Menu
Xəbər Lenti
21 Ağu 08:31Manşet / Gündəm

Deputat: “Ermənilər özlərinin genetik kodlarının əsirinə çevriliblər” - ŞƏRH

 

“Ötən həftə Şuşada növbəti kütləvi məzarlıq aşkarlandı. Bu məzarlıq Birinci Qarabağ savaşı zamanı əsir götürülən azərbaycanlıların işgəncə ilə qətlə yetirliməsinə dair daha bir sübutdur”.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

O qeyd edib ki, azad edilmiş torpaqlarda erməni vəhşiliyi ilə bağlı hər gün yeni-yeni faktlar ortaya çıxır. Deputatın sözlərinə görə, dünyanın bir sıra ölkələri, onların rəsmi şəxsləri, media quruluşları və QHT təmsilçilərinin Qarabağda uydurulmuş “blokada” təbliğatı bu faktlar fonunda siyasi riyakarlığın bariz nümunəsidir:

“Bu məzarlıq Şuşada ikinci, işğaldan azad edilmiş torpaqlarımızda isə sayca səkkizincidir. İndiyədək 300-ə yaxın qalığın kimə məxsusluğu müəyyən edilib. Birinci müharibə nəticəsində itkin düşmüş dörd min nəfərin olduğunu nəzərə alsaq, bu, kiçik rəqəmdir. Bu fonda, xüsusilə də İrəvanın BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə növbəti dəfə rüsvay olmasından sonra ermənilərin “humanitar böhran” ah-naləsi rəzil təəssürat yaradır”.

Millət vəkili E.Allahverdiyev hesab edir ki, belə məzarlıqlar, ümumiyyətlə, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən həyata keçirilmiş cinayətlərə dair sübutlar gələcəkdə də aşkara çıxacaq:

“Ermənilərin növbəti “soyqırımı” hay-həşiri onların hər birinin daxilən etdikləri cinayət və günahların üzə çıxacağından qorxmalarının göstəricisidir. İnsanlığa qarşı xüsusi amansızlıqla törədilən bu vəhşiliyi gizlətmək mümkün deyil. Bu gün Xankəndidə gizlənmiş hər bir separatçı bütün bunlara görə cavab verəcəyini bilir. Ona görə də çox qorxurlar”.

Deputat E.Allahverdiyev deyib ki, bəşəriyyətə münasibətdə cinayətə, bölücülük və aqressiyaya meyllilik ermənilərdə nəsildən-nəslə ötürülür.

“Əks halda son üç ildə onların azərbaycanlılara qarşı törətdikləri vəhşiliyi təsdiqləyən onlarla faktın ortaya çıxmasına baxmayaraq, göz yaşları tökməkdənsə, üzr istəmələrinin şahidi olardıq. Xüsusilə gənc nəslin ata və babalarının törətdikləri bu dəhşətlərdən nəticə çıxarması erməni xalqı üçün gələcəyə dair bir ümid, işıq mənbəyi ola bilərdi. Ancaq biz bunun əksini görürük. ABŞ-də BMT-nin qərargahı qarşısında azərbaycanlılara hücum edirlər, Qarabağda özlərinə yeni istehkamlar qururlar, hərbi təxribatlar törədirlər. Ermənilər özlərinin genetik kodlarının əsirinə çevriliblər. 44 günlük müharibədən sonrakı proseslər göstərir ki, onlar bu tarixi xəstəliklərindən qurtula bilmirlər”, - deyə E.Allahverdiyev vurğulayıb.

“İndi Ermənistan ərazisində bir yeniyetmə qız avtomobil qəzasında ölüb, istəyirlər onun meyitini zorla gətirib Azərbaycan ərazisində dəfn etsinlər. Anası çıxıb bizi günahlandırır, göz yaşı axıdır. Qızın pasportunda yazılıb ki, Ermənistan vətəndaşıdır. Bir ölkənin vətəndaşı hansı əsasla digər dövlətin ərazisində dəfn edilməlidir? Bu adamlar son 30 ildə istədiklərini ediblər, nə dövlət anlayışları var, nə sərhəd, nə qanun. Özləri tərəfindən düşünülmüş xəyali, qanundankənar mühitdə yaşayıblar və bu gün də hesab edirlər ki, erməni olduqlarına görə bütün əməllərinə göz yumulmalıdır”, - deyən millət vəkilinin sözlərinə görə, rəsmi İrəvanın da bu hay-küyə qatılması Ermənistanın hansı çıxılmaz duruma düşdüyünü göstərir.

“Dünya Qarabağda hər gün erməni vəhşiliyinə dair yeni faktlarla tanış olur. Bunlar isə Ermənistan vətəndaşını Azərbaycan ərazisində dəfn edə bilmədiklərinə görə siyasi isterikada vurnuxurlar. Aralarından bir nəfər çıxıb demir ki, 30 il öldürdüyümüz azərbaycanlıların qalıqları üzərində yaşadığımıza görə utanırıq və üzr istəyirik”, - deputat əlavə edib.