Menu
Xəbər Lenti
KİTAB TƏQDİMATI
Bugün, 10:28

KİTAB TƏQDİMATI

Sabah 32° isti olacaq
Dünən, 14:42

Sabah 32° isti olacaq

“Azərbaycan oğluyam”
1-06-2026, 12:59

“Azərbaycan oğluyam”

05 İyun 2026 15:04Manşet / Gündəm / Sosial

Qibləgahım, səcdəgahım, üçrəngli Türk bayrağı...

 

Adın şərəflidir sənin, ey şəhid!
Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Sübhan Cəbrayılovun (kod adı: Cəbi) qəhrəmanlıq obrazı


Vətən torpağının hər qarışı uğrunda canından keçən igid oğullarımız xalqımızın yaddaşında əbədi yaşayır. Onların şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıq nümunələri və müqəddəs şəhidlik zirvəsinə ucalmaları gələcək nəsillər üçün örnəkdir. Azərbaycan xalqının qəhrəman övladlarından biri, Xüsusi Təyinatlı Qüvvələrin igid döyüşçüsü (kod adı Cəbi ilə tanınan) şəhid Sübhan Cəbrayılov da məhz belə qəhrəmanlarımızdandır.
Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu zirvəyə yalnız Vətən sevgisini hər şeydən üstün tutan, dövlətinə və xalqına sonsuz sədaqətlə xidmət edən insanlar yüksələ bilirlər. Sübhan Cəbrayılov da həyatını Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə və xalqının təhlükəsizliyinə həsr etmiş igidlərdən biri idi.
Onun adı çəkiləndə ilk növbədə vətənpərvərlik, mərdlik, qorxmazlıq və fədakarlıq yada düşür. Döyüş yoldaşları onu hər zaman cəsarəti, çevikliyi və mübariz ruhu ilə xatırlayırlar. Sübhanın daxilindəki Vətən sevgisi uşaqlıq illərindən formalaşmışdı. O, böyüdükcə bu sevgi daha da güclənmiş, onu hərbi peşəyə istiqamətləndirmişdi.
Azərbaycan Ordusunun ən elit hərbi birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək böyük məsuliyyət, yüksək hazırlıq və dəmir iradə tələb edir. Sübhan Cəbrayılov bu çətin yolu seçərək Vətənə xidmət etməyi həyatının əsas məqsədi hesab etmişdi. O, daim öz üzərində işləyir, peşəkarlığını artırır və hərbi hazırlığını təkmilləşdirirdi.
2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək üçün şanlı döyüşlərə başladı. Bu döyüşlərdə minlərlə igid oğul kimi Sübhan Cəbrayılov da ön sıralarda yer aldı.
Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi o, ən mürəkkəb əməliyyatlarda iştirak edir, düşmənə qarşı amansız mübarizə aparırdı. Döyüş yoldaşlarının dediyinə görə, Sübhan heç vaxt çətinlikdən qorxmur, ən təhlükəli tapşırıqların yerinə yetirilməsində nümunə göstərirdi. Onun döyüş ruhu ətrafındakı hər kəsə güc və inam verirdi.
“Cəbi” ləqəbi ilə tanınan bu igid döyüşçü Vətən uğrunda mübarizəni özünün müqəddəs borcu hesab edirdi. O bilirdi ki, qarşıda onu ağır sınaqlar gözləyir. Lakin bu sınaqların heç biri onu yolundan döndərə bilmədi. Çünki onun üçün Vətən hər şeydən üstün idi.
Azərbaycan əsgərinin qəhrəmanlığı dünya hərb tarixində yeni bir səhifə açdı. Şuşaya aparan yollarda, dağlarda, qayalarda, çətin relyefdə döyüşən xüsusi təyinatlılarımız misilsiz şücaət göstərdilər. Bu qəhrəmanlıq salnaməsində Sübhan Cəbrayılovun da adı qızıl hərflərlə yazılmışdır.
Şəhidlər ölmürlər. Onlar xalqın qəlbində yaşayırlar. Sübhan Cəbrayılovun da əziz xatirəsi hər zaman hörmətlə anılır. Onun göstərdiyi qəhrəmanlıq nümunələri bu gün gənclərimiz üçün vətənpərvərlik məktəbinə çevrilib. Hər bir Azərbaycan gənci onun həyat yolundan örnək götürərək Vətənə sədaqətlə xidmət etməyin nə qədər müqəddəs olduğunu anlayır.
Sübhanın ailəsi belə bir igid övlad yetişdirdiyi üçün xalqımızın dərin ehtiramını qazanıb. Şəhid ailələri Azərbaycanın ən müqəddəs ailələridir. Çünki onlar Vətən yolunda ən əzizlərini qurban veriblər. Dövlətimiz şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərir. Bu diqqət və qayğı şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiram nümunəsidir.
Bu gün Azərbaycanın hər yerində şəhidlərin adları ehtiramla çəkilir. Məktəblərdə, tədbirlərdə, anım mərasimlərində onların qəhrəmanlıq salnamələri gənc nəslə çatdırılır. Sübhan Cəbrayılov da həmin qəhrəmanlar sırasında xüsusi yer tutur. Onun adı igidliyin, cəsurluğun və Vətən sevgisinin simvoluna çevrilib.
Qəhrəmanlar zaman keçdikcə unudulmurlar, əksinə daha da ucalırlar. Sübhan Cəbrayılovun həyat yolu da məhz belə bir örnəkdir. O, öz qanı ilə tarix yazdı, öz canı ilə Vətənin bütövlüyünü qorudu və şəhidlik zirvəsinə yüksələrək ölümsüzlük qazandı.
Bu gün azad Qarabağın hər qarış torpağında şəhidlərimizin ruhu dolaşır. Azad edilmiş şəhərlərimizdə dalğalanan üçrəngli bayrağımız onların müqəddəs əmanətidir. Sübhan Cəbrayılov kimi qəhrəmanların sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi ədalət öz yerini tapdı.
Onun adı Azərbaycanın qəhrəmanlıq tarixində daim yaşayacaq. Hər dəfə şəhidlərimizin xatirəsi anıldıqda Sübhan Cəbrayılovun da igid siması göz önünə gələcək. Çünki o, Vətən uğrunda canından keçərək xalqına ən böyük fədakarlıq nümunəsini göstərib.
Bəli, adın şərəflidir sənin, ey şəhid! Sən bu xalqın qürurusan, sən bu Vətənin qəhrəman oğlusan. Sənin keçdiyin yol mərdlik yoludur, qəhrəmanlıq yoludur, əbədiyyət yoludur. Sənin adın daim yaşayacaq, xatirən hər zaman hörmətlə anılacaq, qəhrəmanlığın isə gələcək nəsillərə örnək olacaq.
Ruhun şad olsun, igid Vətən oğlu! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq. Sənin kimi qəhrəmanların sayəsində bu gün müstəqil, güclü və qalib Azərbaycan yaşayır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
PS. Doğum gününlə şəhadət tarixin eyni günə düşdü, Sübhan! Bunun bir açması var; Tanrının yer üzünə göndərilən əziz qonaqlarından birisən. Ali missiya ilə gəldin. Digər şəhid qardaşların kimi. Tanrı gətirdi, Tanrı ucaltdı və Tanrı apardı. Şəhid taleyi – sonun başlanğıcı. Yuxun şirin olsun Qəhrəman, yuxun şirin olsun!
Ruhuna dərin hörmətlə,

Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı

Fərid Səfərov
AJB-nin üzvü
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü

Salam əziz qardaş!
Sübhan Cəbrayılov (Cəbi ləqəbli) igid qardaşımız, öz ad günündə dəfn olunan Vətən Müharibəsinin Qəhrəmanı.
“Səni xatırlayarkən gözümün önündən nələr keçmir, qardaş! 15 ilin xidməti, ağır döyüş tapşırıqları, həyacanlar, sarsıntılar, məsuliyyət, döyüşçü və Vətən borcu. Biz bu sınaqlardan şərəflə çıxdıq. Son görüşümüz... Sumqayıt... Gözlərimin içinə baxdın, məni bərk-bərk qucaqladın. Bu gözlərdən çox şey oxunurdu. Bəli, biz bu yolu özümüz seçmişdik. Hər saniyə ölüm bizi haqlaya bilərdi. Ölüm bizlər üçün adı qədər qorxusunu şiddətini çoxdan itirmişdi. Ölüm adidən adi idi bizlər üçün. Mənfur düşmənin özü qədər. Bu bizim son görüşümüz oldu. Vətən sağ olsun, QARDAŞ! Tanrı dağında görüşənədək.
Qardaşın Şərafəddin (kod adı: Xanış)”.


Sübhan Cəbrayılov, döyüş yoldaşlarının və onu tanıyan hər kəsin hörmətini qazanan mərd, cəsur və nümunəvi bir hərbçi idi. O, yalnız peşəkar döyüşçü kimi deyil, həm də gözəl ailə başçısı, sədaqətli dost və xeyirxah insan kimi yaddaşlarda qalmışdır.
Sübhan hər zaman zəiflərin yanında olan, insanların dərdinə şərik çıxan, çətin günlərdə dostlarına və ətrafındakı insanlara dəstək göstərərdi. Mərdliyi, səmimiyyəti və insanpərvərliyi ilə seçilən bu igid hər kəs tərəfindən sevilirdi.
Mən 2004-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirib XTQ sıralarına daxil olanda, həmin vaxt məni elə mehriban və səmimi qarşıladı ki, sanki illərdir bir-birimizi tanıyırdıq. Eyni bölmədə xidmət etdik. Bölmə komandirimiz Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev idi.
O dövrün xidməti son dərəcə ağır, yüksək fiziki hazırlıq və iradə tələb edirdi. XTQ bölmələri arasında keçirilən boks yarışlarında Sübhan dəfələrlə birinci yerlərə layiq görülürdü. O, asudə vaxtlarda və idman saatlarında bizə boks dərsləri keçir, gənc hərbçilərin hazırlanmasına böyük əmək sərf edirdi. Güclü boksçu olmaqla yanaşı, əlbəyaxa döyüş üzrə də seçilən və sevilən idmançılardan biri idi.
Təxminən 15 il eyni bölmədə xidmət etdik. Bu illər ərzində dostluğumuz qardaşlığa çevrilmişdi. Xidmət etdiyimiz dövrlərdə müxtəlif idman zallarında birlikdə əlbəyaxa döyüş təlimləri keçmişik. Sübhan həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə hər zaman seçilirdi.
XTQ-nin düşmən arxasında həyata keçirdiyi ilk xüsusi döyüş tapşırıqlarında onun böyük rolu olmuşdur. 2012-ci ilin may ayının 5-dən 6-na keçən gecə düşmən arxasına göndərilən 13 nəfərlik kəşfiyyat qrupunun tərkibində yer almış, tapşırığın uğurla yerinə yetirilməsində mühüm xidmət göstərmişdi. O, həmişə sinəsini qabağa verərək öndə hərəkət edən igidlərdən idi.
2012-ci ildən 2016-cı ilədək çoxsaylı kəşfiyyat döyüş tapşırıqlarında iştirak etmiş, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il 44 günlük Vətən müharibəsində böyük şücaət göstərmişdir. Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.
Onun son döyüşü isə xüsusilə ağır və çətin olmuşdur. Sayca qat-qat üstün olan düşmən qüvvələrinə qarşı döyüşərək son nəfəsinə qədər mübarizə aparmış, qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
19.10.2020-ci il tarixində şəhid olan qardaşımız Sübhanın dəfni elə bir günə təsadüf etdi ki, həmin gün onun doğum günü idi. 23.10.2020-ci ildə Sumqayıt şəhərində son mənzilə yola salındı.
Sübhan qardaşımız son döyüşündə 150-200 nəfərlik düşmən qüvvəsinə qarşı mərdliklə vuruşmuşdu. Onunla eyni döyüşdə iştirak edən, eyni tarixdə şəhid olan igidlərimizi xatırladıqca bu gün də göz yaşlarımıza hakim ola bilmirik.
Müharibədən təxminən üç ay əvvəl bizim qrupumuz və Sübhangilin bölməsi müxtəlif istiqamətlərə göndərilmişdi. Hər birimiz tutduğumuz mövqelərdə Vətən müharibəsinə hazırlaşırdıq. Elə oldu ki, bu üç ay ərzində bir-birimizi görmədik, yollarımız ayrıldı.
Müharibədən bir həftə əvvəl ailələrimizi görmək üçün bizə 3-4 günlük məzuniyyət verdilər. Həmin günlərdə təsadüfən Sumqayıt şəhərində rastlaşdıq. Bir az söhbət etdik, dərdləşdik, keçən günlərdən danışdıq. Ayrılıb hərəmiz öz evimizə getmək istəyəndə, Sübhan mənə dedi:
“Qardaşım, gəl səni bərk-bərk qucaqlayım.”
Məni bağrına basıb uzun müddət buraxmadı. Biz bir qardaş kimi qucaqlaşdıq. Belə bir hissi, belə bir görüşü mən yalnız Pəncəli Teymurov ilə yaşamışdım. O da şəhid olmamışdan qabaq bizimlə görüşəndə insanı bərk-bərk bağrına basırdı.
Amma Sübhanın həmin hərəkəti ürəyimdə silinməz iz buraxdı. Sanki hər ikimiz kövrəlmişdik, ağlamaq üçün bəhanə axtarırdıq. O görüşün son görüşümüz olacağını heç birimiz bilmirdik. 
Beləcə, bir-birimizdən ayrıldıq. O isə çox keçmədən Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı.
Sübhan 44 günlük Vətən müharibəsində Azərbaycanın bir çox rayon və kəndlərinin azad olunmasında böyük şücaət göstərmiş igidlərimizdən biri idi. Ondan qalan ən dəyərli xatirələrdən biri də dillər əzbəri olmuş həmin sözlərdir: “Çək, Şəhriyar, çək! Cəbrayılı aldım!”
Bu sözləri eşidəndə insanın ürəyindən sanki bir dağ keçir.
Sübhan təkcə mərd döyüşçü deyil, həm də Allaha bağlı bir insan idi. Ağır xidmət şəraitində, çətin döyüş tapşırıqları zamanı belə namazını qılar, Ramazan ayında orucunu tutardı. O, həm Vətənə, həm də dininə bağlı olan nümunəvi bir Azərbaycan övladı idi.
Sübhan və onunla birlikdə döyüşən, eyni tapşırıq zamanı şəhid olan qardaşlar mənim ən yaxın dostlarım, ən əziz silahdaşlarım idi. Bəzilərinin məzarını bu günə qədər ziyarət edə bilməmişəm. Bilirsiniz niyə? İnsan illərlə çiyin-çiyinə xidmət etdiyi, bir yerdə döyüşdüyü, çətinlikləri paylaşdığı dostunun bu həyatda olmadığını qəbul etməkdə çətinlik çəkir. Onların şəhid olması ilə barışmaq olmur.
Sübhan və digər qardaşlarımız şəhid olduqdan sonra biz onların yarımçıq qalan arzularını həyata keçirməyə çalışdıq.
Onların ən böyük arzusu Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunmasını görmək idi.
Onlar şəhid olandan sonra mən 2021-ci ildə Kəlbəcər istiqamətində aparılan sərhədlərin bərpası fəaliyyətlərində, 2022-ci ildə keçirilən 4 günlük "Sarsıdıcı Zərbə" əməliyyatında, 2023-cü ildə 24 saatlıq antiterror əməliyyatlarında el arasında tanınan əfsanəvi taborun sıralarında döyüşmüşəm.
Bütün bu döyüşlərdə əsas məqsədimiz şəhid qardaşlarımızın qisasını almaq, onların uğrunda canlarından keçdikləri Vətəni tam azad görmək idi. Şükürlər olsun ki, Azərbaycan Ordusu bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəldi. Bu gün şəhid ailələrinin, şəhid övladlarının qarşısında üzümüz ağdır. Çünki qəhrəmanlarımızın qanı yerdə qalmadı, onların uğrunda can verdiyi torpaqları azad etdik və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Biz Sübhanı və digər şəhid qardaşlarımızı heç vaxt unutmamalıyıq. Onların əziz xatirəsini yaşatmaq, ruhlarını daim yad etmək hər birimizin mənəvi borcudur.
Yeni il, Novruz və digər bayram günlərində insanlar saat 12 tamamda sevinclərini fişənglər və müxtəlif partlayıcı vasitələr ataraq qeyd edəndə, biz – qazilər, veteranlar və silahdaşlar isə həmin anlarda şəhid qardaşlarımızın məzarları başına toplaşaraq dualar oxuyur, xatirələrini yada salırıq. Şəhidlərimizi unutmaq olmaz. Onlar torpağın altında uyuyan, lakin xalqımızın qəlbində əbədi yaşayan qan qardaşlarımızdır.
Bu gün azad səma altında yaşamağımız, bayrağımızın doğma torpaqlarımızda qürurla dalğalanması onların qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olub. Buna görə də şəhidlərimizin adı, xatirəsi və göstərdikləri şücaət hər zaman hörmətlə anılmalı, gələcək nəsillərə çatdırılmalıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət etsin. Ruhları daim şad olsun.

Şərafəddin Xankişiyev
XTQ-nin e.o. Baş giziri,
Vətən müharibəsi iştirakçısı.