Menu
Xəbər Lenti
QƏLPƏ YADDAŞI
Bugün, 20:03

QƏLPƏ YADDAŞI

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

Bu rayonlara dolu düşüb
4-05-2025, 09:27

Bu rayonlara dolu düşüb

08 May 2025 19:58Manşet / Gündəm / Sosial

ŞƏHİDLİYƏ GEDƏN YOL...

 

Bu yol Tanrı qismətindən keçir...


«Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran 185).


(Müharibəyə getməyib Mədinəyə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).


Hər dəfə şəhidlərimiz haqqında danışılan, deyilən söhbətlərdə bəzən eşidirəm ki, - "heç bizim sözümüzə baxmadı, bizdən xəbərsiz gedib yazılıb, müharibəyə getdi". Bu kimi kəlmələri eşidəndə Qurani - Kərimdən götürdüyüm yuxarıdakı İlahi kəlamlar yadıma düşür. Doğurdanmı, - "o, sözə baxsaydı", "getməsəydi" - düşündüyümüz kimi olacaqdı...?


Axı onlar şəhidlik üçün doğulmuşdu. Onların dünyaya gəlişi də bu missiyanı yerinə yetirmək üçün idi. Sadəcə, biz bunu bilməmişik.


Gözümüzün qarşısında boy atıb, valideyin, bacı qardaş, doğma yaxınlar, dost-tanışlar olaraq onlarla adi birimiz kimi davranıb, onların hər biri üçün hansı arzuları ürəyimizdə cücərtməmişik...?


Şəhidlər haqqında düşüncəmin bu yerində, illər öncə, Böyük Vətən Müharibəsi (1941-1945) illərində, dünyasını dəyişənə qədər, müharibəyə gedib qayıtmayan iki övladından xəbər tuta bilməyən nənəmə həsr etdiyim poemadan bu beyt yadıma düşdü.


Kimin oğlu qaldı, kimində qızı,


Kimidə nişanlı getdi davaya.


Bəli, bu ağrılı və acı bir həqiqətdir. Bu acı həqiqəti biz, 44 günlük müharibədə bir daha yaşadıq. Yana-yana, qıvrıla-qıvrıla, ürəyimiz parçalanana qədər yaşadıq...


44 günlük Vətən Müharibəsinin ağrılı kadrlarını gördükcə ürəyimdən gedən qara-qanlar içində gördüklərimi yarımçıq ömür kimi qarımçıq misralara çevirib belə yazmışdım...


Ağlar qoydu, parçaladı ürəyin,


Anasının göz yaşına qıymayan.


Sığalına möhtac qoydu, gör necə...?


Balasını oxşamaqdan doymayan.


Bütün bunlar, bizə qürur yaşadan şəhid balalarımızın qismətinə yazılmış bir tale yazısı idi. Burada İmam Şəfii rəhmətullahi əleyhinin gözəl bir deyimi yadıma düşdü. İmam deyir ki:-"Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafındakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən".


Bizim şəhidlər də belə dünyaya gəldilər və İlahi hökmüylə elə əməl sahibi oldular ki, indi biz onlar üçün ağlayırıq, ancaq onlar sevinir. Bu haqqdı...


Bu yazımda belə bir şəhidmiz haqqında danışmaq istəyirəm. Elə bir şəhidimiz ki, həmin vaxtlar onun hərtərəfli imkanı vardı ki, müharibəyə getməsin. Çünki, o həm gənc nəsilin təlim tərbiyyəsi ilə məşğul ola biləcək, Azərbaycan dilindən, zəngin ədəbiyyatımızdan dərs deyəcək şərəfli müəllim peşəsinin daşıyıcısı idi. Həmdə, 23 dekabr 2019-cu ildə Bələdiyyə seçkilərində namizədliyini irəli sürüb, bələdiyyə üzvlüyünə seçilmiş və Miskinli kənd bələdiyyəsinin sədr müavini idi. Amma, Böyük Yaradandanın buyruğu onu kənarda qoya bilməzdi. O, bizə şərəf yaşatmaq üçün dünyaya gətirilmişdi.


22 dekabr 1995-ci ildə Gədəbəy rayonunun Çalburun kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Kənan Azər oğlu Müzəffərli dünyaya gəlişində ağlasada, yaxınların, doğmaların sevindirmişdi. O, 25 illik ömür tarixində, bütün yaşıdları kimi 2002-ci ildən 2013-cü ilə qədər kənd orta məktəbində təhsil almış və elə həmin il, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Universiteti qurtaran ili, 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Fiziki hazırlığına görə o, Naxçıvan Xüsusi Təyinatlı Qoşun növündə xidmətə göndərilmişdi. Kənan Azər oğlu Müzəffərli hələ qələbə sevincini həmin dövürlərdə, Naxçıvan Muxtar Respublikasında yaşamışdı. Naxçıvan Muxtar respublikasında həqiqi hərbi xidmətdə olarkən Cünnüt yüksəkliyini qəsbkar erməni ordusununun çaynağından qoparılması uğurunda gedən döyüşlərdə böyük şücaət göstərmişdi. 11 km-lik, strateji əhəmiyyətli yüksəkliyi ilə seçilən Cünnüt yüksəkliyi onun üçün qələbə marşının başlanğıcı olmuşdu. Bundan əlavə Kənan Azər oğlu Müzəffərli həqiqi hərbi xidməti dövründə şəxsi heyət arasında nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlar və digər qiymətli mükafatlara laiq görülmüşdü. Hərbi xidmətdən təxris olunandan sonra, Elm və Təhsil Nazirliyinin xətti ilə təşkil olunan müəllim seçimi üçün keçirilən imtahanda yüksək nəticə göstərib Gədəbəy rayonunun Dəyəqarabulaq kənd məktəbində Azərbaycan dili ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdı. Elə həmin il, 23 dekabr 2019-cu ildə Bələdiyyə seçkilərində namizədliyini irəli sürür və bələdiyyə üzvü seçilir. Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi fəaliyyətə başlayır.


27 sentyabr 2020 - ci ildə Erməni işğalçılarının torpaqlarımızdan qovub çıxarılması üçün, Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan tapşırığı ləyaqətlə həyata keçirilməsi zamanı Kənan Müzəffərli, Ali Baş komandanın qismən səfərbərlik əmrinə sevinib Müharibəyə getmək üçün ordu sıralarına yazılır. Vətən Müharibəsinin elə ilk günündən milli ordumuzun sıralarında döyüş bölgəsinə yollanır. Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində şəxsi heyət qarşısında qoyulan bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirir.


Şəhid balamız Kənan Müzəffərli haqqında deyilənlərdən biri də o idi ki, o, 25 illik ömür tarixini şərəflə yaşamış, doğmalarına, yaxınlarına, dostlarına, tanışlarına həmişə səmimi sevgi ilə yanaşmış, diqqət göstərmiş, kömək etmişdir. Elə bu xasiyyəti, onu, tanıyanların hamsına həmişə sevdirmişdir.


Kənan Azər oğlu Müzəffərli Zəngilan rayonu istiqamətində gedən döyüşlərin birində, 27 oktyabr 2020-ci ildə, düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına yüksəlmişdir.


Bir məqamı da burada vurğulamaq istəyirəm ki, onun uşaqlıq dostu Elvin Qiyas oğlu Mustafayev də eyni tarixdə, 27 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmişdir. Onun haqqında növbəti yazımda danışacam...


Kənan Azər oğlu Müzəffərlinin nəşi, Gədəbəy rayonunun Çalburun kənd qəbristanlığında uğurunda vuruşduğu torpağa böyük ehtiramla tapşırıldı. Hər il rayon ictimaiyyətinin nümayəndələri, Kənan sevərlərin iştirakı ilə şəhidimiz anılır və onun ruhuna dualar oxunur.


Şəhid Kənan Azər oğlu Müzəffərlinin ana qədər sevdiyi vətən qarşısındakı xidmətləri ölümündən sonra dövlət tərəfindən mükafatlandırılmışdır. O, "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqləndiyini görə" və "Vətən uğrunda" medallarına laiq görülmüşdür.


Onun haqqında kənd camaatı, iş yoldaşları, tələbə dostları böyük sevgiylə danışıb, ehtiramla söz açırlar. O, onu tanıyanların qəlbində daimi yaşamaq haqqı qazandı. Xalqımıza qarşı mənfur erməni siyasətinin 200 illik planlarını alt-üst edib, millətə qürur yaşatdı. Azad, suveren bütöv Azərbaycan qoyub getdi.


Bu yazı ilə şəhid balamız Kənan Azər oğlu Müzəffərli in ruhu qarşısında ehtiramımı bildirib, ona, Allah tərəfindən halal haqqı olan rəhmət diləyirəm. Ruhun şad olsun Kənan...


 

Böyük ehtiramla,


Elxas Comərd,


AYB-nin, "İti Qələm" Respublika və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.


Şair-publisist.