Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Ruslan Eldaroğlu: Amnistiya aktının qəbulu siyasi müdrikliyin və sosial humanizmin bariz nümunəsidir.
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Avropa müstəvisində Azərbaycan dəyərlərinin ləyaqətli təmsilçiliyi – prinsip, hüquq və milli ruh
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
“Ramin-Nur” obyekti ilə bağlı yayılan iddialara cavab: “Məsuliyyət icəradara aiddir”
Dövlətə sədaqət və bznesdə nümunə: “Kia Motors”un rəhbəri, vətənpərvər İş Adamı Səxavət Səfərov
DÜNYA DİL AİLƏLƏRİ VƏ TÜRK DİLLƏRİ AİLƏSİ
Dillərin təsnifinin məqsədi bütün dünya dillərini qruplaşdırmaq, onların mənimsənilməsini asanlaşdırmaq, hər bir dilin dünya dilləri sistemində yerini dəqiqləşdirməkdən ibarətdir. Dünya dillərinə aid qruplaşdırma və nəticələrə dair ümumiləşdirmələr aparılması dillərin hərtərəfli tədqiqi üçün geniş imkanlar yaradır. Buna görədir ki, dillərin öyrənilməsində genealoji təsnifdən tarixən geniş şəkildə istifadə olunmuşdur. Qədim Şərq dilçiliyində XI əsrin Mahmud Qaşqarlı, ilk dəfə olaraq, türk dillərinin təsnifini (Qurbanov A. Ümumi dilçilik. 3 cilddə. III c. Bakı. 2019.s.17) vermişdir. O, türk dillərini mənşəyinə görə qruplaşdırmağı zəruri hesab etmişdir.
Dillərin qruplaşdırılmasına dair aşağıdakı təsniflər yaranma tarixinə, məzmun və mündəricəsinə görə diqqəti daha çox cəlb edir: 1) Coğrafi təsnif; 2) Tipoloji təsnif; 3) Stadial təsnif; 4) Funksional təsnif; 5) Genealoji təsnif.
Dillərin mənşə ümumiliyinə görə qruplaşdırılmasına genealoji təsnif deyilir. Burada dillərin genetik birliyi, tarixi, bunların bir-birinə qarşılıqlı münasibəti nəzərə alınıb, onların qohumluğu müəyyənləşdirilir.
Material ümumiliyinə, genetik ortaqlığa malik olan dillər qohum hesab edilir, bir kökə mənsub olur. Dillərin qohumluğu onların bütün komponentlərində özünü göstərir və genetik qohumluğa əsaslanır, onların fonetik, leksik, morfoloji və sintaktik oxşar və yaxın əlamətləri əsasında müəyyənləşdirilir. Dillərin qohumluğu müəyyən edilərkən belə təsadüfi halları deyil, dilin özünəməxsus olan xüsusiyyətlərini müqayisə etmək üçün onun qədim tarixinə nəzər salınır, oradan dilin özünə aid faktlar götürülür və başqa dillərlə müqayisə edilir.
Genealoji bölgüyə görə, müəyyən qohum dillərin cəmi dil ailəsini təşkil edir. Mövcud olan iyirmidən çox dil ailəsindən biri də türk dilləri ailəsidir.
Altay dilləri ailəsi tərkibində ən böyük dil qrupu türk dilləridir. 23 dili əhatə edən bu dil qrupu bir sıra fonetik, leksik və qrammatik xüsusiyyətləri ilə başqalarından seçilir.
Türk dillərini dünya dillərindən fərqləndirən bir sıra əlamətlər mövcuddur. Bunlardan ən başlıca səciyyəvi xüsusiyyətlər: 1. Türk dillərində sait və samit fonemlərin fonetik cəhətdən mövqeyinin sadəliyi; 2. Bu dillərdə “e” qovuşuq səsinin və “nq” sağır nunun mövcudluğu; 3. Ahəng qanununun olması; 4. Heca vurğusunun sözün son hecası üzərinə düşməsi; 5. Şəkilçiləşmə xarakterinə malik olması və s.
Planetimizdə 300 milyona yaxın türksoylu insan yaşayır.
Türk coğrafiyası – türklərin yaşadıqları yerlər dünyanın olduqca böyük və geniş sahəsini əhatə etmişdir. Yer üzündə türklər qədər geniş yayılmış ikinci bir milləti təsəvvürə gətirmək çətindir. Dünyanın hər yerində türk insanları yurd salıb həyat sürmüşlər. İndi də müasir türk dünyası ucsuz-bucaqsız coğrafiyaya malikdir.
Türk xalqlarının əcdadları, ulu babaları miladdan əvvəl, iki min il bundan öncə Orta Asiyada yaşamışlar (bu haqda da müxtəlif fikirlər var), türklərin beşiyi, məskunlaşma mərkəzi Altay dağlarının şimalı və Yenisey çayının sahilləri olmuşdur. Həmin ərazilər bu gün də türk xalqlarına məxsusdur. Türksoylu xalqların bəziləri bu qədim türk yurdlarında öz mövqelərini möhkəmlətmiş və oralara daha möhkəm bağlanmışlar.
Türklərin dünyaya yayılmasının tarixi eradan əvvəl hun türklərindən başlamışdır. Türklər dünyanın dörd qütbünə yayılmışlar. Onlar Şərqdə Sakit okeana qədər, qərbdə Avropanın mərkəzlərinə, şimalda Uzaq Sibirə, cənubda Hindistana gedib çatmışlar. Türk boylarının başqa yerlərə yayılması müxtəlif dövrlərdə baş vermişdir. Türklərin Qafqaz ərazilərinə gəlmələri onlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Cənubi və Şimali Qafqaz bəzi türk tayfalarının başqa yerlərə, o cümlədən Kiçik Asiya və Avropaya keçməsində imkanlı bölgə, əlverişli yol olmuşdur. Azərbaycan ərazisinə türklərin gəlişi miladdan əvvəl VII əsrdən başlanmışdır. İlk dəfə Azərbaycana sakalar (isteklər) gəlmiş və bu bölgədə uzun illər yaşamışlar. Onlardan sonra buraya gələnlər türk mənşəli albanlar olmuşlar. Uzun sürən alban hakimiyyətini midiyalılar əvəz etmişdir. II əsrdən Azərbaycan bölgəsinə hun türkləri, sonra xəzərlər, V əsrdə sabirlər və başqaları gəlmişlər. VI–VIII əsrlərdə – Göytürk hakimiyyəti illərində (552-744) Orta Asiyadan bir sıra türk tayfaları Azərbaycana gəlmişlər (Qurbanov A. Ümumi dilçilik. 3 cilddə. III c. Bakı. 2019.s.90).
Müasir türkdilli xalqlar Orta Asiyada (Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda), Uzaq Şərqdə, Çində, Qafqazda, Rusiyada, İranda, İraqda, Kiçik Asiyada-Türkiyədə yaşayırlar. Bundan başqa, ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə, İtaliyada və digər ölkələrdə də xeyli türk yaşamaqdadır. 260 milyonluq dünya türklərindən 30 milyondan çoxu azərbaycanlıdır. Azərbaycanlılar türk xalqları arasında əhalinin miqdarına görə ikinci yeri tutur
Türk tarixinin 2.500 ili faktik olaraq yazılı (Qurbanov A. Ümumi dilçilik. III c. Bakı. 2019.s.95) abidələr əsasında sübut olunur. Belə bir abidə Esik qəsəbəsində “Qızıl paltarlı adam” qəbrindən tapılan yazılı gümüş tabadır. Türkoloqlar yazının (iki sətirdən ibarətdir) 2.500 il bundan əvvələ aid olduğunu müəyyənləşdirmişlər. Lakin müxtəlif ölkələrin elm adamları bu tarixin daha da əvvəllərə aid olduğunu (Max Plansk 10 000 ilə yaxın), türk dilini dünyanın ilk dili olduğunu söyləmişlər.
Vaxtı ilə ünsiyyətə xidmət etmiş aşağıdakı türk dilləri indi ölü dillərdir: Oğuz dili, Peçeneq dili, Qıpçaq dili, Xəzər dili, Poloves dili, Bulqar dili, Qədim özbək dili və s.
Hazırda ünsiyyət vasitəsi kimi aşağıdakı müasir türk dillərindən istifadə olunur: 1. Azərbaycan dili 2. Altay dili 3. Özbək dili 4. Başqırd dili 5. Salar dili 6. Çuvaş dili 7. Şor dili 8. Xakas dli 9. Qumuq dili 10. Tatar dili 11. Karaim dili 12. Tofa dili 13. Qaqauz dili 14. Tuva dili 15. Qaraçay-malkar dili 16. Türk dili 17. Qaraqalpaq dili 18. Türkmən dili 19. Qazax dili 20. Uyğur dili 21. Qırğız dili 22. Yakut dili 23. Noqay dili.
Türk dillərinin tədqiqi ilə dünyanın bütün ölkələrində məşhur türkoloqlar məşğul olmuşlar.
15 dekabr - Dünya Türk Dili Ailəsi günüdür. UNESCO-nun 3 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilmiş 43-cü Ümumi Konfransında 15 dekabr Dünya Türk Dili Ailəsi günü kimi elan edilib.
Bu mühüm təşəbbüs Türk dillərinin qədim köklərini, zəngin mədəni irsini və xalqlarımızı birləşdirən ümumbəşəri dəyərləri bir daha ön plana çıxarır. Mədəni və dil müxtəlifliyinin qorunmasında aparıcı rol oynayan UNESCO çərçivəsində belə bir günün təsis edilməsi, eyni zamanda Türk Dünyasının qlobal miqyasda artan nüfuzunun və ortaq kimliyinin təsdiqidir (https://www.google.com/search?q=15+dekabr+Unesko&rlz).
Qeyd olunur ki, 15 dekabr əlamətdar bir tarixdir, həmin gün 15 dekabr 1893-ci ildə danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk yazılı abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuması ilə bağlı Danimarka Kral Akademiyasında məruzə edib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
Bu tarixi gün türk sivilizasiyalarının ortaq mədəni və bədii sərvətinin rəmzidir, habelə bu xalqlar arasında mədəni yaxınlaşmaya və dialoqa töhfə verir. UNESCO “Dünya Türk Dili Ailəsi Günü”nü təsis etməklə, bir daha çoxdilliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa sadiqliyini təsdiqləmişdir.
UNESCO-nun qərarı ilə 15 dekabr hər il Türk Dilləri Ailəsi Günü kimi qeyd olunur. Bu gün dünya miqyasında türk dillərinin zənginliyi, tarixi və qorunması ilə bağlı tədbirlər keçirilir. Məqsəd türkdilli xalqlar arasında mədəni və dil birliyini möhkəmləndirmək, xüsusilə azsaylı və təhlükə altında olan türk dillərinin yaşadılması və inkişaf etdirilməsidir.
Dünya dillərinin ailələşməsi bəşəriyyətin mədəni zənginliyini və tarixi əlaqələrini əks etdirir. Türk dilləri isə böyük coğrafiyada yayılmış, qədim yazılı ənənəyə malik və canlı inkişaf potensialına sahib olan bir dil ailəsidir. Bu ailənin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi UNESCO və türkdilli ölkələrin qarşısında duran strateji əhəmiyyətli bir vəzifədir.
Həcər Emin qızı Hüseynova
ADPU, filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası;
f.e.d.,professor.
Pezident təqaüdçüsü, yazıçı-publisist, “Zəfər”, “Nizami Gəncəvi-880” “Azərbaycan xanımı” media mükafatları laureatı, “Zirvədəki azərbaycanlılar” kitabının redaktoru






















































