Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
24-09-2026, 12:53

Xəzərdə zəlzələ oldu

26 Sentyabr 2026 14:32Manşet / Gündəm / Sosial

İsmayıllıda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

 

25 sentyabr 2026-cı il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisələrin rəhbərləri, əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçiriblər.

Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən şəhid polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad Tağıyev 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən və şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan söz açıb. O, şəhidlərin xatirəsinin daim uca tutulmasının və onların keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi şücaət və qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov da çıxışında Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi fədakarlıqdan danışıb, şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini vurğulayıb.

Tədbirin bədii hissəsində İsmayıllı rayon Xalq Teatrının hazırladığı “Əmanət” adlı bədii kompozisiya təqdim olunub.

Bədii kompozisiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması və bu Zəfərin əldə edilməsində şəhidlərimizin qəhrəmanlığı əks olunub.

Tədbir iştirakçıları tərəfindən “Əmanət” bədii kompozisiyası böyük maraqla qarşılanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

http://ismayilli-ih.gov.az/az/news/ismayillida748-27-sentyabr-anim-gunune-hesr-olunmus-tedbir-kecirilib.html