Menu
Xəbər Lenti
ZƏFƏRƏ GEDƏN YOL
Bugün, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

08 Noyabr 2026 12:53Manşet / Gündəm

ZƏFƏRƏ GEDƏN YOL

 

Tarix unudulanda təkrarlanır. Ona görə də biz bu gün öz tariximizi unutmamalı, onu qorumağa, təbliğ etməyə və gələcək nəsillərə ötürməyə borcluyuq. “Qarabağ Azərbaycandır!”-deyə hayqıran nəsil, Xocalı üçün ədalət tələb edən gənclik, milli dəyərlərini yaşadan ziyalı – bunlar tarixə sahib çıxmalı, bir yumruq kimi birləşməli, milli kimliyini qorumalıdır. Tariximizi unutmayaq, çünki o bizim milli kimliyimizdir.


Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatlarında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, xalqımızın və döyüşçülərimizin ruh yüksəkliyi oldu. Xalq dövlət birliyi Zəfərlə nəticələndi.


Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı da vurğulamaq yerinə düşər. Azərbaycan Ordusu döyüşlərdə dünya hərb tarixinə yenilik kimi düşən yeni strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsini yerlə yeksan etdi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Çünki artıq bıçaq sümüyə dayanmış, yalan vədlərlə otuz il başımızın altına yastıq qoyulmuş, xalqın səbri tükənmişdi.


Ordumuz əks-hücum əməliyyatları zamanı müasir texnoloji vasitələrlə, yeni modern silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını sıradan çıxarıb iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc vasitələrindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu hətta köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticə rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini, keçilməz beton sədlərini, səngərlərini darmadağın edərək böyük zəfərə imza atdı.


Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.



Azərbaycan xalqı Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan mədəniyyət mərkəzi Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim, müqəddəs yurd yerimizin xilası ilə şanlı qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Hadisələrin bu cür gedişindən biri sevinsə də, bir çoxları qorxuya düşdü.


Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.


Prezident İlham Əliyev xalqa müraciətlərinin birində dedi: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də müasir hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edib. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın ordusu və dövləti isə işğalçıdır. Döyüş gedən torpaq onların torpağı deyil”.


Uzun illər boyu Azərbaycana və azərbaycanlılara qarşı ermənilərin apardığı haqsız istismarın, müharibənin son 30 ili də olduqca ağrılı-acılı keçmişdir. Azərbaycan xalqının 30 illik istismara qarşı apardığı 44 günlük vətən savaşı, bəlkə də, dünya hərb tarixində qeyri-adi döyüşlərdən biri oldu. Əks-hücum əməliyyatları planlı şəkildə həyata keçirildi, məqsədli şəkildə də qələbə ilə sonlandı. Ali BAş Komandan İlham Əliyevin bu müharibədə uzaqgörən siyasəti, döyüşlərə rəhbərlik taktikası, əzmi, biliyi və digər müsbət cəhətləri Azərbaycanın bu döyüşü qələbə ilə başa vurmasına cəbəb oldu. Həmin müharibənin, azadlıq savaşının cəsur iştirakçıları - Azərbaycan ordusunun igidləri, 3 minə yaxın şəhidimiz, qazilərimiz dastanlarda əbədiləşdi. Müharibənin hər günü, hər bir iştirakçısı ədəbi əsərlərin, şeirlərin, mahnıların qəhrəmanına çevrildi. Yazılan əsərlər tariximizi əks etdirdi və bu günə qədər də həmin proses davam edir. Unutmayaq, unutsaq, unudularıq!


 

 

Həcər Emin qızı Hüseynova (Umani)
Filologiya elmləri doktoru, professor

Azərbaycan Dövlət Pedaqoji Universiteti, MMU

Yazıçı-publisist, “Zəfər”, “Nizami Gəncəvi-880”,

                                                                                                                                                  “Qızıl qələm” media mükafatları laureatı