İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Qlobal Geosiyasətdə Regional Dönüş Nöqtəsi: 8 Avqust 2025-ci İl Reallıqları
Tarix, bir qayda olaraq, dönüş nöqtələrinin gəlişini əvvəlcədən bəyan etmir. Müasirlər çox vaxt fundamental dəyişikliklərə səbəb olan hadisələri gündəlik xəbər axınının bir hissəsi kimi qəbul edir, yeni bir geosiyasi dövrün başlanğıcına şahidlik etdiklərinin fərqində olmurlar. Yalnız müəyyən zaman kəsiyindən və baş verənlərin təhlilindən sonra aydın olur ki, məhz həmin an dünya keçmişlə gələcək arasında görünməz bir sturuktur sərhədini adlamışdır. Bu konseptual çərçivəyə əsasən, 8 avqust 2025-ci il tarixini beynəlxalq münasibətlər sistemində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı hesab etmək üçün kifayət qədər elmi və analitik əsaslar var.
Son qlobal və regional hadisələri obyektiv və kompleks şəkildə təhlil etdikdə görünür ki, həmin tarixdən etibarən beynəlxalq münasibətlərin, geoiqtisadiyyatın və regional təhlükəsizliyin yeni parametrləri formalaşmağa başlamışdır.
Sözügedən mərhələnin ən mühüm geosiyasi hadisəsi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması oldu. Onilliklər boyu davam edən qarşıdurma, etimadsızlıq və struktur böhranından sonra Cənubi Qafqaz ilk dəfə olaraq münaqişə zonasından sülh, regional inteqrasiya və dayanıqlı inkişaf məkanına çevrilmək üçün real strateji imkan əldə etdi.
Lakin bu hadisənin geostrateji əhəmiyyəti ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş regional müstəvini əhatə edir:
1. Tarixi ədalətin və hüquqi reallığın təntənəsi:
Təxminən otuz il ərzində Qarabağ münaqişəsi beynəlxalq sistemin ən mürəkkəb və həlli müşkül görünən "düyünlərindən" biri hesab olunurdu. Azərbaycanın öz dövlət suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq normaları çərçivəsində tam bərpa etməsi regional güc balansını köklü şəkildə dəyişdi və sülh prosesini nizamlayan yeni reallıqlar yaratdı. Bu xüsusda, 8 avqust tarixi təkcə yeni prosesin başlanğıcı deyil, həm də beynəlxalq hüququn bərqərar olunması yolunun məntiqi və hüquqi yekunudur.
2. Regional Təhlükəsizlik və Strateji Tərəfdaşlıq:
Eyni zamanda, Cənubi Qafqazda beynəlxalq münasibətlərin yeni konyunkturası formalaşdı. Azərbaycan ilə ABŞ arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin qlobal siyasətdəki roluna keyfiyyətcə yeni qiymət verildiyini göstərir. Bu, Azərbaycanın yalnız etibarlı enerji təminatçısı kimi deyil, həm də regional sabitliyin, nəqliyyat-logistika dəhlizlərinin və çoxqütblü əməkdaşlığın əsas təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdi.
3. Geoiqtisadi və Logistik Dönüşüm:
Regionun yeni nəqliyyat xəritəsinin formalaşması xüsusilə qeyd olunmalıdır. Azərbaycanın əsas ərazisini Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhliz sadəcə sıradan bir infrastruktur layihəsi deyil, regionun geoiqtisadi gələcəyini müəyyən edən əsas amildir. Bu marşrut "Orta Dəhliz"in inkişafı fonunda Avrasiya məkanında yükdaşımaların istiqamətini dəyişmək, logistik riskləri azaltmaq və Cənubi Qafqazın tranzit əhəmiyyətini dəfələrlə artırmaq gücünə malikdir.
Tarixə nəzər saldıqda görürük ki, ticarət və nəqliyyat marşrutları həmişə sivilizasiyaların və dövlətlərin taleyini müəyyən edən əsas amillərdən olub. Böyük İpək Yolu, Süveyş və ya Panama kanalları kimi, bu gün də Cənubi Qafqazın mərkəzində durduğu yeni Avrasiya nəqliyyat-logistika oxu təşəkkül tapmaqdadır.
Bu proseslər həm də beynəlxalq münasibətlər sisteminin transformasiyasını əks etdirir. Müasir dövrdə qlobal güclərin monopoliyasına söykənən birtərəfli və ya ikitərəfli hegemonluq modeli trendi zəifləyir. Bunun əvəzinə, müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət aparan, regional maraqları uzlaşdıran və konfrontasiya deyil, əməkdaşlıq platformaları təklif edən orta güclərin rolu artır. Azərbaycanın beynəlxalq nüfuzunun artması da məhz bu praqmatik xarici siyasət kursunun nəticəsidir.
Şübhəsiz ki, tarixi hadisələrə yekun qiymət vermək üçün zaman lazımdır. Lakin hadisələrin gedişatı göstərir ki, əldə olunmuş razılaşmalar tam icra edildikdə və nəqliyyat-kommunikasiya xətləri fəaliyyətə başladıqda, gələcəyin tarixçiləri bu dövrü sadəcə növbəti diplomatiya addımı kimi deyil, Cənubi Qafqazın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu an kimi qiymətləndirəcəklər. 8 Avqust 2025-ci il tarixi regionumuzun yeni geosiyasi simasını müəyyən edən gün kimi tarixdə qalacaq. Çünki böyük tarixi mərhələlər sözlərlə deyil, tarixin gedişatını kökündən dəyişən qətiyyətli qərarlarla yazılır.
Səməd Seyidov
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Azərbaycan–Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri .
AŞPA-nın vitse-prezidenti






















































