Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Dövlət Su Ehtiyatları Agentliyində maaş kartları ilə bağlı şok iddialar: İdarə rəislərinə ikinci kartla 5 min manatdan artıq pul ödənilir?
Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
ZƏFƏRİN ADI AZƏRBAYCANDIR! 8 NOYABR – QƏHRƏMANLIQ, İRADƏ VƏ MİLLİ QÜRUR SALNAMƏSİ!
Taleh Azay oğlu Qaraşov
Lənkəran şəhər İcra hakimiyyətinin başçısı
Azərbaycanın tarixində elə bir gün var ki, bu günün adı çəkiləndə hər bir soydaşımızın qəlbində qürur hissi baş qaldırır, gözlər önündə qəhrəmanlıq səhnələri canlanır, Vətən uğrunda canından keçən igidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilir. Bu gün 8 Noyabr – Zəfər Günüdür! Bu tarix xalqımızın əsrlər boyu qoruyub saxladığı azadlıq arzusunun gerçəkləşdiyi, milli iradəmizin dünyaya nümayiş etdirildiyi, Azərbaycanın öz gücünü və qüdrətini təsdiqlədiyi möhtəşəm bir gündür.
Zəfər heç vaxt təsadüfən əldə olunmur. Böyük məqsədlər böyük hazırlıq, dönməz iradə, düzgün strategiya və fədakarlıq tələb edir. Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulması da məhz belə bir tarixi mübarizənin nəticəsi oldu. İllərlə doğma yurdlarından uzaqda yaşayan insanların qəlbində yaşatdığı qayıdış arzusu, şəhid analarının göz yaşları, qazilərimizin yarımçıq qalan arzuları və bütöv bir xalqın gözləntisi 2020-ci ilin payızında möhtəşəm Qələbə ilə nəticələndi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarına bağlılığını, dövlətinə sədaqətini və milli birliyini bütün dünyaya göstərdi. Bu müharibə həm də Azərbaycanın hərbi qüdrətinin, müasir döyüş qabiliyyətinin və peşəkar ordu quruculuğunun nümayişi idi. Azərbaycan əsgəri döyüş meydanında öz cəsarəti ilə tarix yazdı. Hər bir irəliləyiş, hər bir azad edilən yaşayış məntəqəsi illərin ədalətsizliyinə vurulan ağır zərbə idi.
Bu tarixi prosesdə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı müharibənin ilk günlərindən etibarən siyasi və hərbi proseslərə qətiyyətlə rəhbərlik etdi, xalqın iradəsini ifadə etdi, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Onun prinsipial mövqeyi, güclü siyasi iradəsi və milli maraqlara əsaslanan strategiyası ölkəmizin tarixi məqsədinə çatmasında mühüm rol oynadı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində hərbi, iqtisadi və siyasi potensialını gücləndirdi. Ordumuz ən müasir silahlarla təchiz edildi, hərbçilərimizin döyüş hazırlığı yüksəldildi, müdafiə sənayesi inkişaf etdirildi. Bütün bunlar Vətən müharibəsində öz real nəticəsini göstərdi. Azərbaycan Ordusu dünya hərb tarixində diqqət çəkən döyüş əməliyyatlarına imza atdı.
Zəfər salnaməsinin ən unudulmaz səhifələrindən biri Şuşanın azad olunmasıdır. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan bu qədim şəhərin düşmən işğalından qurtarılması xalqımız üçün xüsusi mənəvi məna daşıyırdı. Şuşa sadəcə coğrafi məkan deyil, milli yaddaşımızın, musiqimizin, ədəbiyyatımızın və tarixi kimliyimizin ayrılmaz parçasıdır. Azərbaycan əsgərinin qayalıqlardan keçərək, misilsiz qəhrəmanlıq göstərərək Şuşaya daxil olması hərb tariximizə qızıl hərflərlə yazıldı.
Bu Qələbənin ən böyük qiymətini isə Vətən uğrunda həyatını fəda edən şəhidlərimiz ödədilər. Onlar öz ömürlərini xalqımızın azadlığına, gələcək nəsillərin firavan həyatına həsr etdilər. Şəhidlərimizin hər biri bir ailənin övladı, bir ananın ümidi, bir elin dayağı idi. Bu gün onların adları yalnız xatirə lövhələrində deyil, xalqımızın mənəvi yaddaşında yaşayır. Şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaq. Döyüşlərdə sağlamlığını itirən qazilərimiz də böyük ehtiramın ünvanıdır. Onların göstərdiyi şücaət, Vətənə bağlılıq və mübarizə əzmi hər birimiz üçün örnəkdir. Dövlətimiz şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsini, reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını daim diqqətdə saxlayır. Bu, Vətən uğrunda fədakarlıq göstərən insanlara olan dövlət qayğısının mühüm ifadəsidir.
Zəfərdən sonra Azərbaycan qarşısında yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası və insanların doğma torpaqlara qayıdışının təmin edilməsi genişmiqyaslı quruculuq mərhələsinin əsas istiqamətlərinə çevrildi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəyə hesablanmış böyük dövlət proqramının tərkib hissəsidir. Yeni yollar, yaşayış məntəqələri, təhsil və səhiyyə müəssisələri, istehsal obyektləri həmin ərazilərin iqtisadi və sosial həyatına yeni nəfəs verir.
Ən böyük sevinc isə illərlə yurd həsrəti çəkən insanların öz doğma evlərinə qayıtmasıdır. Vaxtilə məcburi köçkün həyatı yaşayan ailələrin ata-baba ocaqlarında yenidən məskunlaşması Zəfərin insani və mənəvi tərəfini daha aydın göstərir. Bu qayıdış təkcə evlərə deyil, xatirələrə, köklərə, milli kimliyə və doğma torpağın ruhuna qayıdışdır.
8 Noyabr həm də gələcək nəsillər üçün böyük bir dərsdir. Bu tarix sübut etdi ki, milli həmrəylik, dövlətə bağlılıq və Vətən sevgisi xalqın ən böyük gücüdür. Biz bu Zəfəri yalnız bayram etməməli, onun hansı ağır sınaqlar, hansı fədakarlıqlar və hansı müqəddəs qurbanlar bahasına əldə edildiyini də unutmamalıyıq. Hər bir azərbaycanlı bu tarixi məsuliyyətlə yaşatmalı, dövlətimizin inkişafına və milli birliyimizin möhkəmlənməsinə öz töhfəsini verməlidir.
Azərbaycan bu gün qalib dövlət kimi öz gələcəyini inamla qurur. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və milli maraqlarımızın qətiyyətlə müdafiə olunması ölkəmizin qarşısında yeni üfüqlər açır. Bu yolun əsas məqsədi güclü, qüdrətli, təhlükəsiz və firavan Azərbaycanı gələcək nəsillərə ərməğan etməkdir.
8 Noyabr – Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vətənimizin müdafiəsində iştirak etmiş bütün hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.
Qoy şəhidlərimizin müqəddəs ruhu daim ehtiramla yad edilsin, qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmasın, xalqımızın birliyi və dövlətimizin qüdrəti daha da möhkəmlənsin!
8 Noyabr – Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!






















































