İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
TƏKZİB: “Gözəllik Qurban tələb edir” yazısında yer alan qeyri-dəqiqliklərlə bağlı redaksiyamızın mövqeyi.
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Hər il may ayının 10-u Azərbaycan xalqı üçün həm qürur, həm də dərin ehtiram günü kimi yad olunur. Bu tarix – Azərbaycanın dahi oğlu, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu il Ulu Öndərin 102-ci doğum ilini dərin ehtiramla qeyd edirik. Zaman keçdikcə bu böyük şəxsiyyətin xalqımız üçün gördüyü əvəzsiz işlərin əhəmiyyəti daha da aydınlaşır, onun dövlətçiliyimiz və hüquq-mühafizə orqanlarımız, xüsusilə Azərbaycan polisi üçün yaratdığı irs daha dərindən dərk olunur.
Mən, bir polis generalı olaraq, fəaliyyətim boyu həmişə Ulu Öndərin ideyalarına sadiq qalmağa, onun dövlətçiliyə, qanunun aliliyinə və xalqa xidmət prinsiplərinə əsaslanan rəhbərlik məktəbinin iziylə getməyə çalışmışam. Heydər Əliyev yalnız Azərbaycanın ümummilli lideri deyil, həm də hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsində, polis əməkdaşlarının peşəkarlığının artırılmasında və vətənə sədaqət ruhunda formalaşmasında müstəsna xidmətləri olan bir rəhbər idi.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hüquq-mühafizə orqanlarının inkişafında mühüm mərhələ başlandı. Onun 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişindən sonra hüquq-mühafizə orqanlarında islahatlar aparıldı, kadr islahatlarına xüsusi önəm verildi, intizam, vətənpərvərlik, xalqla bağlılıq kimi əsas dəyərlər önə çəkildi. Hələ Sovet dövründə belə, Heydər Əliyev Azərbaycan polisinin nüfuzunun artırılması, onun maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün çox ciddi addımlar atmışdı. Bu gün də biz, polis orqanlarında çalışan insanlar, həmin islahatların, həmin yanaşmanın nəticələrindən bəhrələnirik.
Heydər Əliyev polis orqanlarına hər zaman yüksək diqqət və qayğı göstərmiş, polisin dövlətin dayağı, xalqın keşiyində duran bir qüvvə olduğunu daim bəyan etmişdir. O, hüquq-mühafizə orqanlarını yalnız təhlükəsizlik və ictimai asayişin qorunmasında deyil, eyni zamanda dövlətin dayanıqlı idarə edilməsində, vətəndaşların hüquqlarının müdafiəsində, dövlətçiliyin qorunmasında əsas sütunlardan biri hesab edirdi.
1990-cı illərin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, ölkədəki xaos, anarxiya və hüquqi nihilizm şəraitində hüquq-mühafizə orqanları da böyük sınaqlarla üzləşmişdi. Məhz həmin dövrdə, Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın bütün sahələrində olduğu kimi, polis orqanlarında da yeni bir mərhələnin başlanmasına səbəb oldu. O çətin illərdə Heydər Əliyevin əzmkar iradəsi, müdrikliyi və cəsarəti sayəsində Azərbaycan dövlətçiliyi xilas olundu, hüquq-mühafizə orqanlarının fəaliyyəti bərpa olundu, xalqın polisə inamı yenidən bərpa edildi.
Polisin dövlətin sütunlarından biri kimi formalaşması və inkişafında Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin mühüm rolu olmuşdur. O, dəfələrlə bildirirdi ki, "dövlətin əsas dayaqlarından biri hüquq-mühafizə orqanlarıdır" və bu sözlər bizim fəaliyyətimizin mayakıdır. Onun çıxışlarında və müşavirələrində polis əməkdaşlarının peşəkarlığının artırılması, onların ictimaiyyət qarşısında nüfuzunun yüksəldilməsi, vətəndaşlarla münasibətlərdə məsuliyyətin artırılması mühüm yer tuturdu. Bu yanaşma bu gün də öz aktuallığını saxlayır və biz, polislər, fəaliyyətimizi məhz bu prinsiplər üzərində qururuq.
Ulu Öndər bütün hüquq-mühafizə orqanlarının fəaliyyətini daim diqqətdə saxlayar, polisin funksiyalarını dəqiq və konkret şəkildə müəyyənləşdirərdi. O, polis orqanlarının dövlətə və xalqa xidmət edən bir struktur olaraq fəaliyyətdə olmasını tələb edirdi. Bu baxımdan Heydər Əliyevin hüquqi dövlət quruculuğunda irəli sürdüyü prinsiplər, qanunun aliliyinə və insan hüquqlarının qorunmasına əsaslanan dövlətçilik fəlsəfəsi Azərbaycan polisinin fəaliyyət strategiyasının əsasında dayanır.
Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş "Polis haqqında" Azərbaycan Respublikası Qanunu bu sahədə hüquqi bazanın formalaşmasında mühüm addım oldu. Bu sənədin qəbulundan sonra polis fəaliyyətinin hüquqi əsasları möhkəmləndirildi, şəffaflıq, məsuliyyət və insan hüquqlarına hörmət prinsipləri üstün tutuldu. Heydər Əliyev daim vurğulayırdı ki, polis yalnız inzibati qüvvə deyil, o həm də xalqa xidmət edən, xalqla dövlət arasında körpü rolu oynayan bir qurumdur. Bu gün də biz, onun iradəsini rəhbər tutaraq, polis-xalq münasibətlərində qarşılıqlı etimada və şəffaflığa əsaslanan mühit yaratmağa çalışırıq.
Heydər Əliyev hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına yüksək etimad göstərmişdir. O, polisin cəmiyyətin mənəvi dayaq sütunlarından biri kimi formalaşması üçün əzmlə çalışmış, cəmiyyətdəki hər bir neqativ halın qarşısının alınmasında polisin rolunu xüsusi vurğulamışdır. Onun verdiyi tapşırıqlarda ictimai asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi daim ön planda tutulmuşdur.
Mən şəxsən dəfələrlə polis fəaliyyəti ilə bağlı Ulu Öndərin çıxışlarını, tövsiyələrini öyrənmiş və fəaliyyətimdə tətbiq etməyə çalışmışam. Onun hər bir fikri bu gün də bizlər üçün yol göstərən bələdçidir. Dahi liderin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bizə təkcə milli kimlik deyil, eyni zamanda vəzifə borcumuzu unutmamaq kimi bir məsuliyyət hissi aşılayır. Biz, polis əməkdaşları da bu fəxarət hissi ilə öz vəzifə borcumuzu vicdanla yerinə yetirir, dövlətimizin və xalqımızın keşiyində dururuq.
Heydər Əliyev polisi sadəcə bir icra orqanı kimi deyil, cəmiyyətin güvənc yeri, vətəndaşların sığınılacaq ünvanı kimi görürdü. Onun təşəbbüsü ilə bir çox təhsil müəssisələri açıldı, kadr hazırlığı sistemləşdirildi, Daxili İşlər Nazirliyinin maddi-texniki təminatı gücləndirildi. Azərbaycan polisi öz peşəkarlığını və şücaətini 1990-cı illərin çətin və qanlı günlərində, eyni zamanda 2020-ci ilin Vətən müharibəsində dəfələrlə sübut etdi. Vətən müharibəsi zamanı Daxili Qoşunların və polis əməkdaşlarının qəhrəmancasına göstərdiyi şücaət də məhz Ulu Öndərin yaratdığı və formalaşdırdığı güclü hüquq-mühafizə orqanlarının bariz nəticəsidir.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan polisi dövlətin və xalqın etibarlı dayağı kimi inkişaf etdirilir. Hüquq-mühafizə orqanlarının maddi-texniki təminatı, əməkdaşların sosial müdafiəsi və peşəkarlığının artırılması istiqamətində ardıcıl islahatlar aparılır. Bu da onu göstərir ki, Heydər Əliyev irsi yaşayır, inkişaf edir və daha da möhkəmlənir. Biz isə bu kursun davamçıları olaraq, onun əziz xatirəsini əməllərimizlə yaşadır, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edirik.
Heydər Əliyevin Azərbaycan polisi ilə bağlı düşüncələri, çağırışları və vətənə sədaqət prinsipləri hər bir polis əməkdaşının gündəlik fəaliyyətinin əsası olmalıdır. Onun irsi yalnız tarix deyil, bu gün də bizə yol göstərən, ruh verən, güc verən bir mənəvi xəzinədir. Hər dəfə polisin xidməti forması ilə küçələrdə addımlayanda, hər dəfə xalqın təhlükəsizliyini qoruyanda onun bizə olan inamı və etimadı bir növ vicdan andı kimi qarşımızda dayanır.
Bu gün biz Ulu Öndər Heydər Əliyevin 102-ci doğum gününü böyük minnətdarlıqla, hörmətlə, sevgi və ehtiramla qeyd edirik. Onun yaratdığı müstəqil Azərbaycan, onun formalaşdırdığı güclü dövlət strukturları, o cümlədən etibarlı və peşəkar hüquq-mühafizə orqanları onun ölməz irsinin parlaq təzahürüdür.
Ruhun şad olsun, Ulu Öndər! Azərbaycan polisi daim sənin müəyyən etdiyin yolla irəliləyəcək, sənin yaratdığın dövlətin, sənin qoruduğun xalqın keşiyində duracaq. Bizə göstərdiyin yol bizim üçün həm şərəf, həm də məsuliyyətdir. Və bu məsuliyyəti daşımaq bizim üçün həm borc, həm də iftixardır.
Fərid Faiqoğlu