Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 16:17

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 15:10

Pərviz Şahbazova ağır itki

Tapdıq Əlibəyli  - 65
29-06-2026, 12:13

Tapdıq Əlibəyli - 65

01 İyul 2026 22:03Manşet / Gündəm / Sosial

Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...

 

Onlayn mediaya dəstək müsabiqəsinin nəticələri açıqlandıqdan sonra həm jurnalist, həm də ömrünün böyük hissəsini Azərbaycan mediasına həsr etmiş bir insan kimi dərin təəssüf hissi keçirdim. Məsələ təkcə bir müsabiqədə qalib gəlmək deyil. Məsələ illərin zəhmətinin, peşəkarlığın və dövlətçilik naminə görülən fədakar fəaliyyətin hansı meyarlarla qiymətləndirilməsidir.

Otuz ildən artıq jurnalist fəaliyyəti, iyirmi ilə yaxındır qanunvericiliyin bütün tələblərinə uyğun, fasiləsiz fəaliyyət göstərən, MEDİA Reyestrində qeydiyyatdan keçmiş Zekainfo.az informasiya portalının bu siyahıda yer almaması məni dərindən incitdi. Bu illər ərzində nə şəxsi maraq güddüm, nə də gördüyüm işlərin qarşılığında xüsusi imtiyaz gözlədim. Mənim üçün ən böyük mükafat xalqıma və dövlətimə vicdanla xidmət etmək olub.

Qarabağlı jurnalist kimi uzun illər Qarabağ həqiqətlərinin dünyanın kar olmuş qulaqlarına çatdırılması istiqamətində yorulmadan çalışmışam. Milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin və dövlətçilik maraqlarımızın təbliği mənim jurnalist fəaliyyətimin əsas xəttini təşkil edib. Bu fəaliyyət cənab Prezident İlham Əliyevin də daim xüsusi diqqət yetirdiyi istiqamətlərdən biridir. Məhz buna görə də belə bir nəticə təkcə bir media qurumunun deyil, uzun illər formalaşmış peşəkar əməyin kölgədə qalması təsiri bağışladı.

Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də media dəstəyi müsabiqələrinin nəticələrinə ictimai etimadın hansı səviyyədə təmin olunmasıdır. Vaxtilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətində yol verilmiş qanun pozuntuları hüquqi qiymətini aldı, məsul şəxslər qanun qarşısında cavab verdi. Lakin diqqət çəkən məqam odur ki, həmin dövrdə dövlət maliyyəsi hesabına dəstək almış media subyektlərinin böyük əksəriyyəti bu gün də, demək olar ki, eyni ardıcıllıqla qaliblər sırasında yer alır. Bu mənzərə istər-istəməz cəmiyyətdə müsabiqələrin həqiqətən bərabər rəqabət və obyektiv qiymətləndirmə prinsipləri əsasında keçirilib-keçirilməməsi ilə bağlı ciddi suallar yaradır.

Dövlət vəsaiti hesabına həyata keçirilən hər bir müsabiqə yalnız qanunauyğun deyil, həm də cəmiyyət üçün şəffaf, əsaslandırılmış və ictimai etimadı tam təmin edən mexanizmlərlə idarə olunmalıdır. Əks halda, uzun illər dövlətçilik mövqeyindən çıxış edən, qanunvericiliyin bütün tələblərinə əməl edən və peşəkar fəaliyyət göstərən media qurumlarında haqlı narazılıq formalaşır ki, bu da dövlətin həyata keçirdiyi media siyasətinin mahiyyətinə kölgə sala bilər. Məhz buna görə hesab edirəm ki, bu məsələnin aidiyyəti dövlət qurumları tərəfindən prinsipial şəkildə araşdırılması, qiymətləndirmə meyarlarının tam şəffaflaşdırılması və ictimai etimadı gücləndirəcək mexanizmlərin təkmilləşdirilməsi artıq təkcə media ictimaiyyətinin deyil, dövlət idarəçiliyinin nüfuzu baxımından da mühüm əhəmiyyət kəsb edir.

Hörmətli cənab Hikmət Hacıyev!

Sizə böyük hörmətlə müraciət edərək xahiş edirəm ki, gələcək müsabiqələrdə uzun illər dövlət maraqlarına sədaqətlə xidmət etmiş, peşəkarlığını əməli fəaliyyəti ilə təsdiqləmiş media qurumlarının fəaliyyəti daha həssas və obyektiv şəkildə qiymətləndirilsin. Çünki media sahəsində etimadı möhkəmləndirən əsas amillərdən biri şəffaflıq və ədalət prinsipidir.

Bu yazını hansısa təmənna ilə qələmə almıram. İllərlə vicdanla çalışmış bir jurnalist kimi mənə ən çox toxunan məqam zəhmətin görünməz qalması, peşəkarlığın lazımi qiymətini almaması oldu. Ədalətli qiymətləndirmə təkcə bir media qurumuna deyil, bütövlükdə Azərbaycan jurnalistikasına verilən dəyərin göstəricisidir.

Ümid edirəm ki, gələcək müsabiqələrdə bu kimi məqamlar nəzərə alınacaq, illərlə dövlətçiliyə xidmət etmiş media qurumlarının əməyi layiq olduğu dəyəri alacaq və heç bir peşəkar jurnalist öz zəhmətinin kölgədə qaldığını hiss etməyəcək.

 

Hörmətlə,

Cəmilə ÇİÇƏK (İsbəndiyarova)
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi və sədri,
Zekainfo.az informasiya portalının təsisçisi və baş redaktoru, 
"Milli Zəka" beynəlxalq elmi-ədəbi, ictimai-siyasi jurnalının təsisçisi və baş redaktoru, 
Prezident təqaüdçüsü
AYB və AJB-nin üzvü, 
Azərbaycan mətbuatının 150 illiyi yubiley medalı ilə təltif olunmuş jurnalist