Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
5-11-2026, 10:54

Anar Rzayevə ağır itki

07 Noyabr 2026 17:50Manşet / Gündəm / Sosial

Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”

Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini, hüquqşünas, ictimai fəal Məcid Məmmədov Millixəbər.az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərimizin milli yaddaşımızdakı yerindən danışıb.

2020-ci il sentyabrın 27-də başlanan, noyabrın 8-də Şuşanın azad edilməsi ilə zirvəyə yüksələn və noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi mərhələsi başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Bu, sadəcə, hərbi Qələbə deyil, otuz ilə yaxın davam edən torpaq həsrətinin sona çatması, tarixi ədalətin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi idi.
Azərbaycan xalqı bu Zəfərlə bütün dünyaya nümayiş etdirdi ki, Vətən sevgisi, milli birlik və dövlətə sədaqət ən böyük gücdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, illər ərzində aparılan ordu quruculuğu, iqtisadi inkişaf və prinsipial diplomatik fəaliyyət tarixi Qələbəmizin möhkəm təməlini yaratdı.
Azərbaycan uzun illər beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi, münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin illərlə icra olunmaması, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti və Ermənistanın davamlı təxribatları münaqişənin həllini mümkünsüz vəziyyətə gətirdi. 2020-ci il sentyabrın 27-də başlayan hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və xalqımızın 30 ilə yaxın gözlədiyi tarixi mübarizə Zəfər yoluna çevrildi.
44 gün ərzində Azərbaycan əsgəri öz qanı, canı və misilsiz qəhrəmanlığı ilə tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Suqovuşan, Hadrut və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızın dalğalanması, Zəngilan və digər ərazilərimizin azadlığına qovuşması milli qürurumuzu daha da yüksəltdi.
Nəhayət, noyabrın 8-də Şuşanın azad edilməsi ilə Zəfərimizin ən möhtəşəm səhifəsi yazıldı. Şuşa bizim tariximiz, mədəniyyətimiz, ruhumuz və milli kimliyimizdir. Bu qədim şəhərin azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və yenilməz iradəsinin təntənəsi idi. Müzəffər Ali Baş Komandanın “Şuşa, sən azadsan!” bəyanatı isə milyonlarla azərbaycanlının qəlbində əbədi yaşayacaq tarixi ifadəyə çevrildi.
Bu Qələbənin ən böyük güc mənbələrindən biri xalq-ordu birliyi oldu. Cəbhədə döyüşən əsgərimizin arxasında bütöv bir xalq dayanmışdı. Hər evdə, hər ailədə, hər ürəkdə bir amal vardı: Vətən azad olsun, bayrağımız Qarabağda dalğalansın! Azərbaycan xalqı həmin günlərdə öz həmrəyliyini, vətənpərvərliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Lakin bu Zəfərin qiyməti ağır oldu. Vətən torpaqlarının azadlığı uğrunda minlərlə igidimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə qəhrəmanımız sağlamlığını itirərək qazi oldu. Bu gün azad səmalarda dalğalanan bayrağımızın hər rəngində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, analarımızın göz yaşı və xalqımızın sonsuz Vətən sevgisi yaşayır.
Şəhid ailələrinə sahib çıxmaq, qazilərimizin qayğıları ilə maraqlanmaq, onların sosial problemlərinin həllinə dəstək göstərmək hər birimizin mənəvi borcudur. Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı olaraq hesab edirik ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların bizə əmanət qoyduğu ailələrə diqqət və qayğı göstərmək, qazilərimizin yanında olmaqdır. Çünki Vətən uğrunda canından keçənlərin qəhrəmanlığı yalnız xatirələrdə deyil, gündəlik həyatımızda da öz layiqli qiymətini almalıdır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan soydaşlarımızın sevinc göz yaşları Zəfərimizin davamıdır. Bir zamanlar düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimiz yenidən dirçəlir, həyat öz doğma axarına qayıdır. Azərbaycan öz torpaqlarında yalnız bayrağını deyil, quruculuq əzmini, dövlətçilik qüdrətini və gələcəyə inamını da nümayiş etdirir.
Əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi tariximizdə yalnız hərbi Qələbə kimi deyil, milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin rəmzi kimi yaşayacaq. Bu Zəfər bizə bir həqiqəti əbədi olaraq xatırlatdı: Vətən torpağı müqəddəsdir, onun azadlığı isə hər bir azərbaycanlının ən ali amalına çevrilməlidir.

Qarabağ Azərbaycandır! Bu Zəfər bizim qürurumuz, şəhidlərimizin əmanəti, gələcək nəsillərin isə fəxr edəcəyi əbədi tariximizdir!