Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
8 NOYABR – AZƏRBAYCANIN ŞANLI ZƏFƏR TARİXİ, MİLLİ QÜRUR VƏ QALİBİYYƏT GÜNÜDÜR!
Rafiq Quluyev
Xətai rayon İcra Hakimiyyətinin başçısı
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər zaman keçdikcə öz tarixi əhəmiyyətini daha da artırır, nəsillərin yaddaşında əbədi yaşayır. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəman Azərbaycan Ordusunun gücünün və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi rəhbərliyinin təntənəsidir. Bu tarix Azərbaycan dövlətçiliyinin şanlı səhifəsi, xalqımızın qürur və iftixar mənbəyidir.
8 Noyabr 2020-ci il Azərbaycan tarixində əbədi olaraq qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ilə 44 günlük Vətən müharibəsinin taleyini həll edən tarixi hadisə baş verdi. Qədim Şuşanın azad olunması yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli ruhunun, tarixi ədalətə inamının və sarsılmaz iradəsinin təntənəsi idi. Bu qələbə illərlə doğma torpaqlarının həsrəti ilə yaşayan milyonlarla insanın qəlbində yeni bir sevinc, yeni bir ümid və böyük qürur yaratdı.
Bu möhtəşəm Zəfərin arxasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi dayanırdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bütün bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Prezidentin qətiyyətli mövqeyi, siyasi iradəsi, diplomatik fəaliyyəti və Azərbaycan Ordusuna göstərdiyi diqqət tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan əsgərinin necə böyük qəhrəmanlıq nümunəsi göstərə biləcəyini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında canından keçməyə hazır olan igid oğullarımız hər qarış torpaq uğrunda mübarizə apardılar. Onlar yalnız silahla deyil, Vətən sevgisi, milli qürur və azadlıq eşqi ilə döyüşürdülər. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə tarix yazdı, düşmənin illərlə qurduğu istehkamları yararaq xalqımıza Böyük Qələbənin sevincini yaşatdı.
Şuşa uğrunda aparılan döyüşlər isə hərb tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Çətin relyefə, mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan hərbçiləri misilsiz şücaət göstərərək mədəniyyətimizin beşiyi olan Şuşanı azad etdilər. Şuşanın azad edilməsi ilə xalqımızın mənəvi dünyasında yeni bir səhər açıldı. Uzun illər həsrətlə gözlənilən doğma şəhərimiz yenidən öz sahibinə qovuşdu.
Zəfər Gününün qəhrəmanları sırasında şəhidlərimizin adı xüsusi ehtiramla çəkilir. Onlar Vətənimizin azadlığı, xalqımızın gələcəyi və dövlətimizin ərazi bütövlüyü naminə ən qiymətli nemət olan canlarından keçdilər. Şəhidlərimizin qanı ilə yazılan bu tarix heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaqdır. Qazilərimiz isə döyüş meydanında göstərdikləri igidliklə Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirdilər.
Bu gün azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Zəfərin davamıdır. Bir zamanlar dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz yenidən qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri inşa edilir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərimiz illərin həsrətindən sonra öz evlərinə, ata-baba ocaqlarına qovuşurlar. Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəlişin, quruculuğun və gələcəyə inamın ünvanına çevrilir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, dövlətimizin gücünün və qüdrətinin nümayiş etdirilməsinə xidmət edir. Azərbaycan bu gün yalnız hərbi Qələbə qazanmış dövlət deyil, həm də öz torpaqlarını bərpa edən, iqtisadi potensialını artıran, milli maraqlarını qətiyyətlə qoruyan qalib ölkədir.
8 Noyabrın mahiyyəti yalnız keçmişdə qazanılmış Qələbəni xatırlamaqdan ibarət deyil. Bu gün həm də gələcək nəsillərə Vətən sevgisini, dövlətə sədaqəti, milli birliyi və torpağa bağlılığı aşılamaq deməkdir. Zəfər Günü bizə bir daha sübut edir ki, xalq öz liderinin ətrafında birləşəndə, ordusu güclü, iradəsi sarsılmaz olanda qarşıya qoyduğu ən böyük məqsədlərə belə nail ola bilər.
Bu möhtəşəm tarixdə hər birimiz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyməli, qazilərimizə minnətdarlığımızı bildirməli, Vətənimizin müdafiəsində dayanan hərbçilərimizə ehtiram göstərməliyik. Çünki bu gün dalğalanan üçrəngli bayrağımızın hər bir qarışı qəhrəmanlarımızın qanı, əzmi və fədakarlığı bahasına qazanılmışdır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının heç vaxt unudulmayacaq şanlı tarixidir. Bu tarix bizim kimliyimiz, milli qürurumuz, birliyimiz və gələcək nəsillərə ötürəcəyimiz ən böyük mənəvi mirasımızdır. Qalib xalq olmağın məsuliyyətini daşımaq, dövlətimizin güclənməsi naminə çalışmaq və əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Bu əlamətdar gün münasibətilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını və bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əbədi olsun!
Zəfər Günümüz mübarək! Yaşasın Azərbaycan!
Çingiz Mahmudov
AJB-nin üzvü






















































