“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
Xusisi Təyinatlı Qüvvələrinin baş giziri. Tarıx yazan qəhrəman, kəşfiyyatçı, Sərdar oğlu Şərafəddin ( kod adı Xanış) Xankişiyev.
2022-ci ildə baş vermiş 4 günlük “Sarsıdıcı Zərbə” əməliyyatından əvvəlki və sonrakı dövr haqqında qısa və real döyüşlərdən yaddaşda həkk olunan məlumat.
Artıq Azərbaycan Ordusunun XTQ-lərin sıralarında uzun illər idi xidmət edirdim, peşəkar döyüş görmüş əsgərə çevrilmişdik. 2012-ci ildən etibarən həyatımızın böyük hissəsi döyüş tapşırıqları, hərbi təlimlər və müharibələrdə keçmişdi. 2012–2016-cı illər ərzində düşmən arxasında 7-8 dəfə düşmən arxasında xüsusi döyüş tapşırığı yerinə yetirmişdim.
2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin 44 günlük Vətən müharibəsini tam şəkildə yaşamış, 2021-ci ildə isə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin bərpası işlərində 60 gün iştirak etmişdim.
Uzun illər ərzində qazandığımız təcrübə göstərirdi ki, müharibədən əvvəl keçirilən hazırlıq və təlimlər bəzən müharibənin özündən də ağır olur. Bu illər ərzində topladığımız təcrübə bizi peşəkar, dözümlü və hər an döyüşə hazır olan hərbçilərə çevirmişdi. Hər birimiz istənilən vaxt döyüş əmrini gözləyir və ön sırada vuruşmağa hazır vəziyyətdə xidmət edirdik.
2021-ci ildə Kəlbəcər sərhədlərinin bərpası işləri başa çatdıqdan sonra xidmət etdiyim XTQ-lərin daxilində Tank əleyhinə batareya yaradıldı. Yeni formalaşdırılan bölmənin şəxsi heyətinin böyük əksəriyyətini gənc hərbi qulluqçular təşkil edirdi. Döyüş təcrübəsinə malik hərbçilər isə az idi.
Bu səbəbdən bölmənin qısa müddətdə döyüş hazırlığının yüksəldilməsi üçün ciddi və sistemli təlim proqramına ehtiyac var idi. Rəhbərlik mənim əvvəlki döyüş təcrübəmi, xidmət fəaliyyətimi və hazırlıq səviyyəmi nəzərə alaraq məni həmin yeni yaradılmış (TƏB) bölməyə təyin etdilər. Qarşıya qoyulan əsas məqsəd qısa müddətdə bölmənin döyüş qabiliyyətini artırmaq, şəxsi heyəti döyüş tapşırıqlarına tam hazır vəziyyətə gətirmək idi.
Mən də 18 illik xidmət və döyüş təcrübəmə əsaslanaraq bütün bilik və bacarığımı bu işə sərf etdim. Şəxsi heyətin həm fiziki hazırlığını, həm praktiki vərdişlərini, həm də nəzəri biliklərini artırmaq üçün intensiv məşğələlər təşkil edirdim. Bir il ərzində bölməni döyüşə hazır və yüksək hazırlıqlı bir bölmə səviyyəsinə çatdırmağa nail olduq. Bu işdə uzun illər birlikdə xidmət etdiyim təcrübəli hərbçi yoldaşlarım da mənə böyük dəstək göstərdilər.
Bundan əlavə, müxtəlif hərbi hissələrə ezam olunduğumuz zaman digər bölmələrin şəxsi heyəti üçün də praktiki və nəzəri dərslər keçirdim. Tank əleyhinə batareyanın əsas silahı olan "Faqot" komplekslərindən istifadə qaydalarını, düşmən texnikasının həm hərəkətdə, həm də dayanmış vəziyyətdə məhv edilməsini öyrədirdim. Eyni zamanda əlbəyaxa döyüş, topoqrafiya hazırlığı, tibbi hazırlıq, dağ maneələrinin aşılması, istehkam hazırlığı, kəşfiyyat hazırlığı, amfibiya hazırlığı, dağ çaylarının keçilməsi və müxtəlif ağır silahlardan istifadə üzrə praktiki və nəzəri məşğələlər, atış hazırlığı aparırdım.
Çünki bütün bu hazırlıqları 18 illik xidmətim ərzində öyrənmiş və tətbiq etmiş təcrübəli döyüşçü idim.
Nəhayət, gözlədiyimiz an yetişdi. Məlumat daxil oldu ki, düşmən yenidən öz təxribatçı, çirkin əməllərinə əl ataraq Kəlbəcər istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır. Dərhal həmin bölgəyə hərəkət edərək mövqeləndik və düşərgə qurduq.
Bir müddət sonra bölmə komandirimiz Anar Daşdəmirov şəxsi heyəti toplayaraq bildirdi ki, el arasında hər kəsin tanıdığı əfsanəvi tabor artıq ön xəttə doğru irəliləyir və təxribatın qarşısını almaq üçün fəaliyyətə başlayır. Bizim bölmədən də tank əleyhinə qurğular və raketlərlə təchiz olunmuş bir heyət həmin taborun tərkibinə göndərilməlidir.
Yeni yaradılmış bölmənin şəxsi heyətinin əksəriyyətinin gənc olduğunu nəzərə alıb düşündüm ki, bir il əvvəl, 2021-ci ildə həmin əfsanəvi taborla birlikdə Kəlbəcərdə sərhədlərin bərpası əməliyyatlarında təxminən 60 gün iştirak etmişdim. Bilirdim ki, o bölmə döyüşün ən qızğın yerində döyüşəcək. Heç tərəddüd etmədən irəli çıxaraq bildirdim ki, öz heyətimlə birlikdə döyüş tapşırığını yerinə yetirməyə hazıram.
Bu addımımı görən bölməmizin komandiri Anar Daşdəmirov mənə yaxınlaşaraq: “Əhsən sənə, Xankişiyev!” dedi və alnımdan öpdü.
Dərhal döyüş heyətimi, silah-sursatımızı və raketlərimizi götürərək əfsanəvi taborun tərkibinə qoşuldum. Düzünü desəm, əfsanəvi tabor komandiri mayor Rasim Allahyarov məni görən kimi səmimi şəkildə qarşıladı və: “Xankişiyev, xoş gəlmisən, qardaş!” dedi.
Onlarla birlikdə düşmənin təxribat törətməyə çalışdığı istiqamətə, Kəlbəcər rayonunun Göyçə gölünə yaxın olan ərazisinə hərəkət etdik. Mövqelərimizi tutduqdan və ərazini ümumi qiymətləndirdikdən sonra məlum oldu ki, düşmən əvvəlcədən planlaşdırdığı təxribat vasitəsilə Kəlbəcər istiqamətində daha genişmiqyaslı hücum əməliyyatına başlamağa hazırlaşırmış.
Artilleriya mərmilərinin atışı ilk olaraq düşmən tərəfindən başladı. Dəqiqədə 20-30 mərmi yan-yörəmizə düşürdü. Artilleriya mərmilərindən qorunmaq üçün səngərlərə sığınıb gizlənirdik. Düşmən mövqeyi bizdən 50 metr məsafədə yerləşirdi. İki saat artilleriya atəşindən sonra döyüş qruplarımız düşmən mövqeyini ələ keçirmək üçün hərəkətə başladı. Düşmən əsgərləri buna imkan verməyərək üzərimizə atıcı silahlardan atəş açırdılar.
Bu zaman dərhal AQS-30 qumbaraatanını işə salıb 30 ədəd qumbaranı düşmən mövqeyinə endirdim. Düşmən mövqeyində olan atış gücü zəiflədi, döyüş qrupumuz düşmən postunu ələ keçirdi, bir çoxlarını zərərsizləşdirdi, bəziləri isə baş götürüb qaçdı. Artıq postlar əlimizə keçmişdi. Döyüş qruplarımız daha da irəliyə doğru irəliləyirdi. Atışmalar dayanmaq bilmirdi, artilleriya mərmilərinin ardı-arası kəsilmirdi.
Səhərisi gün düşmənin bizdən 1000 metr məsafədə yerləşən postundan şübhələnərək 4 saat fasiləsiz uzaqgörmə cihazı ilə onu müşahidə altında saxladım. Həmin mövqedə hərəkətlilik aşkar edib iriçaplı silahlarla posta atəş açmağa başladım.
5 dəqiqə ara verdikdən sonra 8 düşmən əsgəri əllərinə ağ mələfə qaldıraraq təslim olmaq üçün bir cərgədə düzüldülər. Lakin onların bizi aldadıb qaçmaq istədiklərini hiss edirdim. Əsir götürmə qrupu onlara yaxınlaşan kimi qaçmağa başladılar. Qaçdıqca mən də iriçaplı silahlardan atəş açırdım. Beləliklə, hamısı zərərsizləşdirildi.
Az keçmədi ki, 1500 metr məsafədə olan başqa bir ərazi diqqətimi çəkdi və məndə şübhə yaratdı. Ərazini diqqətlə analiz edib gördüm ki, 3 ədəd Ural markalı avtomobil və 1 ədəd radio-elektron mübarizə ("Jitel") texnikası (dövlət dəyəri 10 milyon dollar) maskalanmış vəziyyətdə gizlədilib. Onların yan-yörəsində də düşmən əsgərlərinin hərəkətliliyi aşkar etdim.
Dərhal bölmə komandirinə məruzə etdim. Bölmə komandiri də vəziyyəti analiz edib məni təsdiqlədi və: “Xankişiyev, məhv et!” əmri verdi.
İgid və cəsur əsgərim Mehman Əliyev dərhal raketi "Faqot" qurğusuna yükləyərək: “Komandir, hazırdır!” dedi. Dəqiq nişan alıb atəş etdim. Birinci atışımla "Jitel" radio-elektron mübarizə və kəşfiyyat texnikasını məhv etdim.
Digər texnikalara isə postumda olan ağır silahlardan yandırıcı mərmilərlə atəş açaraq bütün ərazini alova bürüdüm.
Texnikalarda olan silah-sursat partlayaraq ətrafa yayılırdı. Təxminən 15 saat həmin ərazidə raket başlıqları partlayaraq ətrafa səpələnirdi. Sanki göydən düşmənin başına alov tökülürdü.
Düşmən mövqelərindən əsgərlər üç-üç, dörd-dörd qaçaraq canlarını qurtarmağa çalışırdılar. Düşmən əsgərləri qaçdıqca mən də onlara AQS-30 qumbaraatanından atəş açırdım. Beləliklə, düşmənin həmin ərazidə çox sayda canlı qüvvəsini, texnikalarını, 100 hektara yaxın sahələrini və döyüş mövqelərini tamamilə yandırıb zərərsizləşdirə bildim. Bu döyüşdə də bizi həmişə qoruyan İlahinin köməyi, Allahın köməyi olub. İsti külək biz tərəfdən onların tərəfinə əsirdi, bu da düşmən tərəfinin güclü alışıb yanmasına səbəb olurdu.
Üç gecə, dörd gündüz atışmalar davam etdi. Döyüşün son dəqiqələrində yaxın ətrafıma, təxminən 8-10-15 metr məsafəmizə 4 ədəd 120 mm-lik artilleriya mərmisi düşdü. Əsgərlərimi əvvəlcədən blindajda, təhlükəsiz yerdə yerləşdirmişdim. Amma yaxın məsafəmdə olan əsgərim Əliyev Mehman, daha da yaxınımda olan əziz döyüşçü dostum Quliyev Famil güclü zədə aldıq.
Yanıma düşən artilleriya mərmisinin partlayışı məni və döyüşcü yoldaşım Quliyev Familı havaya qaldırıb yerə çırpdı.
Familin üz nahiyəsindən xəsarət aldı, mənim isə belimdə 6 mm yırtıq yaranmışdı. Allah bizi yenidən həyata qaytardı.
Belə müharibələrdə həmişə döş cibimdə kiçik ölçülü Qurani-Kərim gəzdirirdim. Üç gecə, dörd gündüz davam edən döyüşdən sonra atəşkəs elan edildi. Onda ayıldım ki, bu dörd gün ərzində bir tikə qida belə yeməmiş, istirahət etməmiş, yuxuya getməmişik. İlahi tərəfindən bizə verilən güclə ayaq üstə dayanmışdıq.
Bu döyüşdə məhv etdiyim 1 ədəd radio-elektron mübarizə texnikası, 3 ədəd Ural markalı avtomobil və düşmənin çoxsaylı canlı qüvvəsini vurduğum ziyan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənərək xəbərlərdə elan edilib və təsdiqləndi.
Düzdür, bizim yeni yaradılmış TƏB-də bu müharibə zamanı şəhidimiz olmadı. Lakin digər bölmələrdə mənim ən əziz qardaşlarım, “can” deyib “can” eşitdiyim silahdaşlarım – Elnur, Ziyarət, Nəzər, Firuz, Yunis, Yusif, Xəyal, Vadim və Elnur Səmədov şəhidlik zirvəsinə ucalaraq Haqq dünyasına qovuşdular. Onların itkisi bizim üçün çox ağır oldu və xatirələri hər zaman qəlbimizdə yaşayacaq.
Bu "Sarsıdıcı Zərbə" müharibəsi mənim üçün böyük təcrübə oldu. Məhz bu təcrübələrin nəticəsindən 2023-cü il antiterror əməliyyatlarında da aktiv döyüşçü kimi iştirak etdim.
Hər müharibənin, hər döyüş tapşırığının özünəməxsus təcrübəsi olur. Mənim üçün də "Sarsıdıcı Zərbə" döyüşü böyük məktəb oldu. Bu əməliyyat zamanı çox döyüş təcrübə qazandım. Lakin buna baxmayaraq Vətənimizin torpaqları hələ tam azad edilməmişdi. Bəzi rayonlarımız düşmən işğalı altında qalırdı və bu fikir bizə rahatlıq vermirdi.
Məhz buna görə də şəxsi heyətin tam döyüş hazırlığında saxlanılması, onların güclü təlimlərdən keçirilməsi və ən yüksək səviyyədə hazırlanması mənim üzərimə düşən ən məsuliyyətli vəzifələrdən biri idi. Ən yaxşısını etməyə çalışırdım, gecə-gündüz şəxsi heyətlə döyüş hazırlığı keçirirdim. Artıq özüm də səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyir, Allaha dua edirdik ki, o gün tez yetişsin və biz Vətənimizin qalan hissəsini də işğaldan azad edək.
Nəhayət, 2023-cü ildə antiterror əməliyyatının başlanması barədə əmr verildi. Xalq sülh istəsədə, lakin biz hərbçilər vicdanımız qarşısında borcumuzu yerinə yetirmək, torpaqlarımızı tam azad etmək istəyirdik. Çünki 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazansaq da, bəzi ərazilərimiz hələ də düşmənin nəzarəti altında idi.
Əmr verilən kimi bölmə Komandirimlə birlikdə ağır silahları, tank əleyhinə vasitələri və digər döyüş sursatlarını Şuşa istiqamətinə çatdırdıq. Hərbi hissəmizin yüksək rütbəli zabiti bu silah və raket başlıqlarını iki dəfə ön cəbhəyə aparmağa cəhd etsələr də, Rus sülhməramlı qüvvələri buna mane olaraq geri qaytarmışdı.
Daha sonra yüzlərlə raket, döyüş sursatı və qurğuların ön cəbhəyə çatdırılması mənə həvalə olundu. Tapşırığın icrası zamanı silah-sursatın arasında dörd nəfər XTQ lərin döyüşçüsünü də gizlədərək Rus sülhməramlılarının nəzarətindən keçirib təhlükəsiz şəkildə ön cəbhəyə çatdırdım. Polkovnik İdris İsayev bu işdə mənə böyük dəstək göstərdi və birlikdə həmin silah-sursatı lazım olan döyüş bölmələrinə yerləşdirdik. Həmin raketlər və tank əleyhinə vasitələr əməliyyatın uğuru üçün mühüm əhəmiyyət daşıyırdı. Mənə etibar edilən bu tapşırığı uğurla yerinə yetirdim.
Ertəsi gün, antiterror əməliyyatına yeddi gün qalmış, bölmə komandirindən yeni döyüş tapşırığı aldım. Tapşırığa əsasən, Xankəndi–Xəlifəli yolu istiqamətində düşmənin gizli postlarının olduğu ehtimal edilir. Məqsədimiz həmin əraziyə gizli şəkildə sızaraq düşmən postlarını aşkar etmək, koordinatlarını müəyyənləşdirib bölməmizə ötürmək idi. Bu kəşfiyyat tapşırığında mənimlə birlikdə polkovnik İdris İsayev də iştirak edirdi.
Antiterror əməliyyatından yeddi gün əvvəl düşmənin nəzarətində olan Xankəndi istiqamətinə uğurla sızdıq. Bu tapşırıq böyük məsuliyyət, yüksək peşəkarlıq və soyuqqanlılıq tələb edirdi. Hər an düşmən tərəfindən aşkar edilib və əsir düşə bilərdik. Biz yaxşı bilirdik ki, 32 il dən sonra həmin əraziyə ayaq basan ilk Azərbaycanın kəşfiyyatçılarıyık .
Yeddi gün ərzində düşmənin 10 postu, hər postda birində təxminən 10–12 nəfər şəxsi heyət aşkar edərək koordinatlarını öz bölməmizə ötürdüm. Antiterror əməliyyatının ilk dəqiqələrində artilleriya bölmələrimiz həmin koordinatlar üzrə dəqiq zərbələr endirərək düşmənin həmin postlarını məhv etdi.
Daha sonra Xankəndi dağlarında Xocalı istiqamətinə hücum zamanı Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsinə dəstək verərək düşmənin möhkəmləndirilmiş postlarından birini şəxsi silahım Təyirnın məhv etməyi bacardım.
Beləliklə, cəmi 24 saat davam edən antiterror əməliyyatının sonunda düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz isə qələbəmizi elan etdik. Bu qələbənin sevinci əvvəlki qələbədən daha fərqli idi. Çünki artıq Azərbaycanın bütün ərazisi tam şəkildə dövlətimizin nəzarəti altına qayıtmış, Vətənimizin ərazi bütövlüyü tam bərpa olunmuşdu.






















































