Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

24 Oktyabr 2026 17:38Manşet / Sosial

Qubadlıda dirçəliş: Böyük Qayıdışın yeni mərhələsi

 

Məşhur Məmmədov
Milli Məclisin deputatı


25 oktyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə yanaşı, 44 günlük Vətən müharibəsində Böyük Zəfərə aparan yolun mühüm mərhələlərindən birinin tamamlanmasını ifadə edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Qubadlı yalnız coğrafi ərazi deyil, Azərbaycanın dövlətçilik tarixinin, milli yaddaşının və Qarabağ mədəniyyətinin ayrılmaz hissəsidir. Qarabağ yaylasının cənub-şərqində yerləşən, 802 kvadratkilometr ərazini əhatə edən rayon özünün zəngin təbii ehtiyatları, meşələri, çayları, münbit torpaqları və kənd təsərrüfatı potensialı ilə seçilib. İşğala qədər rayonun iqtisadi həyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edib, taxılçılıq, tütünçülük, üzümçülük və digər kənd təsərrüfatı sahələri əhalinin məşğulluğunda mühüm rol oynayıb.
İşğal Qubadlının inkişaf yolunu yarımçıq qoydu. Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal təkcə ərazi itkisi ilə nəticələnmədi, minlərlə insanın doğma yurdundan didərgin düşməsinə, rayonun sosial-iqtisadi və mədəni infrastrukturunun məhv edilməsinə səbəb oldu. İşğal nəticəsində 29 997 Qubadlı sakini məcburi köçkün vəziyyətinə düşdü. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, inzibati və sosial obyektlər, məktəblər, mədəniyyət müəssisələri, məscidlər, yollar, körpülər, enerji və su infrastrukturu dağıdıldı. Bununla Azərbaycan xalqının yalnız maddi sərvətlərinə deyil, tarixi-mədəni irsinə də ağır zərbə vuruldu. Bu mənada Qubadlı nümunəsi işğal siyasətinin mahiyyətini və onun doğurduğu humanitar fəsadları aydın şəkildə göstərir. Məqsəd yalnız torpaqları ələ keçirmək deyil, həmin ərazilərin tarixi və demoqrafik simasını dəyişdirmək idi. Qanunsuz məskunlaşdırma siyasəti də bu yanaşmanın tərkib hissəsi olmuşdur. Qubadlı əməliyyatı hərbi peşəkarlığın nümunəsi oldu. 2020-ci ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı Qubadlı istiqamətində də yüksək peşəkarlıq və hərbi hazırlıq tələb edirdi. Düşmən şəhərin ətrafındakı yüksəkliklərdə möhkəmlənmiş, müdafiə xətləri yaratmışdı.
Qubadlının azad edilməsi üçün əvvəlcə strateji yüksəkliklərin və ətraf yaşayış məntəqələrinin nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusu bu vəzifənin öhdəsindən uğurla gəldi. Xanlıq, Padar, Sarıyataq və digər istiqamətlərdə əldə edilən uğurlar Qubadlı şəhərinin azad olunması üçün əlverişli şərait yaratdı.
Güclü və peşəkar ordumuz 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad edildi. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələrinin də azad olunması ilə Qubadlı rayonunun ərazisinin böyük hissəsi Azərbaycanın nəzarətinə qaytarıldı. Qubadlının azad edilməsi hərbi baxımdan strateji əhəmiyyət daşımaqla yanaşı, düşmənin müdafiə sisteminin parçalanmasına və Zəfərə aparan yolun sürətlənməsinə ciddi təsir göstərdi.
Qələbənin mənəvi-siyasi əhəmiyyəti onunla daha da gücləndi ki, Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2020-ci ildə azad edilmiş Qubadlıya səfər edərək burada Azərbaycan bayrağını ucaltdı. Bu, sadəcə dövlət rəmzinin ucaldılması deyildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasının, Qubadlının öz sahiblərinə qaytarılmasının və işğal dövrünün başa çatmasının rəmzinə çevrildi. Daha sonra Prezidentin Qubadlıya ardıcıl səfərləri azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına dövlət səviyyəsində verilən strateji əhəmiyyəti nümayiş etdirdi.
Bu gün Qubadlı üçün əsas məsələ yalnız işğalın nəticələrinin aradan qaldırılması deyil. Qarşıda daha böyük vəzifə, müasir, dayanıqlı və rahat Qubadlının qurulması dayanır. 2025-ci il sentyabrın 9-da Nazirlər Kabinetinin “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş plan Qubadlının gələcək şəhərsalma inkişafının sistemli əsaslarını müəyyənləşdirir və rayonun uzunmüddətli perspektivdə iqtisadi və sosial potensialının reallaşdırılmasına imkan yaradır. Qubadlıda yaşayış məhəllələrinin, sosial obyektlərin, inzibati binaların, məktəb və xəstəxananın inşası artıq yeni inkişaf mərhələsinin konkret nəticələridir. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması xüsusilə əlamətdardır. 21 binadan və 176 mənzildən ibarət kompleks Qubadlıda məskunlaşmanın və şəhər həyatının bərpasının mühüm göstəricisidir.
Qubadlının dirçəlişi yalnız şəhərlə məhdudlaşmır. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması rayonun kənd yaşayış məntəqələrinin də müasir standartlar əsasında bərpasına xidmət edir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin inşası nəzərdə tutulur. Bu layihələr minlərlə insanın doğma torpaqlarına qayıdışının maddi əsaslarını formalaşdırır. Burada mühüm məqam ondan ibarətdir ki, Böyük Qayıdış yalnız insanların fiziki olaraq öz yurdlarına dönməsi deyil. Məqsəd həmin ərazilərdə müasir yaşayış, sosial xidmət, təhsil, səhiyyə, məşğulluq və iqtisadi fəaliyyət imkanlarının yaradılmasıdır.
Qubadlının gələcək inkişafının əsas şərtlərindən biri güclü infrastrukturun yaradılmasıdır. 2021-ci ildə “Qubadlı” 110/35/10 kV-luq yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının dayanıqlı əsaslarını formalaşdırdı. “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətlərinin çəkilməsi isə rayonun Azərbaycanın ümumi enerji sisteminə inteqrasiyasını daha da gücləndirdi. Eyni zamanda Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi, yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və digər nəqliyyat layihələri rayonun regional əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu layihələrə yalnız yol və infrastruktur tikintisi kimi baxmaq düzgün olmaz. Onlar Qubadlının gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi məkanında daha fəal rol oynaması üçün yaradılan strateji bağlantılardır.
Qubadlının təbii resursları və coğrafi mövqeyi onun gələcək iqtisadi inkişafı üçün ciddi potensial yaradır. Rayonda meşə ehtiyatları, münbit torpaqlar, təbii dərman bitkiləri, müxtəlif faydalı qazıntı yataqları mövcuddur. İşğaldan əvvəl formalaşmış kənd təsərrüfatı ənənələrinin müasir texnologiyalar əsasında bərpası, aqrar sektorun inkişafı, emal müəssisələrinin yaradılması, xidmət və logistika sahələrinin genişləndirilməsi Qubadlının iqtisadi dirçəlişinin əsas istiqamətlərindən ola bilər. Burada əsas məqsəd keçmiş təsərrüfat modelini olduğu kimi bərpa etmək deyil, Qubadlının yeni iqtisadi reallıqlara uyğun daha rəqabətqabiliyyətli inkişaf modelini qurmaqdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi Azərbaycanın Zəfər tarixinin əbədiləşdirilməsi baxımından mühüm addımdır. 25 oktyabrın Qubadlı şəhəri günü kimi müəyyən edilməsi də bu tarixi qələbənin milli yaddaşda xüsusi yerini təsdiqləyir.
Bu gün Qubadlı haqqında danışarkən yalnız 25 oktyabr 2020-ci il tarixini xatırlamaq kifayət deyil. Qubadlı bu gün həm də Böyük Qayıdışın, quruculuğun, yenilənmənin və gələcəyə inamın ünvanıdır. Qubadlıda görülən işlər bir həqiqəti ortaya qoyur: Azərbaycan torpaqları yalnız işğaldan azad etmir, həmin ərazilərdə yeni həyat qurur. Dağıdılmış yaşayış məntəqələri yenidən salınır, yollar çəkilir, enerji və kommunikasiya infrastrukturu qurulur, məktəblər və xəstəxanalar inşa edilir, insanların öz doğma yurdlarına qayıdışı üçün şərait yaradılır. Bu baxımdan Qubadlı Azərbaycan dövlətinin Zəfərdən quruculuğa keçid siyasətinin bariz nümunələrindən biridir. 25 oktyabr Qubadlı üçün azadlıq günüdür və yeni bir başlanğıcdır. Bu tarix Qubadlının öz sahibləri ilə birlikdə yenidən doğulduğu, keçmişin ağrılarından gələcəyin quruculuğuna doğru inamla addımladığı gündür


www.AzadMedia.az