Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
30 iyul 2026-cı il tarixində redaksiyamız tərəfindən həkim Pərvaz Kişiyevin peşə fəaliyyəti ilə bağlı ictimai maraq doğuran araşdırma materialı yayımlanıb. Həmin materialda Pərvaz Kişiyevin hazırda “VIP Milan Hospital”da LOR (otorinolarinqoloq) həkimi kimi fəaliyyət göstərdiyi, daha əvvəl isə anestezioloq kimi çalışdığı barədə redaksiyaya daxil olan məlumatlar əsasında suallar qaldırılmışdı.
Məsələnin mahiyyəti hər hansı şəxsi ittiham etmək deyil. Əsas sual sadədir: Pərvaz Kişiyev hazırda hansı ixtisas üzrə fəaliyyət göstərir və onun LOR həkimi kimi tibbi fəaliyyət göstərməsi üçün müvafiq sertifikasiya və digər qanuni əsaslar mövcuddurmu?
Bu sualın cavabı xüsusilə vacibdir. Çünki söhbət insan sağlamlığı ilə birbaşa bağlı olan tibbi fəaliyyətdən gedir. Pasiyent həkimə müraciət edərkən onun ixtisasına, peşə hazırlığına və müvafiq hüquqi səlahiyyətlərinə etibar edir. Bu səbəbdən tibb işçisinin hansı ixtisas üzrə fəaliyyət göstərdiyi ilə bağlı yaranan sualların açıq və rəsmi şəkildə cavablandırılması normal və zəruri haldır.
Redaksiyamız məsələni dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə və “VIP Milan Hospital”a rəsmi sorğular ünvanlayıb. Sorğularda konkret olaraq Pərvaz Kişiyevin hansı ixtisas üzrə sertifikasiyadan keçdiyi, hazırda hansı ixtisas üzrə tibbi fəaliyyət göstərdiyi və LOR həkimi kimi fəaliyyətinin hüquqi əsaslarının olub-olmaması barədə məlumat istənilib.
Lakin müraciətlərin üzərindən müəyyən müddət keçməsinə baxmayaraq, redaksiyamızın sualları cavabsız qalıb.
Burada əsas narahatlıq doğuran məqam məhz susqunluqdur. Əgər Pərvaz Kişiyevin LOR həkimi kimi fəaliyyət göstərməsi bütün qanuni və peşəkar tələblərə cavab verirsə, bunun rəsmi şəkildə açıqlanması niyə mümkün deyil? Əgər müvafiq sertifikasiya və hüquqi əsaslar mövcuddursa, aidiyyəti qurumların bunu təsdiqləyən qısa açıqlama verməsi kifayət edərdi.
Əksinə, cavabsızlıq ictimai maraq doğuran sualların aradan qalxmasına yox, daha da artmasına səbəb olur.
Digər diqqətçəkən məsələ isə Pərvaz Kişiyevin sosial şəbəkə hesablarında özünü rinoplastika istiqamətində fəaliyyət göstərən həkim kimi təqdim etməsi barədə məlumatlardır. Bu halda da ortaya mühüm sual çıxır: Onun rinoplastika və digər LOR istiqamətli tibbi müdaxilələri həyata keçirməsi hansı peşəkar və hüquqi əsaslara söykənir?
Təbii ki, bu suallara ən doğru cavabı yalnız səlahiyyətli dövlət qurumları və tibb müəssisəsi verə bilər. Media qurumunun vəzifəsi isə ittiham irəli sürmək deyil, ictimai əhəmiyyət daşıyan məsələlərə aydınlıq gətirməkdir.
Burada “VIP Milan Hospital”ın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Əgər Pərvaz Kişiyev həqiqətən həmin tibb müəssisəsində LOR həkimi kimi fəaliyyət göstərirsə, onun hansı ixtisas üzrə işlədiyi və fəaliyyətinin müvafiq tələblərə uyğunluğu barədə ictimaiyyətə aydın məlumat verilməsi şəffaflıq baxımından məqsədəuyğun olardı.
Tibb sahəsində ən vacib məsələlərdən biri pasiyent etimadıdır. Həkimin ixtisası ilə bağlı sualların yaranması və bu sualların uzun müddət cavabsız qalması isə həmin etimad mühitinə müsbət təsir göstərmir.
Redaksiyamız bir daha bildirir ki, Pərvaz Kişiyevin peşə fəaliyyətinin qanuniliyinə dair yekun nəticə çıxarmır. Bunun üçün rəsmi sənədlər və səlahiyyətli qurumların açıqlaması lazımdır. Lakin dövlət qurumlarının və tibb müəssisəsinin konkret suallara cavab verməməsi araşdırmanın davam etdirilməsini zəruri edir.
Əsas sual isə hələ də cavabsızdır: Pərvaz Kişiyev hazırda LOR həkimi kimi fəaliyyət göstərirsə, onun bu fəaliyyəti hansı sertifikasiya və hüquqi əsaslarla həyata keçirilir?
Redaksiyamız Səhiyyə Nazirliyindən, TƏBİB-dən və “VIP Milan Hospital”dan bu məsələyə rəsmi aydınlıq gətirməsini gözləyir. Eyni zamanda, adı çəkilən şəxsin mövqeyini dərc etməyə hazırıq.
Araşdırma davam edir.
Davamı var...






















































