dərmanıyla dərd sağalar.

Məkirli qonşular qoy olsun ağah,
Mərdlikdən yoğrulub xislət xəmirim.
Ədavət toxumun səpənlər bədxah,
Kəsəcək kökünü polad əllərim.

Dinlə sözlərimi ey vətən oğlu,
Cəfəng söhbətlərin meydanı deyil!
Güvənlə , qeyrətlə bu qanlı yolu,
Axır keçməliyik yadda saxla bil!


Şerlərin məzmunundan göründüyü kimi şair xalqımızın qəlbindəki Qarabağ ağrısını ovudmaq üçün, milli ruhumuzu oyatmaq, həqiqi vətəndaş kimi hər bir vətən övladını “ olum ya ölüm” savaşına qalxmağa, milləti səfərbər olmağa çağırır. Şairin bütün şerlərində vətən və torpaq mövzusu , azadlıq və mübarizə motivləri qətiyyətli səslənir, vətəndaşlığın milli qeyrətin mənası tutarlı poetik deyimlərlə açılır.
Şairin “Payız çöhrəsində yazdı 44 Gün” kitabında verilmiş yaradıcılıq nümunələri başdan-başa düşmən üzərində qələbəmizdən,böyük yaradana şükranliqdan, rəhbərə inamdan, insanlara düz yol göstərmək ucalığından ,və Vətənə məhəbbət hissinin aşılanmasından qaynaqlanır.

Əsir torpaqlara dəyir ayağım,
Uğrunda qaynayır qan, Qarabağım!
Ali Baş Komandan- Döyüş Bayrağım,
Vətən savaşında Azərbaycanım.


Şairin bədii söz sənəti,onun obrazlı poetik ifadə tərzi, fərdi yaradıcılıq manerası 65 illik ömür yolunu işıqlandırmış və bu yolda daha böyük uğurlar qazandıraraq çağdaş ədəbiyyatımızın parlaq simalarından birinə çatdırmışdır.

Bu yolda Tapdıq Əlibəyliyə dövlətçiliyimizin, düşmən üzərində tarixi qələbəmizin, Azərbaycançılıq məfkurəmizin, qəhrəmanlıq səlnaməmizin, müstəqilliyimizin, milli dəyərlərimizin tərənnümünə həsr edilmiş yeni yaradıcılıq ugurları və can sağlığı arzulayırıq.

✍️  Vaqif Allahverdiyev,
ADPU-nun Ağcabədi filialının dosenti.


BİA.az