Menu
Xəbər Lenti
11 Fevral 2026 09:28Manşet / Gündəm

Azərbaycanda məhkəmə-hüquq islahatları: şəffaflıq və obyektivlik prinsipləri gücləndirilir

 

ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri,

beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru

İsmayıl Zalovun mövqeyi

 

Azərbaycan Respublikasında son illər məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar ölkəmizdə hüququn aliliyinin təmin olunması, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm mərhələ təşkil edir. Dövlətimizin siyasi iradəsi nəticəsində məhkəmə sistemində şəffaflığın artırılması, obyektivliyin təmin edilməsi və ictimai etimadın gücləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər görülmüşdür.


Şəffaflıq müasir hüquqi dövlətin əsas prinsiplərindən biridir. Məhkəmə icraatlarının açıq keçirilməsi, qərarların əsaslandırılmış və ictimaiyyət üçün əlçatan formada təqdim edilməsi, elektron məhkəmə sisteminin tətbiqi və rəqəmsallaşma prosesinin genişləndirilməsi Azərbaycan məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişaf etdiyini göstərir. Bu gün vətəndaşlar elektron platformalar vasitəsilə məhkəmə proseslərini izləyə, işlərinin gedişatı barədə operativ məlumat əldə edə bilirlər. Bu isə həm korrupsiya risklərini minimuma endirir, həm də cəmiyyətin məhkəmə hakimiyyətinə inamını artırır.


Obyektivlik isə ədalət mühakiməsinin təməl sütunudur. Hakimlərin qərar qəbul edərkən yalnız qanuna və hüquqi vicdana əsaslanması, hər hansı təsirdən və ya müdaxilədən uzaq olması hüquqi dövlətin əsas şərtidir. Azərbaycanda hakimlərin seçimi, təyinatı və qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi bu obyektivliyin təmin olunmasına xidmət edir. Hakimlərin peşəkar hazırlığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və etik davranış qaydalarına ciddi riayət olunması məhkəmə sistemində keyfiyyət göstəricilərini yüksəldir.


Bu kontekstdə Suraxanı Rayon Məhkəməsinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhkəmənin sədri Rasim Kazımovun rəhbərliyi altında həyata keçirilən təşkilati işlər, proseslərin operativ və qanun çərçivəsində aparılması, vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşma məhkəmənin nüfuzunu daha da artırmışdır. İdarəçilikdə intizam, prosedur qaydalarına ciddi əməl olunması və tərəflərə bərabər münasibətin təmin edilməsi ədalətli məhkəmə araşdırmasının əsas şərtlərindəndir.


Rasim Kazımovun rəhbərlik etdiyi Suraxanı Rayon Məhkəməsində iş bölgüsünün səmərəli təşkili, məhkəmə iclaslarının vaxtında keçirilməsi və qərarların hüquqi əsaslandırmasının yüksək səviyyədə hazırlanması müsbət göstəricilər sırasındadır. Məhkəmə proseslərində tərəflərin hüquqlarının qorunması, müdafiə hüququnun tam təmin edilməsi və prosessual normalara riayət olunması obyektivliyin real təzahürüdür.


Azərbaycan məhkəmə sistemində formalaşan yeni yanaşma – vətəndaş məmnunluğuna yönəlmiş ədalət modeli – hüquqi dövlət quruculuğunun mühüm elementidir. Dövlətimizin həyata keçirdiyi hüquqi islahatlar nəticəsində məhkəmələr yalnız qərar çıxaran orqan deyil, həm də hüquqi sabitliyin və sosial ədalətin təminatçısına çevrilmişdir. Bu isə cəmiyyətin inkişafına, investisiya mühitinin yaxşılaşmasına və beynəlxalq hüquqi imicin möhkəmlənməsinə birbaşa təsir göstərir.


Beynəlxalq hüquq müstəvisində də Azərbaycanın məhkəmə-hüquq sistemi müsbət dinamika nümayiş etdirir. İnsan hüquq və azadlıqlarının qorunması, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi və məhkəmə qərarlarının icrasına nəzarətin gücləndirilməsi ölkəmizin beynəlxalq öhdəliklərinə sadiqliyinin göstəricisidir.