Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
Dünən, 08:50

Neftimiz ucuzlaşdı

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

A  Z  Ə  R  B  A  Y  C  A  N
28-12-2025, 13:11

A Z Ə R B A Y C A N

31 Dekabr 2025 08:53Manşet / Gündəm / Siyasət

Milli birliyin tarixi başlanğıcı

 

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməyə hazırlaşırıq. Bu tarixi gün Azərbaycan xalqının tarixi yaddaşında milli özünüdərkin, azadlıq iradəsinin və ümummilli birliyin təcəssümü kimi xüsusi yer tutur. Bu gün sadəcə təqvim bayramı deyil, parçalanmış bir xalqın yenidən öz kökünə, kimliyinə, dövlətinə bağlanmasının siyasi, ideoloji və mənəvi rəmzidir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli yaddaşın dirçəldiyi, azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəldiyi tarixi mərhələni ifadə edir.
Bu əlamətdar günün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin bütün dünya azərbaycanlıları üçün vahid istinad nöqtəsinə çevrildiyini təsdiqlədi. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, “Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşasa da, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.” Məhz bu konseptual yanaşma Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji mahiyyətini müəyyənləşdirir.

Həmrəylik Gününün əsasında dayanan tarixi hadisələr XX əsrin sonlarında baş verən taleyüklü proseslərlə bağlıdır. Sovet imperiyasının süqutu fonunda Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə yürüşü, süni ayrılıqlara qarşı etirazı xalqımızın bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu yürüşlər sadəcə emosional çağırış deyildi, onlar tarixi ədalətin bərpasına, milli birliyin reallaşmasına yönəlmiş güclü ictimai-siyasi mesaj idi. 31 Dekabr həmin birləşmək iradəsinin, bölünmüş taleyin bütövləşmək arzusunun simvoluna çevrildi.
1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərar və daha sonra Azərbaycan Respublikası Ali Sovetinin 31 Dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi müstəqil dövlətçilik tariximizdə strateji əhəmiyyət daşıyan addım oldu. Bu qərar ilk dəfə olaraq dünya azərbaycanlılarını vahid ideya olan Azərbaycan dövlətçiliyi ətrafında birləşdirdi.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və memarı Ümummilli Lider Heydər Əliyev bu prosesin həm siyasi, həm də mənəvi lideri olmuşdur. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı təkcə şəxsi mövqe deyil, bütöv bir xalqın milli qürur manifestidir. Həmin ideoloji xətt diaspor quruculuğunun, milli özünüdərkin və təşkilatlanmanın əsasını təşkil etdi.

2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müasir diaspor tariximizin dönüş nöqtəsi oldu. Bu Qurultayla ilk dəfə dünya azərbaycanlıları vahid platformada toplaşaraq milli maraqlar ətrafında koordinasiyalı fəaliyyətə başladılar. Ardınca qəbul edilən qərarlar Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbulu bu sahədə institusional əsasları formalaşdırdı.

Prezident İlham Əliyev dövründə bu sahədə yeni mərhələ başladı.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirərək diaspor siyasətini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dövlət başçısının bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşməsi, onların problemlərinə həssaslıqla yanaşması bir daha sübut edir ki, müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dövlətidir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” Bu çağırış diaspor fəaliyyətinin ideoloji sütununu təşkil edir və dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirir.

Son illərdə Azərbaycan diasporu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq diaspor təkcə mədəni kimliyin qorunması ilə kifayətlənmir, eyni zamanda güclü lobbi potensialına malik siyasi aktora çevrilir. 2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı və sonrakı mərhələdə diaspor təşkilatlarının əlaqələndirilməsi bu istiqamətdə mühüm addımlar oldu.

“Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycan və Türkiyə diasporlarının koordinasiyalı fəaliyyəti, müxtəlif ölkələrdə erməni lobbi dairələrinin yalanlarının ifşası, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması diasporumuzun artan siyasi çəkisini göstərir.

44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarının tarixində misilsiz birlik nümunəsi yaratdı. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız informasiya cəbhəsində, ictimai rəyin formalaşdırılmasında, beynəlxalq təzyiqlərə qarşı mübarizədə fəal iştirak etdilər. Bu həmrəylik “Dəmir yumruq” simvolunda öz ən parlaq ifadəsini tapdı.
2022-ci il aprelin 22-də azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı isə milli birliyin tarixi zirvəsi oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Qurultay tarixi Zəfərin məntiqi davamı idi və müzəffər xalqın həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu gün artıq qlobal azərbaycançılıq ideologiyasının təntənəsidir. Bu gün milli yaddaşın, dövlətçilik şüurunun, vahid Vətən anlayışının bayramıdır. Güclü Azərbaycan dövləti, qalib xalq və mütəşəkkil diaspor birliyi gələcəyə inamla baxmağımıza əsas verir.
Bu həmrəylik qorunduqca, Azərbaycan dövləti daha da güclənəcək, dünya azərbaycanlıları isə harada yaşamasından asılı olmayaraq öz arxalarında qüdrətli, qalib və suveren Vətən olduğunu hər zaman hiss edəcəklər.



www.AzadMedia.az